Məhkəmə qərarları › İş №2-1(112)-615/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-615/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-615/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə 24 dekabr 2020-ci ildə şəxsi hesab vərəqəsinə hesabladığı 514573.00 manat vergi öhdəliyinin ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul eilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun şəxsi hesab vərəqəsinə 19 yanvar 2021-ci il tarixinə 514573 manat məbləğində vergi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qoyulmuşdur. Sözügedən idarə tərəfindən 25 dekabr 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişlə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Buna müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun (VÖEN **********) “Kapitalbank" ASC-də olan AZ62AİİB******************** hesabına 05 yanvar 2021-ci il tarixində sərəncam qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərini orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidənhesabla uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsində göstərilmişdir ki, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; vergi yoxlaması materiallarına; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Vergi Məcəlləsində vergilərin müəyyən edilməsinin əsas şərtləri müəyyən edilmiş və aşağıda göstərilən kimidir: vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergi tutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Vergi orqanı tərəfindən hesablanmış 514573.00 manat vergi məbləğinin vergitutma obyekti , vergitutma bazası və vergi dərəcəsi mövcud deyil. Ona görə də hesablanmış 514573.00 manat vergi məbləği Məcəlləninin 12-ci maddəsində nəzərdə tutulmuş vergilərin müəyyən edilmə tələblərinə cavab vermir. Göstərilən vergi öhdəliyinin hansı vergi növünə aid olması və həmçinin həmin öhdəliyin vergi ödəyicisi və ya vergi orqanı tərəfindən hesablanmasını müəyyən etmək mümkün deyil. Hesab etsək ki, cavabdeh orqan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(085)- 207/2019 saylı qərarını rəhbət tutaraq həmin vergi öhdəliyini hesablamışdır. Lakin, bu özlüyündə tamamilə iddiaçının hüquqlarının və hüquqi müəyyənlik prinsipinin tələblərinin pozulmasıdır. Belə ki, Sumqayıt İnzibati-lqtisad Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2- 1 (085)207/2019 saylı qərarına əsasən məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə əksini tapan 514573 manat vergi borcunun Cəmiyyətin şəxsi hesab vərəqəsində silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 1 (060)-17/2016 nömrəli hökmündə göstərilmişdir ki, “ iş üzrə mülki iddia təmin edilsin və mülki iddia üzrə 514573 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilsin”. Sözügedən məhkəmə hökmünün icrası ilə əlaqədar 23 dekabr 2016-cı ildə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb 0041/A nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır. Əvvəla, sözügedən məbləğin mənbəyinə dair bildirmək istəyirik ki, bu məbləğ "xxxx" MMC-nin “Zaminbank “ASC-də mövcud olan hesabındakı vəsaitdir. Belə ki, “Zaminbank" ASC-də iflas proseduruna başlanıldıqdan sonra nümayəndəsi Nizami Gözəlov ərizə ilə müraciət edərək "xxxx" ASC-nin MMC qarşısında olan 583648,61 manat məbləğində borc öhdəliyinin kreditor tələbi kimi qeydə alınmasını xahiş etmişdir. Bununla əlaqədar 22 noyabr 2016-ci il tarixində həmin məbləğ 0219 nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Həmin Qanunun 77-ci maddəsində göstərilmişdir ki, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Göründüyü kimi, məhkəmə hökmü ilə müəyyən edilmiş məbləğ "xxxx" ASC-yə hesablanmış vergi borcu deyil, bu "xxxx" MMC-nin dövlət büdcəsi üçün vergi borcunun ödənilməsi ilə bağlı təqdim etdiyi vəsaitdir. Belə ki, bu məbləğ "xxxx" MMCyə münasibətdə vergi öhdəliyi olsa da, ləğv prosesində olan "xxxx" ASC-yə münasibətdə kreditor tələbidir. Odur ki, cavabdeh orqanın müəyyən etdiyi kimi hər hansı vergi öhdəliyindən danışmaq əsassızdır. Digər tərəfdən “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Həmçinin “Banklar haqqında" Qanunun 71-ci maddəsində ləğvedicinin səlahiyyətləri, vəzifələri və məqsədi sadalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır..” “Banklar haqqında” Qanun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4cü maddəsində göstərilmişdir ki, ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.“Banklar haqqında” Qanunun 72-ci maddəsində göstərilmişdir ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Maraqlıdır ki, cavabdeh orqan Əmanətlərin Sığortalanması Fondunun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Əmanətlərin Sığortalanması Fondu(sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd etmişdir. Sözügedən məhkəmə qərarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması prinsipi dövlətin əsaslarından biri kimi çıxış edir. Bu baxımdan Fondun fəaliyyəti məhz bank sisteminə etibar olunan əmanətlər üzrə əmanətçilərin mülkiyyət hüquqlarının qorunmasına və bank risklərinə mümkün qədər az məruz qalmalarına xidmət edir. Vergi orqanı qanunu pozaraq Əmanətlərin Sığortalanması Fonduna vergi öhdəliyinin müəyyən etməsi həmin orqanının özünün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərarında verdiyi izahatda öz əksini tapır. Belə ki, həmin qərarın 8-ci səhifəsinin ikinci abzasında göstərilmişdir ki, “ Qeyd edilən vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməməsini bu borcun "xxxx" ASC-yə, yaxud Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fonduna aid edilməli olduğuna aydınlıq gətirə bilməmələri ilə izah edirlər”. Digər tərəfdən həmin qərarın 5-ci səhifəsinin 7-ci abzasında göstərilmişdir ki, “ vergi ödəyicisi tərəfindən məhkəmə qərarının izah edilməsi üçün müvafiq icra qurumuna müraciət edilmiş və Azərbaycan Respublikası Sumqayıt Şəhər Məhkəməsinin izah xarakterli 08 avqust 2018-ci il tarixli S-1 nömrəli məktubu ilə izah verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin izah xarakterli məktubunda cəmiyyətin vergi borcunun silinməli olduğu birbaşa qeyd olunsa da yə, yaxud Azərbaycan Respublikasının Əmanətlərin edilməli olduğu məsələsinə aydınlıq gətirilməmişdir. Göründüyü kimi, nə vergi orqanı, nə də məhkəmə sözügedən öhdəliyin kimə aid olmasını müəyyənləşdirilə bilməmişdir. Buna baxmayaraq hazırkı iş üzrə cavabdeh olan orqan daha da irəli gedərək heç bir əsas olmadan, əvvəllər müəyyən etməkdə çətinlik çəkdiyi halda öhdəliyin Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qərarına gəlmişdir. Bu da, şübhəsiz ki, qanunsuz və əsassızdır. Beləliklə, ləğv prosesində olan "Zaminbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Əmanətlərin Sığortalanması Fondu faktiki ayrı-ayrı hüquqi şəxslərdir, öz əmlaklarına malikdir. Belə ki, hər iki hüquqi şəxs ayrıca vergi ödəyicisidir. Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv prosesində olan "xxxx" ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi qeydiyyata alınmışdır. Buradan da görünür ki, hər iki hüquqi şəxs ayrılıqda vergi ödəyiciləridir və onların öhdəliklərini eyniləşdirmək qeyri-mümkündür. Azərbaycan Respublikası Konsitutsiyasının 73-cü maddəsinin İİ bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Ona görə vergi orqanının qanunsuz hesabladığı vergi öhdəliyi Konsitutsiyanın tələbləri pozmaqla hazırlanmışdır. Vegi Məcəlləsinin 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara öhdəliyin icrası haqqında iddiadır. Bu Məcəllənin 34-cü maddəsində öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Həmin Məcəllənin 35.1-ci maddəsində bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələnd öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilən kimi vergi orqanı tərəfindən hesablanmış vergi öhdəliyi qanunvericiliyin tələblərinin pozulması ilə hazırlandığı üçün iddia ərizəsinin məhkəmə qaydasında mübahisələndirməsi mümkün haldır. Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin mahiyyəti ilə bağlı bildirirlər ki, "xxxx" MMCnin (VÖEN: **********) ləğv edilmiş 2 saylı Ərazi Vergilər Depatamentinə qarşı cəmiyyətin şəxsi hesab vərəqəsində məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə öz əksini tapan 514573,0 manat vergi borcu ilə bağlı məhkəmə qərarının icra olunaraq əsassız borc qismində silinməsi barədə” iddia ərizəsinin surəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (085)-207/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1 (105)-357/2019 saylı qərarı ilə təmin edilməiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-207/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-2662/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (105)-357/2019 saylı qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə isntansiayları öz qərarlarında 514573,0 manat vergi borcunun müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi barədə gəldikləri qərarı, qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1 (060)-17/2016 saylı qərarı ilə əsaslandırmışdırlar. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)- 17/2016 saylı qərarı ilə 514573 manat vergi borcu "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. İddia ərizəsindən qeyd edilir ki, nə vergi orqanı nə də məhkəmə mübahisələndirilən məbləğin kimə aid olmasını müəyyənləşdirə bilməmişdir. Buna baxmayaraq vergi orqanı əsas olmadan öhdəliyin Əçanətlərin sığortalanması Fondunun üzərinə qoyulmasını qərara almışdır. Bununla bağlı bildiririk ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarın nəticə hissəsində məhkəmə qərara almışdır ki, “iş üzrə mülki iddia təmin edilsin və mülki iddia üzrə qalıq 514.573 manat olan vergiyə dair məbləğ “Zamin Bank" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilsin". Göründüyü kimi mübahisələndirilən məbləğin kimə aid olmasını müəyyənləşdirilməsində hər hansı qeyri-müəyyənlik mövcud deyil. Əksinə məhkəmə qərarında birbaşa qeyd edilmişdir ki, vergiyə dair məbləğ ƏSF-dan tutulub dövlət büdcəsinə ödənilsin. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı tərəfidnən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından apellyasiya şikayəti verilməmişdir. Bu da o anlama gəlir ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarına əsasən 514.573 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsinə dair mövqeyi ilə razılaşmışdır. İddia ərizəsinin dəlillərindən digəri ondan ibarətdir ki, ƏSF və "xxxx" ASC vergi ödəyicisi kimi fərqli eyniləşdirilmə nömrələrinə malikdirlər və belə olan halda öhdəliklərin eyniləşdirilməsi qeyri-mümkündür. Bununla bağlı bildiririk ki, "Banklar haqqında” Qanunun 71.7-ci maddəsinə əsasən bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. Göründüyü kimi fərqli vergi ödəyiciləri olmasına baxmayaraq ləğvedici olaraq ƏSF "xxxx" ASC-yə dair öhdəliklər daşıyır. Azərbaycan Respublikası MPM-nin 79.1-ci maddəsinə əsasən Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-17/2016 saylı qərarı: - xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışı; - cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli etiraz məktubu; - Sumqayıt Şəhər Məhkəməsinin S-1 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu; - məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Şəhər Məhkəməsi 1(060)- 17/2016-cı il saylı, xx.xx.2021-ci il tarixli məktubu və s.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3620/2016-cı il saylı qərarına əsasən "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixindən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, iddiaçı (Əmanətlərin Sığortalanması Fondu) xx.xx.2007-ci il tarixli, 1107-Q18-2397 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır, hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanıdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə 24 dekabr 2020-ci ildə şəxsi hesab vərəqəsinə hesabladığı 514573.00 manat vergi öhdəliyinin ləğv edilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsində Sumqayıt Şəhər Məhkəməsinin izah xarakterli məktubunda cəmiyyətin vergi borcunun silinməli olduğu birbaşa qeyd olunsa da, bu borcun "xxxx" ASCyə və yaxud Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fonduna aid edilməli olduğu məsələsinə aydınlıq gətirilmədiyini və vergi orqanı, həm də məhkəmə sözügedən öhdəliyin kimə aid olmasını müəyyənləşdirilə bilmədiyi qeyd edilmişdir. Göstərilən iddia dəlillərinə əsasən məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin S-1 nömrəli, xx.xx.2018-ci il tarixli X5 ünvanladığı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına izah xarakterli məktubunda göstərilmişdir ki, 514,573 manat pulun Sizin vergi borcunuza görə ödənilməsi "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan tutulması qərara alınmış, həmin təşkilat və vergi orqanı tərəfindən məhkəmənin qərarından apellyasiya və kasassiya şikayətləri verilsə də, onlar əsassız olduğundan hər iki şikayət rədd edilərək məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə Sizin "xxxx" müəssisəsinin vergi borcuna dair məsələlərə tam və aydın cavab verilmiş və hal-hazırda Sizin həmin iş üzrə olan heç bir vergi borcunuz yoxdur. İttiham üzrə olan Sizə hesablanılmış vergi borcu isə mübahisə edilmədən Sizin hesabınızdan silinməlidir. İddiaçının digər dəlilinə isə münasibətdə məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-17/2016 saylı Qərarı ilə iş üzrə mülki iddia təmin edilmiş və mülki iddia üzrə qalıq 514.573,00 (beş yüz on dörd min beş yüz yetmiş üç) manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-17/2016 saylı qərarından apellyasiya və kassasiya şikayətləri verilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna cavab olaraq Sumqayıt Şəhər Məhkəməsi 1(060)-17/2016-cı il saylı, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-17/2016 saylı qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçının iddia dəlillərindən digəri ondan ibarətdir ki, Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv prosesində olan "xxxx" ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi qeydiyyata alınmışdır. Hər iki hüquqi şəxs ayrılıqda vergi ödəyiciləridir və onların öhdəliklərini eyniləşdirmək qeyri-mümkün deyildir. Göstərilən iddia dəlilləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, fərqli vergi ödəyicisi olmasına baxmayaraq, qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddiaçının (Əmanətlərin Sığortalanması Fondunun) cavabdeh qarşısında vergi öhdəliyininın olmasını təsbit edir. Belə ki, “Banklar haqqında ” Qanunun 71.7-ci maddəsinə əsasən bu Qanunun 59.2ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-207/2019cu il tarixli, xx.xx.2019-cu il tarixli qərarı ilə “Məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə öz əksini tapan 514573 manat vergi borcu Cəmiyyətin şəxsi hesab vərəqəsindən silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-357/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(085)-207/2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016- cı il tarixli 1(060)-17/2016 nömrəli qərarı ilə qeyd olunan 514573,00 manat vergi borcunun "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cəmiyyətin şəxsi hesab vərəqəsindən silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti üzrə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi hissəsi ilə bağlı qeyd etmək istəyirik ki, Sumqayıt Şəhər Məhkəməsinin qüvvədə olan xx.xx.2016-cı il tarixli 1(060)-17/2016 nömrəli qərarı ilə həmin məbləğin ödənilməsi Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2016-cı il tarixli 16 nömrəli qərarı ilə "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmuşdur. Lakin buna baxmayaraq həmin borc məbləği iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən silinməmişdir. Kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan və həmin qərarla qeyd olunan 514573 manat məbləğində vergi borcunun hansı müəssisə tərəfindən ödənilməli olması müəyyən edildiyindən iddiaçı “EL.SƏ.Nİ" MMC-dən həmin borcun tələb edilməsi və şəxsi hesab vərəqəsindən silinməməsi qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 357/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin məhkəmənin müvafiq sorğusuna cavab olaraq göndərdiyi məktubda qeyd edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(085)- 207/2019 saylı qərarı 12 noyabr 2019cu il tarixdə qanuni qüvvəyə minmiş və 27 dekabr 2019-cu il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna cavab olaraq Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş 1(060)-17/2016-cı il saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016- cı il tarixli 1(060)-17/2016 nömrəli qərarına əsasən iş üzrə mülki iddia təmin edilmiş və mülki iddia üzrə qalıq 514573,00 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin,sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-17/2016 nömrəli qərarı ilə qeyd olunan 514573,00 manat vergi borcunun "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alındığından və həmin qərar hazırda qüvvədə olduğundan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Məhkəmə işin faktiki hallarını və istinad olunan hüquq normalarını əsas tutaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia dəlilləri əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏAzərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə 24 dekabr 2020-ci ildə şəxsi hesab vərəqəsinə hesabladığı 514573.00 manat vergi öhdəliyinin ləğv edilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar