Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6153/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə (üçüncü şəxs X3) qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə (üçüncü şəxs X3 göstərilməklə) məhkəməyə müraciət edərək Səbail rayon Bələdiyyəsi ərazisində olan Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin X4 adına olan Bakı şəhər Səbail Bələdiyyəsinin 1354 №-li 30 dekabr 2004-cü il tarixli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək, uzun müddət bundan əvvəl abadlaşdırıb, daş hasara alıb bağ sahəsi kimi istifadə etdiyi, Salyan şossesi 32 ünvanda 1200 kv.metr torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etmiş və Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2005-ci il tarixli iclasının 29 saylı protokoluna əsaslanaraq, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 294 №-li qərarına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsi və İddiaçı alqı-satqı aktında göstərilən məbləğdə vəsaiti Səbail Bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı məxsus əraziyə X3 tərəfindən qeyri-qanuni olaraq kadastr xəritəsi alınmış və Sülhəddin Paşayev isə Səbail Bələdiyyəsinə 2009-cu ildə müraciət edərək sonuncunun Səbail Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin cizgisinin təqdim edilməsi xahiş olunmuşdur. Həmin cizgi əsasında o şəxsləri tapa bilməmiş və bugünədək harada yaşamaları barədə də məlumat almaq mümkün olmamışdır. Bununla bağlı 11 dekabr 2024-cü il tarixli, 428 nömrəli vəkil sorğusu ilə Bakı şəhəri Səbail Bələdiyyəsinə müraciət edərək, X2 adına verilmiş Bələdiyyə ərazisində olan 1200 kv. torpaq sahəsinin cizgisini təqdim etməyinizi, həmçinin, İddiaçı məxsus Səbail Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi ilə X2 adına verilmiş Bələdiyyə ərazisində olan 1200 kv. torpaq sahəsinin üst-üstə düşmə səbəbini və ya üst-üstə düşərsə sözügedən torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsinin üzərinə işləndiyini nəzərə alaraq ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsi 28 dekabr 2024-cü il tarixli 05-1913-P-06-1078/2024 nömrəli sorğuya cavab olaraq bildirmişdir ki, Cavabdeh xx.xx.2005-ci il tarixli 294 №-li qərarı və ona əsas olan sənədlər Səbail Bələdiyyəsinin hazırda mövcud olan arxiv məlumat bazasında aşkar olunmamış, eləcə də X4 adına sözügedən ərazidə 1200 kv.metr torpaq sahəsinə dair cizgi təqdim olunması barədə bələdiyyədə hər-hansı məlumat mövcud deyil. Hesab edir ki, Bakı şəhəri Səbail X1 adına Bələdiyyə ərazisində olan 1200 kv.metr torpaq sahəsinin cizgisinin verilməsi barədə hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi iddiaçının qanuni hüquqlarını məhdudlaşdırmışdır.
4. Bakı şəhər Səbail Bələdiyyəsinin 294 №-li xx.xx.2005-ci il tarixli qərarına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilmiş və Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir.
5. Bakı şəhər Səbail Bələdiyyəsinin 1354 №-li 30 dekabr 2004-cü il tarixli Sərəncamının surətinə əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda Bələdiyyə ərazisinə məxsus 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X2 adına sənədləşdirilmiş və Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. S.A.Paşayev ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası İPM-nin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
10. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır.
11. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
12. İddia tələbindən görünür ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 1354 nömrəli Sərəncamının ləğv edilməsini tələb edir.
13. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
14. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
15. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
16. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən:
17. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
18. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
19. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
20. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
21. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə öz yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım barədə məktub ünvanlamış, həmin məktubla buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsi təklif olunmuş, lakin təklif iddiaçı tərəfindən nəzərə alınmamışdır.
22. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, sərəncamın mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı yol verilən müddət ötürülmüşdür, iddia ərizəsində qeyd edilənlər prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
23. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva