Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6159/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 16.02.1998-ci il tarixdən 11.12.2000-ci ilə kimi Bakıda yerləşən Azərbaycan-Türkiyə birgə müəssisəsinin "xxxx" adlanan avtomobil dəstəsində sürücü işlədiyi müddətin sosial sığorta stajına hesablanması, iş stajının saxlanması və əmək pensiyasının axımının bərpası vəzifəsinin qoyulması qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 16.02.1998-ci il tarixdən 11.12.2000-ci ilə kimi Bakıda yerləşən Azərbaycan-Türkiyə birgə müəssisəsinin "xxxx" adlanan avtomobil dəstəsində sürücü işləyib. Bu, onun əmək kitabçasında qeyd edilib. Cavabdeh qurum isə bu illərinin sosial sığorta stajına hesablamaqdan imtina edir. İşlədiyi bu illərin arxivi 25 fevral 2020-ci il tarixli məktubunda göstərildiyi kimi sorğu əsasında yoxlanılmış və Fondun Nizami rayon şöbəsi buna cavab olaraq bildirmişdir ki, arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından yoxlamaq mümkün olmamışdır. Bildirir ki, sürücülükdən başqa peşəsi yoxdur. 1975-ci ildən 2000-ci ilə qədər rayonda və Qazax rayonunun bir neçə avtobazasında, həmçinin 1998-2000-ci illərdə Bakıda yerləşən Azərbaycan-Türkiyə birgə müəssisəsinin "xxxx" adlanan avtomobil dəstəsində sürücü işləyib. Ailə vəziyyəti ilə əlaqədar olaraq işini buraxmağa məcbur olub.
3. Gəncə İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağstafa rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, iş stajının saxlanması və əmək pensiyasının axımının bərpasının cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi, iş stajının saxlanılması və əmək pensiyasının axımının bərpası tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən 25.02.2020-ci il tarixli məktubla bildirilmişdir ki, 01.01.2006-cı ilədək 26 il 7 ay iş stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Şöbədə aparılmış yoxlama zamanı 1998- 2000-ci illərdə "xxxx" şirkətində işlədiyi dövrlərin yenidən yoxlanması zərurəti yaranmış və Fondun Nizami rayon şöbəsinə bu barədə sorğu göndərilmişdir. 09.01.2020-ci il tarixində sorğuya cavab olaraq bildirilmişdir ki, arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən də pensiyasının ödənişi dayandırılmışdır.
6. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 25.02.2020-ci il tarixli arayışa əsasən, o, həqiqətən ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsindən 01.04.2018-ci ildən 01.01.2020-ci ilədək yaşa görə əmək pensiyası alıb. Məlumat üçün bildirilmişdir ki, 1998-2000-ci illərdə işləməsi faktı öz əksini tapmadığından pensiyanın ödənişi dayandırılmışdır.
7. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 16.03.2021-ci il tarixli məktubla bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X1 Dəstəsinin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir.
8. Məhkəmə sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işindən görünür ki, İddiaçı 01.04.2018-ci il tarixdə 26 il 7 ay stajı hesablanaraq yaşa görə 119 manat 70 qəpik əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin yoxlaması zamanı 1998-2000-ci illərdə ("xxxx" Avtonəqliyyat dəstəsində sürücü işləmiş) işlədiyi dövrü yoxlanıldıqdan sonra əmək pensiyası hüququna yenidən baxılması qərarına gəlinmişdir. 08.01.2020-ci il tarixdə Nizami rayon şöbəsinə sorğu göndərilmişdir, 09.01.2020-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından yoxlanması mümkün deyildir.
9. Məhkəmə sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən bildirilmişdir ki, Agentlik Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 25 dekabr tarixli 709 nömrəli Fərmanına əsasən yaradıldığından, habelə Agentlik tərəfindən icazələrin (“Fərqlənmə nişanı”nın) verilməsi yalnız şəhərdaxili müntəzəm sərnişindaşıma və taksi minik avtomobili sərnişindaşıma sahəsinə aid olduğundan müraciətin icrası mümkün olmamışdır.
10. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 02.08.2021-ci il tarixli cavab məktubuna əsasən, "xxxx" Azərbaycan-Türkiyə birgə müəssisəsinin avtomobil dəstəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arixivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
11. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 06.08.2021-ci il tarixli cavab məktubuna əsasən, Azərbaycan-Türkiyə birgə müəssisəsinin "xxxx" adlanan avtomobil dəstəsi barədə müvafiq sənəd və məlumatlar aidiyyəti üzrə təqdim edilmədiyinə görə həmin müəssisə ilə əlaqədar dövlət əmlakının Registrində qeyd aparılmamışdır.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazda İddiaçı 01.03.2018-ci il tarixində pensiya hüququ yaranmış, 05 aprel 2018-ci il tarixində Fondun Ağstafa rayon şöbəsinə ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsi tərəfindən ərizəyə baxılaraq vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmışdır. Daha sonra şöbə tərəfindən inzibati araşdırma yenidən aparıldıqda vətəndaşın pensiya hüququnun olub-olmamasına yenidən baxılmış, iddiaçının 16.02.1998-ci ildən 11.12.2000-ci ilədək "xxxx" Avtonəqliyyat dəstəsində işlədiyini iddia etdiyi illəri sosial sığorta stajına daxil edilməyərək iddiaçıya əmək pensiyası ödənişi dayandırılmışdır. İnzibati orqan tərəfindən qeyd edilmişdir ki, "xxxx" Avtonəqliyyat dəstəsinin arxiv sənədlərinin saxlanıldığı məlum olmadığından əmək fəaliyyəti yoxlanıla bilmədi üçün həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. "xxxx" Avtonəqliyyat dəstəsinin arxiv sənədlərinin yeri məlum olmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X3 üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının hesablanması” tələbi üzrə iddiaçının iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
14. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
16. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
17. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
18. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
20. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
21. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
III. Məhkəmənin mövqeyi
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
23. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 64-dür. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı 23 il 10 ay 7 gündür (01.05.1973-1975 həqiqi hərbi xidmətdə olduğu müddət; 16.07.1975-31.10.1975; 01.11.1975-01.01.1976; 27.01.1976-20.05.1976; 24.05.1976- 20.08.1979; 20.08.1979-01.10.1981; 11.05.1982-26.01.1998). Cavabdeh tərəfindən iddiaçının 16.02.1998-11.12.2000-ci illərdə fəaliyyət göstərdiyi "xxxx" BM-in avtonəqliyyat dəstəsində sürücü kimi fəaliyyəti sığorta stajına daxil edilməmişdir.
24. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
25. İddiaçının 25 il stajı və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına uyğun olaraq iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 10 ay 7 gün üçün 7293 manatdır (23 il x 306 = 7038; 306/12x10 ay = 255; 7038+255= 7293). İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı 29399 manatdır (64-15=49x4/12= 16 il 3 ay; 16 il 3 ay x144/192 = 146,9; 146,9 x 200 = 29399). İddiaçının 7293 manat pensiya kapitalının 01.01.2017-ci il tarixə indeksləşdirilmiş məbləği tələb olunan pensiya kapitalı üçün yetərsizdir.
26. Odur ki, məhkəmə araşdımasının nəticəsində 16.02.1998-11.12.2000-ci illərdə fəaliyyət göstərən "xxxx" BM və ya avtonəqliyyat dəstəsi mövcud olmadığından cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilmir.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
28. İddiaçı pensiyasının dayandırılmasından 2020-ci ilin yanvar ayından xəbərdar olmasına baxmayaraq, məhkəməyə 25.02.2021-ci il tarixdə müraciət etmişdir. Pensiyanın dayandırılması ilə bağlı inzibati akt qəbul edilməsə belə, məhkəmə hesab edir ki, bu qərarın əsaslandırıcı hissəsində göstərilmiş əsaslar nəzərə alınmaqla əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandığından cavabdeh orqanın hərəkətləri qanunsuz olmamışdır.
29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva