Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6159/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1974-cü il tarixdən xx.xx.2005-ci ilə qədər dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildən “Kr.partizan” üzümçülük sovxozuna üzümlüyə fəhlə kimi qəbul edilmişdir. xx.xx.1975-c ildə öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Sovet ordusunda xidmət göstərmişdir. xx.xx.1978-ci ildə Leyt.Şmidt adına zavodda tokarçı şagirdi kimi 13 saylı sexə qəbul edilmiş, xx.xx.1979-cu ildə 2-ci dərəcəli tokarçı təyin edilmişdir. xx.xx.1981-cı ildə İİ peşə üzrə 2-ci dərəcəli kran maşinisti təyin edilmiş, xx.xx.1982-ci ildə 3-cü dərəcəli tokarçı təyin edilmişdir. xx.xx.1990-cı ildən 4-cü dərəcəli tokarçı-karuselçi təyin edilmişdir. Daha sonra xx.xx.1995-ci ildə Azərbaycan Respublikasının ƏTM-nin 36-cı maddəsinin 7-ci bəndinə müvafiq olaraq işdən azad edilmiş,xx.xx.1995-ci ildə “Şəadət” kooperativinin 3-cü dərəcəli çilingər işinə qəbul olmuş, xx.xx.1996-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə "xxxx" firması idarəsinə çilingər işinə qəbul olmuş, xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının ƏM-nin 63-cü maddəsinə əsasən işdən azad edilmişdir. 2005-ci ildən heç bir yerdə işləməmiş və əmək stajı əmək kitabçasına müvafiq olaraq 25 ildən çoxdur. Yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtinada göstərilmişdir ki, iddaçının sığorta stajı ona əmək pensiyasının təyin edilməsi ilə bağlı tələblərə uyğun gəlmir.
3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi iddiaçının əmək kitabçasında əksini tapmış "xxxx" firmasında 1997-ci ildən 2005-ci ilə qədər dövrün sosial sığorta stajina daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi kimi dəyişdirilmişdir.
4. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir: ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkər onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunu dövr də nəzərə alınmaqla) 21 il 3 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta” (Monitorinq) altsisteminə əsasən təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş "xxxx" firmasının uçot tarixi xx.xx.2008-ci il tarixindən olduğu üçün həmin müəssisədə xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyətinizin sığorta stajınıza əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və adınıza aktiv VÖEN (**********) olduğundan sizə yaşa görə sosial müavinətin də təyin edilməsi mümkün olmamışdır.”
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 29 mart 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci il tarixdə №34040 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının (VÖEN: **********) hüquqi ünvanının AZ1007, ünvan 1 “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (68200), əlavə fəaliyyət növü “Bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi" (96020) kimi qeyd edilmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı eriraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən cavabdehin 16 dekabr 2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) ümumi sosial sığorta stajının müddəti 21 il 03 ay olmaqla, qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı müddətindən azdır. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq sözügedən məktubda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminə əsasən İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" firmasının uçot tarixi xx.xx.2008-ci il tarixdən olduğu üçün həmin müəssisədə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinin sosial sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçının yaşa görə pensiya hüququ qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə 65 yaşla xx.xx.2022-ci il tarixdə yaranır. Hazırda iş üzrə mübahisə predmetini iddiaçının "xxxx" Firmasında xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövrlər təşkil edir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminə əsasən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" firmasının uçot tarixi xx.xx.2008-ci il tarixdən olduğu üçün həmin müəssisədə xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin İddiaçı adına aktiv VÖEN (**********) olduğundan yaşa görə sosial müavinətin də təyin edilməsi mümkün olmamışdır. Belə olduğu halda isə iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial sığorta stajının müddəti 21 il 03 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Qanunun müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının iş materiallarına əlavə edilmiş əmək kitabçasından göründüyü kimi onun mübahisəsiz qəbul edilən sosial sığorta stajı ümumilikdə 21 il 03 ay təşkil edir. Cavabdeh iddia tələbini qanunazidd hesab edilərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi Ü.Hüseynova iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. İddiaçı xx.xx.1957-ci ildə anadan olub.
12. Əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının xx.xx.2006-cı ilə qədər sığorta stajı 30 ilə yaxındır, lakin cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" firmasında işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
14. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2022 – 30 iyun 2023 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 63 yaşdır.
15. Məhkəmə müəyyən etmişdir ki, xx.xx.1997-ci il tarixdə №34040 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının (VÖEN: **********) əsas fəaliyyət növü “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” (68200), əlavə fəaliyyət növü “Bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi" (96020) kimi qeyd edilmişdir.
16. Beləliklə, iddiaçının əmək kitabçasında xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə qeydlərin aparıldığı dövrdə həmin müəssisə mövcud olmuş və əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.1997-xx.xx.2005-ci illər ərzində həmin müəssisənin fəaliyyətdə olması və iddiaçının həmin firmada işləməsi iş materialları ilə sübuta yetirilmişddir. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.
17. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
18. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
20. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının "xxxx" firmasında fəaliyyət göstərməsi öz əksini tapdığından iddiaçının həmin illərdə (xx.xx.1997-xx.xx.2005) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır.
21. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.
22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı, onun əmək kitabçasında əksini tapmış "xxxx" firmasında 1997-ci ildən 2005-ci ilə qədər dövrün sosial sığorta stajina daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva