Məhkəmə qərarları › İş №2-1(112)-616/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-616/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-616/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamla müəyyən edilmiş siyahıda adın dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 365 saylı 06.04.2000-ci il tarixli sərəncamı ilə müəyyən edilmiş siyahıda X4 adını dəyişdirərək, İddiaçı yazılmasının cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 365 saylı 06.04.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində qayınanası X2 ticarət köşkü tikmək üçün 34 saylı ayrılmışdır. Qeyd olunan sərəncama uyğun olaraq həmin ərazidə mağaza tikilmişdir. 2008-ci il tarixdə X5 vəfat etdikdən sonra 2011-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 sentyabr 2011-ci il tarixli qərarına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısnın 06.04.2000-ci il tarixli sərəncamı ilə müəyyən edilən siyahıda anası X1 adı dəyişdirilərək X4 yazılması cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 sentyabr 2011-ci il tarixli qərarı Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim edilsə də, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin qərarı icra edilməmişdir. 2016-cı ildə həyat yoldaşı X7 vəfat etmiş və bundan sonra sərəncamın onun adına dəyişdirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə əvvəlcə şifahi, sonra isə yazılı müraciət etmişdir. Lakin ondan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməinin 9 sentyabr 2011-ci il tarixli qərarının qanuni qüvvəyə minməsi barədə arayış və qərarın təsdiqlənmiş surətinin təqdim edilməsi tələb edilmişdir. Bu sənədləri Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra bu qurumdan ona göndərilən 10.10.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, müraciətdə göstərilən məsələ hazırda Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olduğundan ora müraciət edilməlidir. Binəqədi Rayon İcra Hakimiyyətinin bu cavabından sonra o, eyni müraciətlə Bakı şəhər İcra Hakmiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyəti 16.12.2019-cu il tarixli məktubla ona cavab verərək adıçəkilən məhkəmə qəraının icrası Binəqədi Rayon İcra Hakimiyyətinə aid olduğundan ora müraciət etməli olduğu bildirilmişdir. Həmin vaxtdan indiyədək dəfələrlə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə müntəzəm olaraq müraciət edir. Lakin hər dəfə Binəqədi Rayon İcra Hakimiyyətindən Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətindən isə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğu bildirilir. Hal-hazırda adıçəkilən mağaza onun istifadəsindədir və bu mağazanın yerləşdiyi sahəyə dair o, mülkiyyət hüququnu təsdiq edən sənəd almaq istəyir. Həmçinin həmin sahənin onun adıına rəsmiləşdirilməsinə onun uşaqlarının heç bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısının 350 saylı 05.04.2000ci il tarixli “torpaq sahəsinin ayrılması haqqında” sərəncamının surətindən görünür ki, Binəqədi rayonu İcra Hakimiyyətinin 30.12.1999-cu il tarixli, 7/1038 saylı məktubu nəzərə alınaraq Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ticarət cərgələrin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə 0,06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 01.12.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 365 saylı 06.04.2000-ci il tarixli “8-ci mikrorayon, İ.Dadaşov küçəsində ticarət cərgəsinin tikilməsi barədə” sərəncamının və 1 saylı əlavənin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 0,06 ha torpaq sahəsinin ayrılması barədə 350 saylı 05.04.2000-ci il tarixli sərəncamını nəzərə alaraq 8-ci mikrorayon, İ.Dadaşov küçəsində təsdiq olunmuş layihəyə uyğun müasir memarlıq üslubunda ticarət cərgəsinin tikilib-quraşdırılmasına icazə verilməsi qərara alınmışdır və sərəncama əlavə edilmiş 1 saylı əlavədə 30-cu sırada (tikili köşk №34) X6 qeyd olunmuşdur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81) 695/2011 saylı 09.09.2011-ci il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 365 saylı 06.04.2000-ci il tarixli sərəncamı ilə müəyyən edilən siyahıda anası X1 adını dəyişdirərək, X4 yazılmasının cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 350 saylı 05.04.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ticarət cərgələrin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə 0,06 ha torpaq sahəsi ayrılmışdır və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 365 saylı 06.04.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısının 0,06 ha torpaq sahəsinin ayrılması barədə 350 saylı 05.04.2000-ci il tarixli sərəncamı nəzərə alınaraq 8-ci mikrorayon, İ.Dadaşov küçəsində təsdiq olunmuş layihəyə uyğun müasir memarlıq üslubunda ticarət cərgəsinin tikilibquraşdırılmasına icazə verilmişdir və sərəncama əlavə edilmiş 1 saylı əlavədə 30-cu sırada (tikili köşk №34) X6 qeyd olunmuşdur. Hazırda iddiaçı Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 365 saylı 06.04.2000-ci il tarixli sərəncamı ilə müəyyən edilmiş siyahıda X4 adını dəyişdirərək, İddiaçı yazılmasını tələb edir. Göründüyü kimi, iddiaçı qeyd olunan sərəncama əlavədəki siyahıda X4 adını dəyişdirərək öz adının yazılmasını tələb etsə də, həmin siyahıda X1 adı qeyd olunmuş, X4 adı qeyd edilməmişdir. Həmçinin qeyd olunan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 350 saylı 05.04.2000-ci il tarixli sərəncamına əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ticarət cərgələrin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinə ayrılmışdır və bu məqsədlə X2 həmin ünvanda yer ayrılmışdır. İddiaçı qeyd olunan əsasla iddia tələbinin qaldırılması üçün subyektiv hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı qeyd olunan sərəncama əlavədəki siyahıda dəyişiklik edilərək onun adının yazılmasını və nəticədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ticarət cərgələrin tikintisi üçün müəyyən edilmiş həmin ünvanda X2 ayrılmış ticarət köşkünə hüquqlarının müəyyən edilməsini tələb etmək məqsədi ilə belə bir iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə hesab edir ki, iddiaçı ona aid olmayan, digər şəxsə torpaq sahəsinin ayrılmasını nəzərdə tutan sərəncama dəyişiklik edilməsi ilə bağlı mübahisə qaldırır ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar