Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-616/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğvi və əvvəlki məbləğin bərpası” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanı yenidən hesablamaqla 41 (qırx bir) illik əmək stajının bərpası haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-230096/23 nömrəli və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv olunması, yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yazıçı, dramaturq, jurnalist-publisistdir. Azərbaycanda dövlət nəşriyyatları, X4 tərəfindən Türkiyədə nəşr olunmuş əsərlərinkitabların müəllifidir (Roman povest dram əsərləri poeziya). İddiaçı əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “Dost” Mərkəzinə ərizə ilə müraciət etdi. Əmək pensiyasının yenidən hesablamamaq bəhanəsiylə Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filial ona adınıza aktiv vergi uçotu olduğuna görə “işdən azad olunma ilə bağlı pensiyanı yenidən hesablamaq mümkün deyil” - deyə yenidən hesablamadan imtina etdilər. Bu birinci imtina - yəni qanunsuzluq. O, 1 nömrəli “Dost” Mərkəzinə Vergi uçotunda heç bir əlaqəsi olmadığı barədə arayış təqdim etdi. İkinci imtina: “adınıza aktiv vergi uçotu olduğuna görə sizə işləməyən pensiyaçı kateqoriyası şamil olunmur və əmək kitabçasının tam surətlərini təqdim etdikdə ərizənizə yenidən baxıla bilər” - deyə süründürməni davam etdirdilər. Bununla əlaqədar 1 nömrəli “Dost” Mərkəzinə yenidən ərizə yazmalı oldu. Əmək pensiyasının yenidən hesablanmasına dair onun 1 saylı Bakı "Dost" Mərkəzinə təqdim etdiyi ərizəsi ilə əlaqadər vergi ödəyişinin dövlət reyestrində olan məlumatlara əsasən vergi orqanlarında vergi ödəyicisi kimi onun vergi uçotunda olmağı barədə məlumat aşkar edilməmişdir. Vergi uçotu xx.xx.2018-ci tarixdən etibarən ərizəsinə əsasən ləğv edilmişdir. Dəfələrlə (10-15 illər bundan qabaq) Sabunçu Rayonu Sosial X6 kitabçasını tələb etmişdir. Amma kitabça tapılmadı. Hal-hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından da “Dost” Mərkəzinin dediyinə görə əmək kitabçası barədə bir xəbər çıxmadı. Amma əmək kitabçası olmaya-olmaya əmək fəaliyyətinə kontraktlarla davam edirdi. “Bakinski Raboçi” qəzeti redaksiyasında müqavilə ilə 18 noyabr 1997-ci ildən 11 noyabr 1999-cu il tarixinə qədər xüsusi müxbir vəzifəsində çalışmışdır. Bu iki illik staj deməkdir. “Respublika” dövlət qəzetinin redaksiyasında (xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixinədək) iki il yeddi ay operator müxbir vəzifəsində çalışmışdır. Yenə “Respublika” redaksiyasında (xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək siyasi şöbənin müdiri vəzifəsində iş fəaliyyətimi davam etdirmiş (bir il dörd ay), iki iş dönəmini üst-üstə gəlsək cəmi 4 (dörd) il yeddi ay əmək stajı deməkdir (arayışları məhkəməyə təqdim edir). “Bakinski Raboçi” qəzet redaksiyasında çalışdığı iki illik stajı Respublika qəzetində çalışdığı dörd il yeddi ayın stajının üstünə gələndə altı il yeddi ay deməkdir. İran İslam Respublikasının Mədəniyyət Mərkəzində “İşığa Doğru” Jurnalının Baş redaktoru vəzifəsində (2003-cü il yanvar ayının 1-dən 2006-cı ilin sonuna qədər) çalışmışdır. X3 sifarişi ilə “Kərbəlada doğan günəş” dram əsərini yazaraq (Azərbaycan Gənclər Teatrında tamaşaya qoyulmuşdur) Tamaşanın sponsorluğunu (səkkiz min dollar) ona verdikləri maaş əvəzi olaraq X5 gerçəkləşdirmişdir. Vergisi Sosial Müdafiə Fonduna köçürülmüşdür. Sabunçu Rayon Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən əmək kitabçası yoxa çıxarılıb. Bu vəziyyət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən məsuliyyətsizlik deyil, mənəvi cinayətdir. Çünki əmək kitabçası ilə Dövlət vətəndaşına ömrünün sonunadək insan kimi yaşamaq haqqı verir. Amma əmək kitabçası it-bat olmuşsa da, illər boyu çalışdığı idarələr bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Və o idarələrdən 1 saylı “Dost” Mərkəzinə arayışlar təqdim etmişdir. Amma aidiyyatı qurumlar bu arayışları görməməzlikdən gələrək onun hüquqlarını kobudcasına pozdular, bu da Sosial Müdafiə Fonduna məxsus özbaşınalığın bir təzahürüdür. Amma əgər Sosial Müdafiə Fondu təqdim etdiyi arayışlara etimad etmirsə “Respublika” və “Bakinski Raboçi” qəzetlərinin redaksiyalarına bir telefon zəngi kifayətdir ki, həqiqət üzə çıxsın. Sosial Müdafiə Fondu illər boyu maddi-mənəvi ziyan vurmuş, 41 illik əmək stajını 31 ilə endirmək üzrədir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iş materiallarına əsasən xx.xx.1941-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2023-cü tarixli 3-17-1/2-A-238522/2023 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.2003-cü il tarixdən (pensiya işində olan pensiyaçının uçot vərəqinə və X1 Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasının ödənişi xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsi tətbiq edilməklə davam etdirilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1959-cu il tarixdən xx.xx.1964-cü il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 31 il 11 ay 29 gün sığorta stajına münasibətdə əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (iddiaçının müraciət etdiyi tarixdən 3 il əvvəl) 254,46 manat məbləğində müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 282,21 manata, xx.xx.2022-ci il tarixindən 291,43 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 308,09 manata, daha sonra isə Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 351,76 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdən (VÖEN hesabının dondurulduğu tarix) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1443,62 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 362,95 manat müəyyən edilmişdir. Qanunun 39.1ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, ona xx.xx.2003- cü il tarixdə əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı il tarixədək sığorta stajının müddəti 31 il 11 ay olduğu halda, 35 il kimi hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-256579/2023 nömrəli “əmək pensiyası üzrə yaranmış artıq ödəmənin bərpa olunması barədə” məktub ünvanlanaraq, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. Bu səbəbdən, işin faktiki hallarına əsasən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
5. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin 132185 nömrəli uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixindən ömürlük pensiya təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-230096/23 saylı qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 365,39 manat və yenidən hesablama nəticəsində (37.3.1. maddənin tətbiqi ilə əlaqədar) 362,95 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilə qədər 418,29 manat artıqvermə yaranmışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablama nəticəsində iddiaçının pensiya məbləği (26.1. maddənin tətbiqi ilə əlaqədar) 402,37 manat məbləğində müəyyən olunmuşdur.
8. Məhkəmənin sorğusuna əsasən DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları məhkəməyə təqdim edilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı əmək pensiyası Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən hesablanmışdır. İddiaçı pensiya işinə daxil olan sənədlərə əsasən xx.xx.1959-cu il tarixindən xx.xx.1964-cü il tarixinədək təhsil illəri, xx.xx.1965-ci il tarixindən xx.xx.1965-ci il tarixinədək, xx.xx.1965-ci il tarixindən xx.xx.1966-cı il tarixinədək, xx.xx.1966-cı il tarixindən xx.xx.1966-cı il tarixinədək, xx.xx.1967-ci il tarixindən xx.xx.1968-cı il tarixinədək, xx.xx.1968-ci il tarixindən xx.xx.1968-ci il tarixinədək, xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək, xx.xx.1972-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən 01,04.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək dövrlər üzrə ümumilikdə xx.xx.2006-cı il tarixinədək 31 il 11 ay 29 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.2003-cü il tarixindən yaşa görə əmək pensiyası təyin olunan zaman xx.xx.2006-cı il tarixinədək sığorta stajı texniki səhv nəticəsində 31 il 11 ay 29 gün əvəzinə 35 il hesablanmışdır.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı pensiya işində onun 1957-1959, 2003-2006-cı illər üzrə əmək fəaliyyəti dövrü barədə hər hansı məlumat, həmçinin 2004-2005-ci illərdə “İşığa doğru” jurnalında çalışması barədə arayış aşkar edilməmişdir.
11. Məhkləmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, sorğuda qeyd olunan “İşığa doğru” jurnalının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
12. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
13. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarların ləğvi və onların nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
15. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-230096/23 saylı qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 365,39 manat və yenidən hesablama nəticəsində (37.3.1. maddənin tətbiqi ilə əlaqədar) 362,95 manat məbləğində müəyyən olunmuşdur.
16. Daha sonra isə xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablama nəticəsində iddiaçının pensiya məbləği (26.1. maddənin tətbiqi ilə əlaqədar) 402,37 manat məbləğində müəyyən olunmuşdur.
17. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
19. Odur ki, iddianın növü mübahisələndirmə növündə iddiadır.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
22. Cavabdehin dəlillərindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2003-ci il tarixdən iddiaçıya təyin olunmuş və yekunda 365,39 manat məbləğində müəyyən edilmiş yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanaraq son üç il (xx.xx.2020-xx.xx.2023) üzrə iddiaçıya ümumilikdə 418,29 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuş, daha sonra əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.
23. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarına uyğundur.
24. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
25. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
26. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.
27. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
28. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır.
29. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
30. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
31. İddiaçının pensiya işindən müəyyən edilir ki, inzibati orqan ilk dəfə iddiaçıya 15 dekabr 2003-cü ildə yaşa görə əmək pensiyası təyin etmiş, bundan sonra inzibati orqan inzibati icraat aparmaqla iddiaçını icraata cəlb edərək iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 25 sentyabr 2023-cü il tarixdə qərar qəbul etmiş, pensiya məbləğini xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 254,46 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün 282,21 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 291,43 manat, xx.xx.2023-cü il tarixdən isə müddətsiz olaraq 362,95 manat müəyyən etmişdir.
32. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır.
33. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda qeyd edilmişdir ki, xx.xx.2003-cü il tarixində əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı 31 il 11 ay olduğu halda, 35 il nəzərə alındığından əmək pensiyasının yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir.
34. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.
36. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
37. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
38. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.
39. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə gedişində mübahisələndirilən qərardan 1 (bir) ildən sonra “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinin tətbiqi ilə əlaqədar qəbul edilmiş yenidən hesablama haqqında qərar əvvəlki qərarın nəticələrinə əsasən qəbul edilmişdir. Odur ki, sonuncu yenidən hesablama haqqında qərar da yuxarıda qeyd edilən səbəblərdən qanuni hesab olunmur.
40. Beləliklə iddia təmin edilməli, əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-230096/23 nömrəli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilməli, yaşa görə əmək pensiyasının əvvəlki məbləği bərpa edilməlidir.
41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-H- 230096/23 nömrəli qərarı və xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva