Məhkəmə qərarları › İş №2-1(112)-6160/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6160/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6160/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına qarşı iddia ərizəsi ilə 02.11.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona verilən pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup əlil olaraq Dövlət Sosial Müdafiə Fondunun Xanlar (hazırda Göygöl) rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 16 iyun 2003-cü il tarixli, 331 nömrəli qərarına əsasən təqaüdə çıxmışdır. Ardıcıl olaraq 10 il müayinə olunduqdan sora Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının Göygöl Tibbi-Sosial Ekspert Komissiyası müddətsiz olaraq onu 2-ci qrup əlil hesab etmişdir. O, artıq 17 ildir ki, 2-ci qrup əlil olaraq pensiya alır. O, daimi yaşayış yerini dəyişməyi ilə əlaqədar olaraq 1 il olar ki, pensiya işini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına keçirmişdir. Onun pensiya almağının müddəti elektron sistemə 1 il kimi qeyd edilmişdir və hazırda ona pensiya ödənişi dayandırılmışdır. Qarşılaşdığı haqsızlığın aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialının 14.10.2020-ci il tarixli, **********0 saylı məktubu ilə imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialı imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin etibarlıq müddəti 02.04.2015-ci il tarixdən bitmişdir. İddiaçı qeyd edir ki, əgər əlilliyinin etibarlılıq müddəti qeyd edilən tarixdən bitmişdirsə ona hansı əsaslarla pensiyanın verilməsi davam etdirilirdi? Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi Forma №TSEK-2 əsasında 26 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının Göygöl Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 02.04.2014-cü il tarixdə verilmiş SER TSE-01№ 382031 saylı müayinə aktından çıxarışa əsasən onun növbəti müayinə tarixi müddətsiz kimi qeyd edilmişdir. Göründüyü kimi onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına müraciətindən əsasız olaraq imtina edilmişdir. Cavabdehə şifahi və rəsmi müraciət etsə də, onun məsələsinə qanunla müəyyən edilmiş qaydada baxılmır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2-1(114)-229/2021 saylı qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialına qarşı ona verilən pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və pensiyanın verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Gəncə şəhər Kəpəz rayon filialı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi və baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Göygöl Rayon Mərkəzi Xəstəxanasının 05.03.2003 saylı göndərişi əsasında 05.03.2003-cü il tarixdə qiymətləndirilmiş və Mədə və 12 b/b xr xora tez-tez kəskinləşən deformasiyası xəstəliyi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Göygöl Rayon Mərkəzi Xəstəxanasının 02.04.2014 saylı göndərişi əsasında 02.04.2014-cü il tarixdə qiymətləndirilmiş və Mədə və 12 b/b xr xora tez-tez kəskinləşən deformasiyası xəstəliyi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı təkrar əlillik təyinatı üçün müraciət etməmişdir. 06 avqust 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Daha sonra, 10 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsi və bu barədə məlumatın alt sistemə yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 382031 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 02.04.2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 (bundan sonra mətndə - TSERAS) çıxarışdan görünür ki, İddiaçı ilkin olaraq 05.03.2003-cü il tarixdə 1 il müddətinə və 02.04.2014-cü il tarixdə 1 il müddətinə “mədə və 12 b/b xr xora tez-tez kəskinləşən deformasiyası” xəstəliyi ilə ikinci dərəcə əlillik təyin edilmişdir; Dövlət Sosial Müdafiə X12 Şəxsin 18 saylı regional ərazi filialının 02.09.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, X1 ilk dəfə 05.03.2003-cü il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. 02.04.2014-cü il tarixdən TSEK-dən Müayinə aktından çıxarışa əsasən İİ qrup əlillik müddətsiz təyin olunduğu üçün pensiyanın ödəniş müddəti müddətsiz təyin olunmuş(SER TSE-01 N 382031), lakin Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X4 əlilliyin sonuncu müddəti 04.04.2015-ci il tarixə müəyyən edildiyi üçün pensiyanın ödənişi 11.06.2020-ci il tarixdə aydınlaşdırılması üçün dayandırılmışdır; Dövlət Sosial Müdafiə X12 Şəxsin 18 saylı regional ərazi filialının 27.08.2021-ci il tarixli məktubuna əlavə edilmiş, iddiaçıya pensiyanın ödənilməsi üçün əsas olmuş əlillik müayinələrindən çıxarışların notraial qaydada təsdiq edilmiş surətlərinə əsasən, 2004, 2005, 2006, 2007, 2009, 2011, 2012, 2013-cü il tarixlərdə 1 il müdətinə ikinci dərəcə əlillik təyin edilmiş, 2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilkin olaraq 05.03.2003-cü il tarixdə 1 il müddətinə “mədə və 12 b/b xr xora tez-tez kəskinləşən deformasiyası” xəstəliyi ilə ikinci dərəcə əlillik təyin edilmiş və həmin tarixdən fasiləsiz olaraq 11.06.2020-ci il tarixədək əlilliyə görə əmək pensiyasını almışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, 382031 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən, iddiaçıya 02.04.2014-cü il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi göstərilsə də, TSERAS-da həmin tarixdə ona 1 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsi göstərilmişdir. Hazırda iddiaçı 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsinin təsdiq edilməsi və bu barədə məlumatın alt sistemə yerləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (22.07.2018-ci il tarixədək qüvvədə olan): 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir; 3-cü maddəsinə əsasən, tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin (10.02.2016-cı il tarixədək qüvvədə olan): 1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir; 4.1-ci bəndinə əsasən, şəxsləri tibbi-sosial ekspert komissiyalarda müayinəsi səhiyyə idarələrinin göndərişi əsasında icra edilir. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, kliniki proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşması və ya itirilməsi əsaslandırılır. Göndəriş səhiyyə idarəsinin nəzdində olan həkim-məsləhət komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və dairəvi möhürlə təsdiq olunur. Göndəriş tibbi-sosial ekspert komissiyasına həkim məsləhət komissiyası tərəfindən göndərilir və ya təqdim olunur; 4.11-ci bəndinə əsasən, müayinə və kollegial müzakirədən sonra komissiya qərar qəbul edir. Qərar protokollaşdırıldıqdan və tibbi-sosial ekspert komissiyasının arayışı yazıldıqdan sonra komissiyanın qərarı müayinə olunan şəxsə (yaxud onun qəyyumuna) sədr tərəfindən elan edilir; 4.12-ci bəndinə əsasən, ilkin əlillik və sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar TSEK-lər tərəfindən ən geci 5 gün müddətində Respublika TSEM-ə göndərilir. Ali pillə TSEK ilkin tibb-sosial ekspert komissiyalarının qərarlarını qiyabi (şəxsin öz iştirakı olmadan), yaxud əyanı (şəxs özü müayinəyə çağırılmaqla) şəkildə nəzarət qaydasında yoxlayıb müvafiq qərar qəbul edir, tibbi-sosial ekspertizası arayışına bu qərarı qeyd edərək sənədləri geri qaytarır. Nəzarət qaydasında yoxlanılması nəzərdə tutulan ilkin əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu barədə qərarlar göstərilən qaydada təsdiq edildikdən sonra qüvvəyə minir; 4.13-cü bəndinə əsasən, əlilliyin və sağlamlıq imkanları məhdudluğunun təyin olunma tarixi ekspertiza üçün tələb olunan sənədlərin tibbi-sosial ekspert komissiyasına daxil olduğu gündən sayılır; 4.14-cü bəndinə əsasən, müayinə başa çatdıqdan sonra tibbi-sosial ekspert komissiyaları 3 gündən gec olmayaraq aşağıdakı sənədləri müvafiq təşkilatlara göndərirlər: pensiya təyinatı aparan orqana müayinə aktından çıxarış; ... 5.1-ci bəndinə əsasən, əlillik müddəti “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə” yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.2-ci bəndinə əsasən, əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin (06.01.2016-cı il tarixədək qüvvədə olan) 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyası): 1.4-cü bənində əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; 4.1-ci bənində əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bənində əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.4-cü bənində əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir; 4.9-cu bənində əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X8 (bundan sonra - TSERAS) ötürülür; 4.26-cı bənində əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və X9 (TSERAS) yaradılmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan etirazında yalnız TSERAS-da olan məlumata istinad etmiş, TSERAS yaradılmamışdan əvvəl, yəni 02.04.2014-cü il tarixdə təyin edilmiş əlilliyin müddətinin 1 il olması ilə bağlı məlumatın sözügedən sistemə əlavə ediməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmiş, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən TSERAS-a daxil edilmiş məlumatın mötəbərliyi qənaətinə gəlmək mümkün deyildir. Bir halda ki, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qüvvədə olan TSEK-də müayinə aktından çıxarış mövcuddur. O cümlədən iddiaçıya 2003-cü ildən fasiləsiz olaraq əlilliyə görə pensiya ödənilmiş və pensiya təyinatı aparan orqan tərəfindən pensiya ödənilməsinə əsas olmuş müayinə aktlarından çıxarışlar məhkəməyə təqdim edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən elektron sistemdə yalnız 2003 və 2014-cü ildə təyin edilmiş əlilliklə bağlı məlumatlar mövcuddur ki, bu fakt da öz növbəsində iddiaçı barəsində sistemdə olan məlumatların həqiqəti əks etdirməsini şübhə altına alır. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə bunun əksini sübut etmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 02.04.2014-cü il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə məlumatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar