Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6161/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, 3-cü şəxsin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə icra sənədinin icrası ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi və qiymətləndirməyə göndərilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı Yasamal rayon İca və Probasiya Şöbəsinin 2(103)-9284/2017 saylı, 07.11.2017-ci il tarixli icra sənədi üzrə 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktubu ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X7” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, müvafiq qərarının ləğv edilməsi və Cavabdeh üzərinə borclu X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh icraatında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, 07.11.2017-ci il tarixli icra sənədi vardır. Həmin icra sənədi üzrə icra şöbəsi tərəfindən borclu X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2018-ci ilin may ayında qiymətləndiriciyə göndərilmişdir. Əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən 18.09.2018-ci il tarixli, QR-1293 saylı qiymətləndirmə rəyi (qiymətləndirmə hesabatı) verlmişdir. Həmin Qiymətləndirmə rəyində göstərilən 8.700.000 manat məbləğini əsas götürən icra şöbəsi 17/52-51756/18-31789 nömrəli, 09.10.2018-ci il tarixli təkliflə daşınmaz əmlakı İddiaçı MMC-yə təklif etmişdir. Lakin, İddiaçı MMC həmin Təklifdən imtina edərək, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsinin real bazar qiymətlərinə tamamilə uyğun olmamasının və bazar qiymətindən dəfələrlə yuxarı olmasını qeyd etmişdir, həmçinin həmin daşınmaz əmlaıkn yenidən qiymətləndirilməsini və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. Lakin, icra şöbəsi cavabında bildirmişdir ki, İddiaçı MMC-nin qiymətləndirmə rəyini məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Buna baxmayaraq, icra şöbəsi 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktub göndərərək icra sənədi üzrə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X7” MMC-yə göndərdiyini bildirmişdir. İcra Şöbəsinin bu qanunsuz hərəkəti tələbkar kimi, İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Belə ki, İddiaçı MMC məktubunda da, bildirdiyi kimi, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun deyil. Bazar qiymətindən dəfələrlə yuxarıdır, həmçinin həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Hal-hazırda həmin qiymətlə daşınmaz əmlakın hərraca göndərilməsi özüözlüyündə etibarsızdır. Çünki, qiymətləndirmə rəyində də, qeyd edildiyi kimi, “Tərtib edilmiş qiymətləndirmə rəyi 3 (üç) ay müddətində hüquqi qüvvəyə malikdir. Müddət başa çatdığı gündən rəyi tərtib etmiş qiymətləndirmə şirkəti və mütəxəssislər heç bir məsuliyyət daşımır”. Beləliklkə, 18.12.2018-ci il tarixində öz hüquqi qüvvəsini itirən qiymətləndirməni əsas götürərək icra şöbəsi tərəfindən daşınmaz əmlakın satılması üçün hərraca göndərilməsi yolverilməzdir və qanunsuzdur. Bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlər davam etməkdədir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2043/2019 saylı, 07.05.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddiası mümkün sayılmamış, həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnizbati-İqtisadi Məhkəməsinin 2-1(103)-1777/19 saylı, 11 iyul 2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2043/2019 saylı, 07.05.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-11/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyul tarixli, 2-1(103)-1777/2019 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6161/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə X6 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 2(103)-9284/2017 saylı, 07.11.2017-ci il tarixli icra sənədi üzrə 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktub ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X7” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X3 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəyişdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh Yasamal rayon İcra Şöbəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, 27.02.2018-ci il tarixli icra sənədinə əsasən X1 1.600.000 (bir milyon altı yüz) manat və ödənilmiş dövlət rüsumunun hesabına 15 manat, cəmi 1.600.015 (bir milyon altı yüz on beş) manat məbləğində pul vəsaiti tutularaq "X13" MMC-yə ödənilməlidir. İcra sənədinin icrasına 27.02.2018-ci il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü müddətdə təmin etməmişdir. İcraat zamanı "X13" MMC 19.03.2018ci il tarixdə və X2 nümayəndəsi X10 02.04.2018-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, X2 mülkiyyətində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən ümumi sahəsi 2566.86 kv., metr olan qeyri-yaşayış sahəsinə və 0,16775 ha torpaq sahəsinin olduğunu və həmin əmlakların üzərinə həbs qoyularaq tələbin sözügedən əmlaklara yönəldilməsini xahiş etmişdir.Bu səbəbdən, sözügedən əmlakın üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimatla müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin 8(004)- 524/2018 saylı, 18.04.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Daha sonra əmlakın qiymətləndirilməsi məqsədi ilə “Qiymətləndirmə Xidməti Mərkəzi’’ MMC-yə müraciət edilmiş və MMC-nin 18.09.2018-ci il tarixli rəyindən əmlakın ******* manat məbləğində qiymətləndirildiyi məlum olmuşdur. Daha sonra həmin əmlak borcun əvəzi qismində tələbkara təklif olunmuş, lakin qəbul olunmamışdır. Sözügedən əmlakın açıq hərrac yolu ilə satışının keçirilməsi məqsədi ilə 14.01,2019-cu il tarixdə “X7” MMC-yə müraciət olunmuş, 08.04.2019-cu il tarixdə hərracın keçirilməsi haqqında şöbəyə bildiriş daxil olmuş, lakin hazıradək nəticəsi barədə məlumat daxil olmamışdır. Tələbin yönəldiyi əmlakın qiymətləndirilməsi və açıq hərracda satışı mütəxəssislər və ixtisaslaşdırılmış təşkilat tərəfindən həyata keçirildiyi üçün həmin prosesdə icra məmurunun qanunsuz hərəkətlərə yol verməsi mümkünsüzdür. Eyni zamanda, hazıradək əmlakın qiymətləndirilməsi barədə rəyin ləğv olunması və ya açıq hərracın keçirilməsinin dayandırılmasına dair icra məmuruna hər-hansı məhkəmə qərarının daxil olmadığı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi idida tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş subutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş icra işinə baxış keçirilən zaman müəyyən edilmişdir ki: - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9284/17 saylı, 07 noyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş, 02 fevral 2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən icra vərəqəsinə əsasən İcra Şöbəsi tərəfindən X1 1.600.000 (bir milyon altı yüz min) manat və ödənilmiş dövlət rüsumu hesabına 15 (on beş) manat, cəmi 1.600.015 (bir milyon altı yüz on beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi təmin edilməlidir. -Cavabdeh 28.02.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, 07.11.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə tələbin könüllü icrası barədə borclu X3 bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən icra sənədinin icrası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə icra olunmamışdır. İcra məmuru tərəfindən icra sənədinin icrası üzrə zəruri tədbirlər davam etdirilmişdir (iddiaçının adında daşınmaz əmlak, nəqliyyat vasitəsinin olması və s. ilə bağlı sorğular verilmiş). -İddiaçı MMC 19.03.2018-ci il tarixdə, borclu X2 etibarnamə üzrə nümayəndəsi X10 isə 02.04.2018-ci il tarixdə Cavabdehnə müvafiq ərizələrlə müraciət edərək, icra sənədi üzrə mübahisəli borc məbləğinin X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən ümumi sahəsi 2566.86 kv.m olan qeyri-yaşayış sahəsinə və 0.16775 ha torpaq sahəsinə yönəldilməsini xahiş etmişlər. Sözügedən ərizələr nəzərə alınaraq, icra məmuru tərəfindən “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimat tərtib olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-524/2018 saylı, 18.04.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və borclunun sözügedən əmlaklarının üzərinə həbs qoyulmuşdur. -Cavabdeh 07.05.2018-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarı ilə sözügedən icra sənədinin icrası üçün hərracda satılmalı olan əmlakın qiymətləndirilməsində yaranmış zərurətlə əlaqədar "xxxx" MMC-dən mütəxəssis dəvət edilmiş, sözügedən əmlakların mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. -"xxxx" MMC tərəfindən QXM/1293 nömrəli, 18.09.2018-ci il tarixli məktubla, Cavabdeh 07.05.2018-ci il tarixli qərarı icra olunaraq, sözügedən əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilmiş və 18.09.2018-ci il tarixə bazar dəyəri 8 700 000 (səkkiz milyon yeddi yüz min) manat müəyyən edilmiş, bununla bağlı qiymətləndirmə rəyi İcra Şöbəsinə təqdim edilmişdir. -Cavabdeh tərəfindən "xxxx" MMC-nin qiymətləndirmə rəyi İddiaçı MMC-yə təqdim edilmiş, İddiaçı MMC 25 dekabr 2018-ci il tarixli məktubu ilə həmin qiymətləndirmə rəyi ilə razı olmadığını, həmin məbləğə daşınmaz əmlakın alınmasından imtina etdiklərini və həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsi və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin həmin məktubuna cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən 17/72-51756/18-2038 nömrəli, 04.01.2019-cu il tarixli məktubla cavab verilərək, "xxxx" MMC-nin müvafiq qiymətləndirmə rəyini məhkəmə qaydasında mübahisələndirmək hüquqları olduğu bildirilmişdir. Bundan sonra 51756/18 saylı sifariş məktubu ilə “X7” MMC-yə hərracın keçirilməsi haqqında 14.01.2019-cu il tarixli, 17/72-51756/18-941 nömrəli məktubu göndərilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, cavabdehin sözügedən məktubla ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Hazırki işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən icra sənədinin icrası ilə əlaqədar icra məmuru əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Göründüyü kimi, icra məmuru mübahisəli əmlakın hərrac vasitəsi ilə satılması üçün zəruri hərəkətlər edərək, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndiriciyə sifariş vermiş və sonuncu da verilmiş sifariş əsasında əmlakın qiymətləndirilməsini həyata keçirmişdir. Qanuna görə, icra məmuru tələbin borclunun əmlakına yönəldilməsi prosedurları çərçivəsində əmlakın hərracda satılmasını təmin edə bilmək üçün əvvəlcə onun qiymətləndirməsini təşkil etməli və müvafiq rəy almalıdır. Bundan sonra isə o, hərracın keçirilməsinə dair ixtisaslaşmış müəssisəyə sifariş verməli və bu zaman həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiymətini göstərməlidir. Hərracı keçirən təşkilat isə bununla bağlı bildirişində digər məlumatlarla yanaşı habelə hərracın başlanğıc qiyməti barədə məlumat verməlidir. İcra məmurunun sifarişi əsasında keçirilən hərraclardakı belə başlanğıc qiyməti kimi isə onun hərracın keçirilməsi ilə bağlı ixtisaslaşmış müəssisəyə verdiyi sifarişdə göstərdiyi ilkin qiymət çıxış edir. Mülki qanunvericilikdə icra məmurunun sifarişindən sonra həmişə hərracın keçiriləcəyi barədə imperativ müddəa yoxdur. Əksinə, müəyyən şərtlər daxilində hərracın keçirilməməsi də mümkündür. Hərrac baş tutduqda isə müqavilə qüvvəsinə malik olan hərracın nəticələri haqqında protokol imzalanır. Mülki qanunvericilik həmçinin həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyini təsbit edir. Beləliklə, müəyyənləşdirilməli hal ondan ibarətdir ki, iddiaçı MMC-nin hüququna müdaxilə nə zaman baş vermiş olur - əmlakın qiymətləndirilməsinə dair rəy verildikdə, ilkin satış qiyməti göstərilməklə hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verildikdə, yoxsa hərrac keçirilməklə əmlak satıldıqda. Məhkəmə hesab edir ki, icra icraatının gedişində əmlakın qiymətləndirilməsinə dair verilmiş rəy (hesabat) özü-özlüyündə iddiaçı MMC ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də, gəlmək mümkün deyildir. Belə ki, digər növbəti icra hərəkətləri aparılmadığı halda yalnız əmlakın qiymətləndirilməsi faktının mövcudluğu özü-özlüyündə tələbkarın və ya borclunun hüququnun pozuntusunu yaratmır. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətlərini aparmalı olduğuna dair imperativ norma yoxdur. İcra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni qiymətləndirmə təyin etməkdə və əldə edilmiş həmin yeni qiymətə əsasən növbəti icra hərəkətlərini aparmaqda sərbəstdir. Nəzərə alınmalıdır ki, icra məmurunun vəzifəsi istənilən qiymət əsasında hərracı keçirməyə nail olmaqdan ibarət deyildir. O, məhkəmə qərarının icrasını təmin edərkən tələbkarın və borclunun əsaslı mənafelərini də gözləmək vəzifəsi daşıyır. Buna görə də, onun hərraca çıxarılacaq əmlakın real dəyərini müəyyən etmək vəzifəsinin olduğu qəbul edilməlidir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin müddəalarından çıxış etməklə icra icraatının tərəfləri özlərinin əldə etdikləri qiymətləndirmə rəylərini icra məmuruna təqdim etməklə, həmin qiymətin ilkin satış qiyməti kimi götürülməsini xahiş edə, eləcə də icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mülahizələrini təqdim edə bilərlər. Tərəflərin rəylə bağlı əsaslı dəlillərinin icra məmuru tərəfindən nəzərə alınmaması düşünülə bilməz. Bu, hüquqi dövlətin ümumi prinsiplərinə və ümumən inzibati icraatın əsas prinsiplərindən biri olan mötəbərlik prezumpsiyasına ziddiyyət yaratmış olar. Sözügedən prinsiplər tələb edir ki, dövlət orqanları qərar qəbul edərkən baxılan məsələnin mahiyyəti ilə sıx bağlı olan maraqlı tərəflərin təqdim etdiyi dəlillərin qəbul edilibedilməməsinə dair prosessual təminatları da gözləməklə əsaslandırılmış münasibət bildirməlidirlər. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qiymətləndirmə rəyinin mövcudluğu digər icra hərəkətləri (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi və hərrac keçirilməklə əmlakın satılması) edilmədikdə müstəqil olaraq hər hansı hüquqi nəticə doğurmur. Ayrılıqda həmin rəy əsas götürülməklə əmlakın taleyi həll edilə bilməz. Əmlakın hüquqi müqəddəratı ilə bağlı məsələ yalnız digər növbəti icra hərəkətlərinin (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi və hərrac keçirilməklə əmlakın satılması) başa çatması nəticəsində həll edilir. Məhkəmə yuxarıda qeyd edilənləri və işin hallarını araşdıraraq, belə bir qənaətə gəlir ki, iddiaçı sözügedən qiymətləndirmə rəyi ilə razılaşmayaraq, hərracın keçirilməsi barədə sifariş verilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərini mübahisələndirsə də (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi onun üçün hüquqi nəticə doğurur), o, nə inzibati icraat zamanı, nə də ki, məhkəmə araşdırması zamanı icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mötəbər sübut, əsaslandırılmış mülahizə təqdim edə bilməmiş, sadəcə öz formal mülahizəsinə əsaslanaraq, əmlakın qiymətinin bazar dəyərindən artıq olmasına istinad edərək, hərracın keçirilməsi barədə sifariş verilməsi ilə əlaqədar icra məmurunun hərəkətlərinin qanunsuz sayılmasını və əmlakın yenidən başqa qiymətləndiriciyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, göstərilən hallar iddiaçının tələbinin əsassız olmasına dəlalət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 61.3.4. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməməsi, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi müəyyən edilmədiyindən iddia əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6161/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6161/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver