Məhkəmə qərarları › İş №2-1(112)-6161/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6161/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6161/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 27 iyul 1994-cü il tarixli, 25603 saylı “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Ləhiş qəsəbəsində yerləşən 0,12 ha, 1585a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... elektron kadastr baza məlumatına əsasən göstərilən bağ sahəsinin şimal hissəsi bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən 1584 və 1585 “a” saylı bağların ərazisinə düşür. Bundan əlavə, idarənin arxivində mövcud olan bağ müqaviləsində bağın nömrəsi 1585 “a” və 1584 saylı bağ sahələri arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 1585a nömrəli bağ sahəsi ünvannda yerləşən iddiaçıya məxsus 0,12 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu. Kürdəxanı qəsəbəsi, Ləhiş bağ yerləşən 0.24 ha ölçülü bağ/torpaq sahəsi 0,12 ha olmaqla iki hissədən ibarətdir. Bunun 0,12 ha-lıq bir hissəsi - 1585а iddiaçının adınadır, faktiki sahibliyində və istifadəsindədir. Yerdə qalan 0.12 ha isə (bağın kök hissəsi) 1585 nömrəsi ilə bacısına məxsus olmuşdur və hal-hazırda bağ müqaviləsi ilə onun adındadır. Bacısı dünyadan köçdüyü üçün iddiaçı onun varisi olaraq 1585 nömrəli bağ sahəsinin də qanuni sahibi və faktiki istifadəçisidir. "1585а" sahəsi ilə bağlı onun keçmiş (ləğv edilmiş) X4 və İstismarı Birliyi ilə 27 iyul 1994cü il tarixli 25603 nömrəli müqaviləsi vardır. Müqavilədən görünür ki, Bakı ŞİH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1994-cü il tarixli 8 nömrəli protokolu əsasında ona 3-cü sıradan (hal-hazırda 30-cu sıra hesab olunur) 0.12ha torpaq sahəsi ayrılmışdır. Bağının eni 25 m, uzunluğu isə 48 metrdir. 1585 sahəsi ilə bağlı isə mərhum bacısı X1 (ləğv edilmiş) X4 və İstismarı Birliyi ilə sağlığında bağladığı 27 iyul 1994-cü il tarixli 25693 nömrəli müqaviləsi olmuşdur və bu müqavilə qüvvədədir. Müqavilədən görünür ki, Bakı ŞİH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1994cü il tarixli 8 nömrəli protokolu əsasında bacısına da 3-cü sıradan (hal- hazırda 30-cu sıra hesab olunur) 0.12 ha torpaq sahəsi ayrılmışdır. Bacısının bağının eni də 25 m uzunluğu isə 48 metrdir. Bundan əlavə bacısının bağ sahəsində 12,3 kv.m. ölçüdə bir tikili də var idi ki, bu tikilinin qalıqları indi də bağ sahəsində durmaqdadır. Qeyd edir ki, bacısının bağ sahəsi yola tərəf olan sahədir, onun sahəsi isə içəri tərəfdədir. Həmin səmtlərdə torpaq sahələri kökdən/əsldən 24 sot ölçüdə olub (25x96). 1989-cu ildən sonra bu bağlar daha kiçik hissələrə bölünüb, çünki həmin zaman qəbul edilmiş qanunvericiliyə görə, bir şəxsə ayrılmış torpaq sahəsinin ölçüsü 0,12 ha-dan artıq ola bilməzdi. Məhz bu səbəbdən də əvvəllər ailələrinin qanuni istifadəsində olmuş 0,24 ha olan torpaq sahəsi 1994-cü il tarixində 2 yerə bölünməklə ona və bacısına verilmişdir. Bacısının adına olan sahə “1585” nömrəsində qalmış, ona ayrılan sahəyə isə “1585а” nömrəsi verilmişdir. “1585а” nömrəsi müqaviləsində də əks olunmuşdur. Bir neçə il bundan əvvəl torpaq sahələrinin rəsmiləşməsi üçün reyestr orqanına (1 saylı Bakı Ərazi İdarəsinə) müraciət edərkən ona yazılı imtina verilmiş, 1585a və 1584 bağ sahələri ilə birlikdə (3 tərəfli qaydada) bölgü aparılmalı olması bildirilmişdir. Xəstə olduğu üçün əraziyə ailə üzvü getmiş və mühəndisə ərazidə bağ sahələrinin yerini düzgün göstərməmişdir. Yəni uzununa göstərməli olduğu halda, eninə göstərmişdir. Bu üzdən mühəndis 1585а və 1584 bağ sahələri ilə bölgü aparılmalı olması qənaətinə gəlmişdir. Əslində isə, mühəndis ərazidə texniki səhvə yol vermişdir. Əvvəla, ona görə ki, mühəndis sxematik xəritəyə əsasən bilməli idi ki, onların (iddiaçının və bacısının) torpaq sahələri yola münasibətdə eninə deyil, uzununa yerləşir, yola olan en isə 25 metrdir. Bu 2 ədəd - hər biri 0,12 ha ölçülü torpaq sahəsi yan-yana deyil, baş-başa yerləşir. İkincisi, mühəndis onun bağ sahəsinin nömrəsini düzgün ifadə etməmişdir. O, elə bilmişdir ki, onun bağ sahəsinin nömrəsi “1585”-dir, halbuki bu “1585a”dır. Bu üzdən, səhvən, 1585а ilə bölgü aparılmalı olmasını qeyd etmişdir. Üçüncüsü, bacısı ilə onun torpaq sahəsi qeyd etdiyi kimi, yan-yana deyil, baş-başa yerləşir. Bu üzdən onların sahələri 1484 nömrəli bağ sahəsi ilə üst-üstə düşə bilməz. Görünür, onun özünün əraziyə gedə bilməməsi səbəbindən ailə üzvünün mühəndisə düzgün məlumat verməməsi, mühəndisi də çaş-baş salmış, o da məsələləri qarışdırmışdır. Bununla belə hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv və baza məlumatları, arxivdə saxlanılan sxematik xəritələrlə bağ sahələrinin yerini dəqiqləşdirmək mümkün idi. Çünki onların yanında olan 1586 nömrəli bağ sahəsi artıq özəlləşdirilmiş və çıxarış alınmışdır. Onun bağ sahəsinin yol tərəfdən eni 25 metrdir. Bu ölçü onlarda da eninə 25 metrdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1584 saylı bağın ərazisinə uyğun gəlir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 27 iyul 1994-cü il tarixli, 25603 saylı “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Ləhiş qəsəbəsində yerləşən 0,12 ha, 1585a saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı 1585a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi ilə aralarında bağlanmış 27 iyul 1994-cü il tarixli, 25603 saylı “bağın icarəyə verilməsi haqqında” müqaviləni təqdim edir. Cavabdehin iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Hazırda mübahisə torpaq sahəsinin yerləşməsi ilə bağlıdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: Bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1584 saylı bağın ərazisinə uyğun gəlir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bundan başqa cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda 1584 saylı bağ sahəsinə dair hər hansı bir sənəd aşkar edilmədiyini bildirmiş və 1585 və 1585a nömrəli bağ sahələrini texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh torpaq sahələrinin ortofotosunu əks etdirən görüntünü məhkəməyə təqdim etmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq bağların bölgüsünə dair sxematik xəritə məhkəməyə təqdim edilmişdir. Təqdim edilən müayinə aktı, ortofoto görüntüsü və sxematik xəritə məlumatlarından müəyyən edilir ki, cavabdeh imtina məktubu verərək bağların yerləşməsini sxematik xəritəyə uyğun yoxlamamışdır. Belə ki, sxematik xəritəyə əsasən bağların nömrə ardıcıllığı yuxarıdan aşağıya, yəni eninə dəyişir. İddiaçı və bacısına ayrılmış torpaq sahələri isə, 1585 saylı bağ və onun bölünəni=, yəni 1585a saylı bağdır və bağların yerləşməsi eninə deyil, uzununadır və 1585a saylı bağ yol tərəfə düşür. Bu hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ortoto görüntüsü ilə də təsdiq edilir. Bu yanlışlıq nəticəsində cavabdeh düzgün olmayaraq iddiaçıdan 1854 saylı bağla bölgü sxem tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 1585a nömrəli bağ sahəsi ünvanında yerləşən İddiaçı məxsus 0,12 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar