Məhkəmə qərarları › İş №2-1(112)-6162/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6162/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6162/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi“ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş 50.000 manat ziyanın (ödəilməmiş əmlak pulu, tələf olmuş uşaqlara və mənəvi ziyana görə ödənclər) kompensasiya şəklində ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi ilə birlikdə kirayə qaldığı ünvan 1 ünvanında 5 noyabr 1985-ci il tarixdə baş vermiş yanğın nəticəsində onun 2 övladı dünyasını dəyişmiş, bütün əmlakı məhv olmuşdur. Yanğın nəticəsində bütün sənədlərin məhv olmasından istifadə edən sığorta idarəsi qərəzli şəkildə güya sığorta olunmadığını, ödəniş edilməyəcəyini bildirmişdir. 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində iddiaçının orada olan əmlakı həyat yoldaşının cehizləri ilə birlikdə məhv olmuş, lakin heç bir ödəniş edilməmişdir. İddiaçı ali təhsil aldıqdan sonra vətəninə qayıda bilmədiyindən məskunlaşdırılmamış ermənistanlı qaçqındır. Eyni zamanda 2-ci dərəcə əlildir. 1997-ci ildən, yəni 27 ildir Xətai Rayon İcra Hakimiyyətində güzəştli siyahıda mənzil növbəsindədir. İddiaçının müavinətləri 1992-ci ildən bəri ödənilmir. O, Xətai rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, bütün yuxarı dövlət instansiyalarına və məhkəmələrə əmlak pulu ödənilməsi, çoxsaylı pozulmuş hüquqlarının bərpa olunması üçün etdiyi müraciətlər dövlət məmurlarının və hakimlərin qərəzli münasibətləri sayəsində nəticəsiz qalmışdır. Bu illər ərzində bütün dövlət instansiyalarına, məmurlara və məhkəmələrə minlərlə ərizələrin yazılmasına, on minlərlə arayışların surətlərinin çıxarılmasına, nəqliyyat vasitələrinə çəkilən xərclərə, vaxt itkisinə, əziyyətə, fiziki və mənəvi ziyana görə 15000 manat əlavə kompensasiya ödənilməlidir. Bu səbəbdən əmlak pulu ilə birikdə cəmi 50000 manat kompensasiya iddiaçıya ödənilməlidir.

3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

7. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

8. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

9. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, iddiaçının əmlakına dəyən ziyanın kompensasiya şəklində ödənilməsi barədə ərizə ilə müraciəti 2022-ci ildə olmuş və həmin müraciət cavabdeh icra hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq qeyd edilən məsələ ilə əlaqədar rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmadığı bildirilmişdir.

10. Göründüyü kimi qanunvericiliklə müəyyən olunmuş iddianın qaldırılma müddətinə riayət olunmamış və ya cavabdeh orqana mövcud tələblə yenidən müraciət edilməmişdir.

11. Digər tərəfdən iddianın verilməsi müddətinə əməl olunaraq cavabdeh orqana müraciəti olsa idi belə, iddiaçının tələbini təmin etmək rayon icra hakimiyyətinin səlahiyyətlərinə aid edilməmişdir.

12. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında” Əsəsnamənin 4-cü bəndinə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətləri aşağıdakılardır: 4.6. Əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində: 4.6.1. vətəndaşlara dövlət tərəfindən sosial yardım göstərilməsi işini təşkil etmək; 4.6.6. müharibə və əmək veteranlarının, ahıl vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək; 4.6.7. ehtiyacı olan şəxslərin sosial xidmət müəssisələrində yerləşdirilməsi üçün zəruri tədbirlər görmək; 4.6.8. ailə başçısını itirmiş ailələrin, çoxuşaqlı ailələrin, evdə qulluğa ehtiyacı olan əlilliyi olan şəxslərin müharibə və əmək veteranlarının, qocaların mənzil və maddi-məişət şəraitinin yaxşılaşdırılmasına kömək göstərmək; 4.6.10. müəyyən yaşayış yeri olmayan vətəndaşlara, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərə, məcburi köçkünlərə sosial xidmət və sosial dəstək göstərilməsi ilə bağlı tədbirlər həyata keçirmək;...

13. Göründüyü kimi, birbaşa olaraq yaşayış sahəsinə və ya ailə üzvlərinin tələf olunması nəticəsinə iddiaçıya dəyən ziyana görə kompensasiya ödənilməsi cavabdeh orqanın səlahiyyətlərinə aid edilməmişdir.

14. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqsədilə keçirilmiş məhkəmə iclasında (xx.xx.2024-cü il tarixli iclasda) iştirak edən iddiaçıya hüquqi marağına uyğun olaraq əlverişli iddia növündən istifadə edərək başqa predmetli iddia, eyni zamanda başqa cavabdehə qarşı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamışdır.

15. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar