Məhkəmə qərarları › İş №2-1(112)-6166/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6166/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6166/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X1 “paylı mülkiyyətdə olan torpaq sahəsinin ona aid hissəsinə, yeni ünvanın, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs X3 cəlb edilməklə “paylı mülkiyyətdə olan torpaq sahəsinin ona aid hissəsinə, yeni ünvanın, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********1 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən ümumi sahəsi 32,40 kv.metr olan 7 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,1369 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5, X7 və İddiaçı Mehran oğlunun hər birinin 1/3 hissədə paylı mülkiyyətindədir. Paylı mülkiyyətçilər həmin daşınmaz əmlakın bölgü sxemini tərtib eedilmiş və bölgü sxem Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təsdiqlənmişdir. Bölgü sxemə əsasən sözügedən torpaq sahəsinin 504,8 m2 hissəsi İddiaçı, 427,5 m2 hissəsi X4 və 436,7 m2 hissəsi iddiaçının payı müəyyən edilmişdir. İddiaçı ünvan 1 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bölünərək üzərindəki hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, ayrıca çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “… daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair payın miqdarının müəyyən edilməsi ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən, sahəsi 32,4 m2 olan tikili istisna olmaqla, 0,1369 ha sahəsi olan torpaq sahəsinin 436,7 m2 hissəsinə onun adına ayrıca çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərarə qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bölgü sxemində göstərilən 436,7 kvadrat metr hissədə olan torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinin hüdudları digər payçılara məxsus torpaq sahəsindən daş hasar vasitəsilə ayrılmış, torpaq sahəsindən ümumi istifadədə olan küçəyə ayrıca giriş və çıxış qapıları mövcuddur. Bölgü sxemində göstərilən göstərilən “A” tikilisi isə digər mülkiyyətçinin istifadəsindədir. Onun bölgü sxemində qeyd olunan tikiliyə heç bir iddiası yoxdur. Həmin tikilidə ona düşən paydan imtina etməyə, öz payını digər mülkiyyətçilərə verməyə hazırdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, bölgü sxeminə uyğun naturada bölünmüş sahə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış paylarla uyğunsuzluq təşkil edir. Həmçinin bölgü sxemi notarial qaydada təsdiq edilməmişdir. xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, ümumi torpaq sahəsi daş hasarla payçılar arasında hissələrə bölünmüşdür. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasınının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən ümumi sahəsi 32,40 kv.metr olan 7 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,1369 hektar torpaq sahəsi iddiaçının və X5, X4 paylı mülkiyyətindədir. Paylı mülkiyyətçilər öz aralarında daşınmaz əmlakın bölgüsü ilə bağlı razılığıa gəlmiş və bunun nəticəsi olaraq bölgü sxem tərtbi edilmişdir. İddiaçının hazırkı tələbinin əsasını həmin bölgü sxemə uyğun olareaq paylı mülkiyytətdə olan daşınmaz əmlakın bölgüyə əsasən ona düşən hissəsinin dövlət reyestrində qeydə alınması ayrıca hüquqmüəyyənedici və texniki sənədlərin verilməsi təşkil edir. Cavabdeh göstərilən qaydada dövlət reyestrindən iddiaçıya ayrıca Çıxarışın verilməsindən imtina edir və imtinaya əsas kimi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair payın miqdarının müəyyən edilməsi ilə bağlı notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilmədiyinə istinad edir. Cavabdeh həmçinin iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, bölgü sxeminə uyğun naturada bölünmüş sahə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış paylarla uyğunsuzluq təşkil edir. Həmçinin bölgü sxemi notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Sadalanan qanunvericilik normaların və Plenum qərarındakı hüquqi mövqeyə görə, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Qanunvericilik və Plenum qərarı ilə paylı mülkiyyətin bölünməsi və payın ayrılmasının mərhələli şəkildə hansı ardıcıllıqla aparılması müəyyən etmişdir. Bunun üçün ilk növbədə paylı mülkiyyətçilərin razılığı tələb olunur. Baxılan işdə üçüncü şəxsin belə bir razılığının olması müəyyən edilmir. Digər paylı mülkiyyətçi X7 isə xx.xx.2023-cü il tarixdə ölmüşdür. Lakin belə bir razılığın olmaması və paylı mülkiyyətçilərdən birinin ölməsi iddiaçıya payının ayrılmasını tələb etmək hüququndan məhrum etməməlidir. Tərəflər arasında razılıq olmadığı üçün əmlakın naturada ayrılmasıın mümkünlüyü müəyyən edilməlidir. Tərəflər arasında tərtib edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təsdiqlənmiş bölgü sxemin qeyd hissəsindən müəyyən edilir ki, X4 faktiki yaşadığı, paylı mülkiyyətdə olan A tikilisinin digər payçılara məxsus şərti bölünmüş 1/3 və 1/3 hissələrinin də qanunamüvafiq qaydada onun mülkiyyətinə verilməsi və torpaq sahəsinin daxili daş hasarla üç ayrı girişlərə malik müstəqil hissələrdən ibarət olduğunun nəzərə alınması şərtilə bölünməsi məqsədəuyğundur. Bölünmüş torpaq sahələrinin hər birində sənədləşdirilməmiş tikililər və evlər yerləşir və həmin digər payçıların həmin evlərdə yaşadıqları nəzərə alınmalıdır. Göründüyü kimi, paylı mülkiyyətdə olan “A” tikilisi bölgüyə əsasən mülkiyyətçilərdən X4 torpaq sahəsinə düşür. Digər mülkiyyətçilərin həmin tikiliyə olan mülkiyyət hüququndan imtina etdiyi halda, daşınmaz əmlakın bölgüsünün mümkünlüyü qeyd edilmişdir. İddiaçı isə iddia tələbinə dəqiqləşmə verərək 32.4 kv.metr olan “A” tikilisindən imtina etdiyini, yalnız torpaq sahəsinin ona düşən hissəsinə bölgünün aparılmasına razı olduğunu bildirmişdir. Həmin qeyd hissəsindən həmçinin müəyyən edilir ki, torpaq sahələri daxili daş hasarla üç ayrı girişlərə malik müstəqil hissələrdən ibarətdir və bölünmüş torpaq sahələrinin hər birində sənədləşdirilməmiş tikililər və evlər yerləşir və həmin digər payçılar həmin evlərdə yaşayırlar. Həmçinin cavabdeh iddiaya verdiyi etiraz ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, ümumi torpaq sahəsi daş hasarla payçılar arasında hissələrə bölünmüşdür. Göründüyü kimi, paylı mülkiyyətin naturada ayrılması texniki cəhətdən də mümkündür. Cavabdeh imtina ilə bağlı o hala istinad edir ki, payın miqdarı ilə bağlı notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, payın miqdarının müəyyən edilməsi ilə bağlı mütləq qaydada notarial qaydada təsdiq edilmiş müqavilənin olması qanunvericilikdə təsbit edilməmişdir. Cavadehdə bu halla bağlı hər hansı qanunvericlik normasına istinad edə bilmir. Bu məsələnim tənzimləyən Mülki Məcəllənin yuxarıda sadalanan normalarında tərəflərin razılığı nəzərə tutulmuşdur. Razılıq olmadığı təqdirdə məhkəmə qərarı ilə məsələnin həlli təsbit edilmişdir. İstinad olunan normalarda razılığın notarial qaydada olması qeyd olunmamışdır. Cavabdeh iddiya verdiyi etirazında həmçinin qeyd etmişdir ki, bölgü sxemə uyğun naturada bölünmüş sahə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış paylarla uyğunsuzluq təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin ümumi sahəsi 0,1369 ha dır. Tərəflərin hər birinin payı 1/3-dir. Paylar bərabər nəzərə alındığında hər mülkiyyətçiyə 456,3 kv.metr torpaq sahəsi düşür. Bölgüyə əsasən isə iddiaçının sahəsi 436,7 kv.m-dir. Yəni iddiaçının iddia etdiyi hissə paylı mülkiyyətin ona düşən hissəsindən azdır. Belə olan halda cavabdehin istinad etdiyi bu uyğunsuzluq digər paylı mülkiyyətçilərin mənafeyinə, eyni zamanda tərəflər arasında razılaşdırılmış bölgüyə uyğundur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən, sahəsi 32,4 kvadrat metr olan tikili istisna olmaqla, 0,1369 ha torpaq sahəsinin 436,7 kvadrat metr hissəsinə İddiaçı adına ayrıca çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar