Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6167/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödəmə adı altında vəsaitin tutulmasının qadağan edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “tələb edilən 39245,18 manat pul məbləğindən tutulmamış pul vəsaitinin tələb edilməsini cavabdehə qadağan edilməsini, tutulmuş pul vəsaitinin isə geri qaytarılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. xx.xx.1983-cü il tarixdə Bakı Ali Hərbi Komandanlıq Məktəbinə qəbul olunmuş və 1987-ci ilin iyul ayında həmin məktəbi bitirmişdir. 1987-ci il tarixindən 1992-ci il tarixinədək Sovet Oordusunda xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.2019-cu il tarixində polkovnik hərbi rütbəsi ilə ordu sıralarından yaşa görə ehtiyata buraxılmışdır. Beləliklə də, xx.xx.2019-cu il tarixindən etibarən hərbi xidmətini başa vuraraq pensiyaya çıxmış, sonuncu artımla əlaqədar olaraq aylıq 2.692.64 AZN məbləğində pensiya almışdır. Həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin koordinasiya qrupunda (hərbi deyil, mülki xarakterli vəzifəyə) işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində dövlət qulluqçusu (hərbi deyil, mülki xarakterli vəzifəyə) kimi işə qəbul olunmuşdur. Qeyd edilən mülki xarakterli vəzifənin icrası zamanı da əmək haqqı ilə birlikdə pensiyanı 2022-ci ilin noyabr ayına qədər problemsiz şəkildə almağa davam etmişdir. 2022-ci ilin dekabr ayında pensiyası kəsilərək 1397.66 AZN məbləğində pensiya almışdır. Bundan sonra pensiya kəsildiyinə görə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərələ Təyinat üzrə Mərkəzi Filialının rəisinə rəsmi məktubla müraciət olunsa da, onun məktubu cavablandırılmamışdır. Müvafiq tədbirlərdən sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən daxil olmuş məktubunda iddiaçının dövlət qulluqçusu kimi əmək fəaliyyəti davam etdirməyini nəzərə alaraq pensiyanın əsaszız olaraq tam ödənilməməsi bildirilmişdir. Belə ki, dövlət qulluqçusu olduğu üçün əmək pensiyası 50% miqdarında azaldılmış və indiyə qədər ona əmək pensiyasının 50%-i miqdarında artıq ödənilmiş məbləğlər dövlət nəfinə tutulmaqda davam etdirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya 12 mart 2019-cu il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 58 il 11 ay 23 gün xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 2447,85 manata artırılmaqla ona ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə (dövlət qulluqçusu və s.) işlədikdə əmək pensiyasına qulluq stajına görə əlavə 50 faiz miqdarında ödənilir.“Əmək pensiyaları haqqında” Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Sözügedən Qanunun 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma zamanı iddiaçının xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mütəxəssis vəzifəsinə dövlət qulluğuna qəbul olunduğu, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyindən əmək pensiyasına qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilib. Buna görə də iddiaçının əmək pensiyası (2447,85 manat) 2022-ci ilin dekabr ayında yenidən hesablanaraq sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə hissəsi isə 50 faiz miqdarında (2447,85- 347,46=2100,39x50%=1050,20 manat) olmaqla ümumilikdə 1397,66 (347,46+1050,20) manat məbləğində müəyyən edilib (139,77 manat maddi yardım məbləği ilə birlikdə 1537,43 manat). Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanaraq ona ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunan maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata (xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 139,77 manat olmaqla tutulmuş ümumilikdə 559,08 manat nəzərə alınmaqla) azaldılıb. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci və 20.14.1-ci maddələrinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçının pensiya məbləği 2.447,85 manat, yenidən hesablanmış pensiya məbləği 1.397,66 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixindən Filial tərəfindən təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və sonrakı artımlar nəzərə alınmaqla pensiyanın məbləği 2447,85 manata çatdırılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixindən Müdafiə Nazirliyində dövlət qulluğunda mütəxəssis vəzifəsinə qəbul olunmuş, lakin "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci və 38.2-ci maddələri nəzərə alınmaqla bu barədə Filiala məlumat vermədiyi üçün, pensiyaya qulluq stajına görə əlavənin tam məbləğdə ödənildiyi aşkar edilmişdir. Nəticədə, pensiyanın məbləği xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq pensiyanın sığorta hissəsi tam (347,46 manat), qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında (2447,85-347,46=2100,39x50%=1050,20 manat) olmaqla 1397,66 (347,46+1050,20) manat və 10% miqdarında maddi yardım məbləği (139,77 manat) ilə birlikdə 1537,43 manat müəyyən edilmişdir. Eyni zamanda, pensiyanın məbləği xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmış və iddiaçıya ümumilikdə 44761,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 44761,04 manatdan 39245,18 manata endirilmiş və xx.xx.2022-ci il tarixindən pensiyasından hər ay 139,77 manat tutularaq Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına bərpa edilməkdədir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən hərbi qulluqçu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər Qanunun 20-ci maddəsində nəzərdə tutulan digər vəzifələrdə (dövlət qulluqçusu və s.) işlədikdə əmək pensiyasına qulluq stajına görə əlavə 50 faiz miqdarında ödənilir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbindən görünür ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, iş üzrə pensiya işində belə bir razılıq mövcud olmamış, eləcə də razılıq olmadığı halda məhkəmə qaydasında tutulma ilə bağlı tədbirlərin cavabdeh tərəfindən görülməsi də müəyyən edilməmiş, pensiya işində hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Bu baxımından qeyd edilməsi zəruridir ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inziati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçıya edilmiş ehtimal olunan artıq ödəməyə münasibətdə etimad hüququ qorunmaqdadır. Belə ki, həmin artıq ödənilməsinin aparılmasında 67.6-cı maddədə göstərilən hallardan hər hansı biri mövcud olmamış, artıq ödəməyə münasibətdə rüşvət, hədə-qorxu və ya aldatma həyata keçirilməmiş, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmiş, pensiyanın artıq ödənilməsinə münasibətdə qanunsuz mövcud olduğu bilinməmiş, bilinməli olmamışdır. İş materiallarından da göründüyü kimi artıq ödəmənin mövcud olması cavabdehin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, ödəmənin artıq aparılması cavabdehin əməkdaşları tərəfindən aparılmış ehtimal olunan səhv hesablama ilə əlaqədar olmaqla iddiaçının təqsiri sferasından kənar olmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv olunmasa belə, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının hər hansı müdaxiləsi olmadan aparılmış ehtimal olunan səhv hesablama artıq ödəmə adı ilə ödənilmiş pul vəsaitinin istər məhkəmə qərarı, istər məhkəmə qərarı olmadan cavabdeh tərəfindən tutulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə əsas ola bilməz. Odur ki, pul vəsaitinin tutulması cavabdehə qadağan edilməli, tutulmuş pul vəsaitinin isə geri qaytarılması cavabdehə həvalə olunmalıdır. Nəzərə alınmalıdır ki, Qanunun 39.1-ci maddəsində qeyd edilən artıq ödənilmiş əmək pensiyasının tutulması dedikdə, həmin məbləğin büdcəyə bərpasına yönəlmiş bütün tədbirlərin tətbiqi də başa düşülməlidir. Başqa sözlə, pensiya orqanı pensiya alan şəxsin razılığı olmadığı təqdirdə tutulmanın və tələb etmənin aparılmasına münasibətdə də məhkəməyə müraciət etmək öhdəliyi daşımışdır ki, iş materiallarından göründüyü kimi həmin tədbirlər məhkəmə qərarı olmadan, yazılı razılıq alınmadan həyata keçirildiyindən qanunsuz və əsassızdır. Lakin, məhkəmə prosessual qənaət prinsipi baxımından göstərilən formada tutulma və digər aidiyyəti tədbirlərin qanunsuz və əsassızlığını inzibati orqan tərəfindən iddia irəli sürülmədən də hazırkı mübahisə çərçivəsində qiymətləndirmək səlahiyyətindədir. Belə ki, iddia ərizəsindən görününür ki, mübahisə pul vəsaitinin inzibati orqan tərəfindən tələb edilməsi, tutulmasının qanunsuz hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, 39.1-ci madddənin tələblərindən əlavə, məhkəmə cavabdeh tərəfindən ümumilikdə qanunsuz hesab edilməsinə səbəb ola biləcək digər hallara və qanunvericiliyin tələblərinə istinad etməyə haqlıdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 39245,18 manat pul məbləğindən tutulmamış pul vəsaitinin tələb edilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin. Tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6167/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6167/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver