Məhkəmə qərarları › İş №2-1(112)-6168/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6168/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6168/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Nərimanov rayonu ərazisində M.Məmmədov 17 küçəsindəki qaraj kompleksində yerləşən, ona məxsus qarajın məhv edilməsi ilə nəticələnən hərəkətlərinin qeyri-qanuni sayılması, bu hərəkətlər nəticəsində ona dəymiş ziyana görə bu qarajda saxlanılan əmlakın itkisi - 32695, qarajın bərpası üzrə xərclərə - 29658, cəmi cavabdehdən 62353 (altmış iki min üç yüz əlli üç) manat məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməiclasındaiştirakedən cavabehin nümayəndəsi X4 vəsatət verərək bildirdi ki, “ADA” Unversitetinə yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017ci il tarixli 527 Ns-li Sərəncamı qəbul edilmişdir. Sərəncamın 1-ci bəndinə əsasən “ADA” Unversitetinin xx.xx.2017-ci il tarixli 14/6001-17-14 №-li müraciəti nəzərə alınaraq, Nərimanov rayonu, 802-803-cü məhəllədə “ADA” Unversitetinin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman komleksinin tikintisinin layihələndirilməsinə həmin Universitetə icazə verilmişdir. Torpaq sahəsinin ölçüləri dəqiqləşdirilmiş, ayrılmış torpaq sahəsinin cizgisi və 2018-ci il tarixli 18/134 nömrəli Ayrıc Aktı tərtib olunmuşdur. Mübahisəli ərazinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 №-li qərarına əsasən “Tələbə Kampusu və digər tikililərin inşası məqsədi ilə “ADA” unversitetinə ayrılması, həmin ərazidə köçürülmə işlərinin aparılması və kompensasiyaların verilməsinin unversitetin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən həyata keçirilməsi barədə tərəflərindən bütün maraqlı şəxslər məlumatlandırılmışdır. Mübahisəli ərazidə təmsil etdiyin qurum tərəfindən hər hansı tikinti, söküntü və abadlıq işləri aparılmamış və hər hansı bir layihə və ya inzibati akt qəbul edilməmişdir. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. İddia tələbi üzrə istifadə hüququ ilə iddiaçıya məxsus qaraja münasibətə gəldikdə bildirmək istəyirəm ki, qarajlar bir qayda olaraq, təyinatı üzrə nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçündür, abadlıq və yenidənqurma işlərinin aparılması zərurəti yarandıqda həmin qarajlar əvəzi ödənilmədən sökülür və ya köçürülür. Bakı Şəhər XDS-in icraiyyə Komitəsinin xx xxxx 1988-ci il tarixli, 6/351 saylı qərarın surətindən görünür ki, həmin qərarla həyətlərdə və məhəllədaxili ərazilərdə fərdi qarajların quraşdırıması qadağan edilmiş, Böyük Vətən müharibəsinin əlilləri və onlara bərabər tutulan şəxslər istisna kimi göstərilmiş və bu zaman alqı-satqı və vərəsəlik hüququnun olmaması müəyyən olunmuşdur. Bakı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarxili, 19 №-li sərəncamından görünür ki, sərəncamda qaraj kooperativlərinin Azərbaycan Respublikası qanunlarına uyğun olaraq qeydiyyata alınması və qarajların tikintisinin vahid layihə əsasında, müəyyən edilmiş ölçülərdə (3x6 m) həyata keçirilməsi göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarxili 480 №-li Sərəncamı ilə - 1.Bakı Şəhəri rayonlarının icra hakimiyyətləri başçılarına hər hansı tikinti aparılması məqsədilə torpaq sahəsinin ayrılması qadağan edilmişdir. 2. Bakı Şəhər Torpaq şöbəsinə bu Sərəncamın imzalandığı tarixdən RİH başçıları tərəfindən verilən Sərəncamlar əsasında fiziki və hüquqi şəxslərə torpaq sahəsi üzərində hüquqularını təsdiq edən sənədlərin (Dövlət aktı və ya şəhadətnamə) verilməməsi tapşırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 7-12/7 №-li məktubu ilə xx.xx.2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativin qaraj tikintisi üçün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə sərəncamların verilməməsi və verilən sərəncamların icra edilməməsi göstərişi verilmişdir. Nərimanov RİH tərəfindən xx.xx.2009cu il tarixdə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmiş, rayon XDS İK və rayon icra hakimiyyətləri (RİH-ləri) tərəfindən müvəqqəti qaraj quraşdırılmasına və tikintisinə verilmiş icazə sənədləri ilə bağlı həmin qarajlara tərtib edilmiş Texniki Pasportun həmin qarajlara mülkiyyət hüquqlarının əldə olunmasına əsas olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Bakı Şəhər Ərazi İdarəsi xx.xx.2009-cu il tarixli 03/2583 №-li məktubla “Texniki Pasportun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzşəkmə və inventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən müvafiq texniki sənəd olduğu və daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas vermədiyini bildirir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməiclasındaiştirakedən iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, iddiaçı Bakı şəhəri Nərimanov rayonu ərazisi, Malik Məmmədov 17 küçəsində yerləşən qaraj kompleksindəki qarajlardan birinin sahibidir. 2020-ci il yanvarın sonunda iddiaçıya və yuxarıda göstərilən kompleks qarajlarının digər sahiblərinə Nərimanov rayonu İcra Hakimiyyətinin əməkdaşları məlumat verdilər ki, yaxın zamanda onların qarajları söküləcək, belə ki, bu ərazi guya Bakı şəhəri İcra Hakimiyyətinin mövcud Sərəncamına uyğun olaraq dövlət ehtiyacları üçün alınmalıdır. 2020-ci il fevralın ortalarında İcra Hakimiyyətinin Başçısının 1-ci müavini canab Şahmar İbadov qaraj sahiblərinin bir çoxunu öz kabinetində qəbul etmişdir. Bu zaman o, onlara qarajların alqı-satqı müqaviləsini imzalamağı və onların açdığı bank hesabına müqaviləyə uyğun olaraq vəsaitləri köçürmək üçün "Kapital" bankda hesab açmağı təklif etmiş və bildirmişdir ki, 1 kv.m-in qiyməti 500 manatı keçməyəcəkdir. Müqavilə ilə tanış olduqda burada birincisi, alıcının göstərilməməsi, ikincisi isə, qiymətin qeyd olunmaması dərhal nəzərə çarpırdı. İddiaçı və digər mülkiyyətçilər cənab Ş.İbadovdan tələb edirdilər ki, onun özünün və əməkdaşlarının öz hərəkətlərinin qanunuliyinin əsası kimi istinad etdikləri sənədi onlara təqdim etsinlər. Lakin təəssüf ki, cənab Ş.İbadov aşağıdakıları deyərək onlara heç bir sənəd təqdim etmədi: "Əvvəlcə müqaviləni imzalayın, sonra mən Nazirlər Kabinetinin Sərəncamını Sizə təqdim edim”. Bundan sonra, 2020-ci il mart ayının ilk günlərində Cavabdehin əməkdaşları (İbrahim, Eldəniz və Gurban) Şahmar İbadovun rəhbərliyi altında ağır texnikanı (traktor və ekskavator) gətirdərək qaraj sahiblərinin iştirakı ilə iki qarajı dağıdılmışdır. Həmin qarajların sahibləri söküntü vaxtı ərazidə yox idi. Bu zaman canab İbadov digər mülkiyyətçilərə bunları dedi: "Əgər Siz 10 gün ərzində qarajları könüllü olaraq satmağa razılaşmasanız, onlar da bu qarajlar kimi söküləcək və bundan sonra baxarıq, Siz bunlara görə nəsə ala biləcəksiz?". Bundan sonra iyulun ortasında İcra Hakimiyyətinin əməkdaşları 1-ci müavin Şahmar İbadovun rəhbərliyi altında, həmçinin polis əməkdaşlarının iştirakı ilə, heç bir qanuni əsas olmadan, reydi keçirərək onların qarajlarının zəbt edilməsi, talan edilməsi və məhv edilməsini həyata keçirmişlər. Bu hərəkətləri sərt karantin rejiminin şərtlərindən istifadə edərək etmişlər, bu zaman insanların evdən çıxmaq üçün ciddi olaraq müəyyən istiqamətdə cəmi 2 saat vaxtı var idi. Cavabdehin məsul əməkdaşları 1-ci müavin Ş.İbadov rəhbərliyi altında bu vəziyyətdən xüsusi sinizmlə məharətlə yararlandılar. İddiaçı qaraj kompleksinin ərazisinə gələndə onun qarajı artıq sökülmüşdür, qarajda olan əşyalar da yox idi. İddiaçı Ş.İbadovdan tələb etmişdir ki, izah edilsin, bu nə özbaşnalıqdır ki, o bunlara yol verir, onun şəxsi qarajını sökməyə onun nə ixtiyarı var və oradakı əmlak necə olmuşdur? O, belə cavab vermişdir: "sənin bütün əşyaların etibarlı yerdədir və sən qarajı bizim dediyimiz şərtlərdə satmağa razılaşsan, əşyaları biz sənə tam şəkildə qaytaracağıq”. İddiaçı və digər qaraj sahibləri Polisin "102 Xidmətinin" qaynar xəttinə çox zəng etdilər ki, bütün bu özbaşnalıqlar barədə xəbər versinlər, lakin heç bir nəticəsi olmadı. Sonra iddiaçıya tanış olmayan polis formasında bir kişi yaxınlaşdı və dedi ki, "102 Xidmətinə” zəng etmək lazım deyil, çünki o, polis nümayəndəsidir, artıq çağırış yerinə gəlmişdir. O, izah etdi ki, polis sahə müvəkkilidir və onların qaraj kompleksinin ərazisi ona tabedir, həmçinin dedi ki, guya onun sahə məntəqəsində Rayon İcra Hakimiyyəti əməkdaşlarının hərəkətlərini leqallaşdıran sənəd vardır. Sonra o, təklif etdi ki, iddiaçı onun məntəqəsinə getsin, lakin həmin vaxt iddiaçının aldığı 2 saatlıq "SMS-icazə" vaxtı bitdiyi üçün və bu cür sənədin ümumiyyətlə mövcud olması ehtimalı çox az olduğu üçün o, onunla getməkdən imtina etmişdir. "COVİD-19" pandemiyası ilə mübarizə üzrə Respublika operativ qərargahı xx xxxxxx 2020-ci ildə evdən SMS bildiriş vasitələri üzrə məqsədli, bildirişlə çıxma qaydasını ləğv edən kimi, iddiaçı öz qarajına baş çəkməyə getmiş və orada qəti şəkildə əmin olmuşdur ki, qaraj dağıdılmış və orada olan əmlak əsər-əlamət qalmadan yoxa çıxmışdır. Beləliklə, Bakı şəhəri Cavabdeh yuxarıda təsvir olunan, iddiaçının qarajının məhv edilməsi kimi qanuna zidd özbaşnalığa yol vermiş, Azərbaycan Respublikası Konstitusiyasına zidd hərəkət etmişdir. Cavabdehin qanuna zidd hərkətləri nəticəsində iddiaçıya 62.353 manat dəyərində maddi ziyan dəymişdir. Bu məbləğin 29.658 manatı məhv edilmiş qarajın, dağıdılmış giriş yolları və normal istifadə üçün zəruri olan digər kommunikasiyaların bərpasına tələb olunan xərclər, 32.695 manat isə məhv edilmiş qarajda saxlanılan itmiş əmlakın dəyəridir. Hesab edir ki, iddiaçıya ziyan vurulmasına səbəb olan əməllər cavabdehin əməkdaşları tərəfindən törədilmişdir, bu, iş materiallarına əlavə edilmiş sübutlarla da öz təsdiqin tapır, ona görə də hazırki iddia tələbi üzrə cavabdeh məhz Cavabdeh olmalıdır. Göstərilənlərə əsasən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “ADA” Unversitetinə yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 527 №-li Sərəncamından görünür ki, “ADA” Unversitetinin xx.xx.2017-ci il tarixli 14/6001-17-14 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, 802-803-cü məhəllədə “ADA” Unversitetinin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman komleksinin tikintisinin layihələndirilməsinə həmin Universitetə icazə verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2018-ci il tarixli 18/134 nömrəli Ayrıc Aktı və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. Göründüyü kimi, iddiaçının qeyd etdiyi ərazidə müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman komleksinin tikintisinin layihələndirilməsinə “ADA” Unversitetinə icazə verilmişdir və bununla əlaqədar Sərəncam Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş, eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2018-ci il tarixli 18/134 nömrəli Ayrıc Aktı və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. Cavabdehin qeyd olunan ərazi və orada aparılan söküntü, tikinti və köçürülmə işləri ilə hər hansı formada əlaqəsinin olmasını, habelə qeyd olunanlarla əlaqədar Cavabdeh tərəfindən hər hansı hərəkətin edilməsini və ya qərar qəbul edilməsini təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim edə bilmədi. Beləliklə, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “cavabdehin hərəkətlərinin qeyriqanuni hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar