Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6168/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X1 (Astara rayonunda qeydiyyatdadır), cavabdehin nümayəndəsi X3 (Şəki şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, X2 Hüquq departamentinin böyük mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat sosial müavinətin verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat sosial müavinətin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 22.04.2020-ci il tarixdə ESOSİAL.AZ saytına online müraciəti təmin edilməyərək, iddiaçının torpaq mülkiyyətçisi olduğunu bildirmişlər. Bu həqiqətə uyğun olmayan iddiadır. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi də təsdiqləyir ki, iddiaçının adında torpaq sahəsi yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən təqdim edilmiş etirazında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində işsiz kimi qeydiyyata alındığını vurğulasa belə, o, 30.04.2020-ci il tarixində MAS-da işaxtaran kimi qeydiyyatdan keçmişdir və hələ də sistem üzərində işaxtaran statusuna malikdir. İddiaçı iddia ərizəsində etiraf etmişdir ki, MAS-da qeydiyyatdan keçmə səbəbi sadəcə 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödənişi almaq olmuşdur. Ancaq nəzərə alınmalıdır ki, xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə ödənən 190 (yüz doxsan) manat birdəfəlik ödənişin təyinatı karantin rejimi dövründə məşğulluq imkanları məhdudlaşan şəxslərin itirilmiş qazanclarının kompensasiyasıdır. Əlavə olaraq, müvafiq icra hakimiyyəti orqanlarının elektron informasiya ehtiyatlarından əldə olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi aşkarlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı, əlavə olaraq “Məşğulluq haqqında” Qanunun tələbləri çərçivəsində iddiaçıya 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Beləliklə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslə kateqoriyasına aid olmaması və digər elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olması səbəblərindən həmin Qaydaya uyğun birdəfəlik ödəməni almaq hüququ yaranmamış və ona birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiаçının nümayəndəsi T.Əlizadə məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsinni məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “analoji məsələyə dair Ali Məhkəmənin 22 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1632/2021 saylı qərarında xüsusi qeyd olunub ki, müvafiq qeydin qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz, istinad edilən qərar da məhz 190 manat birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə qoyulması ilə bağlı olmuşdur, bizim heç bir qanunsuz hərəkətimiz olmayıb, iddia əsassız olduğundan rədd edilməlidir”. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, materiallarına əlavə edilmiş: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 2 saylı Ərazi Məşğulluq Mərkəzi filialının İddiaçı ünvanladığı 11 fevral 2021-ci il tarixli, **********6 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının 30 aprel 2020-ci il tarixli online müraciəti əsasında işaxtaran kimi qeydiyyata alınmış və əlavə araşdırmalar nəticəsində torpaq mülkiyyətçisi olduğuna görə ona 190 manat birdəfəlik ödəmə təyin olunmamışdır. Həmçinin iddiaçıya məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankında hazırda mövcud olan münasib işlər barədə məlumat verilsə də, iddiaçının tələbi yalnız 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı olduğu bildirərək, təklif olunan işlərdən imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsinin 22-68-1374 nömrəli, 14.01.2021-ci il tarixli arayışına əsasən , DTXK-nin təqdim etdiyi elektron məlumatlar bazasına əsasən İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Tüləgüvan kəndində 0,06 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5 baza məlumatlarından çıxarışa əsasən, İddiaçı (FİN xxxxxxx) elektron müraciət vərəqəsinə görə, o, MAS-da işaxtaran kimi qeydiyyata alınmış və vakansiya bankından münasib vakansiyalara müraciət edə bilər, 1 (bir) iş günü ərzində özünə uyğun münasib işi seçərək təsdiq etməyi təklif edilmiş, əks halda 5 (beş) iş günü ərzində iddiaçıya uyğun iş seçilərək təqdim ediləcəyi bildirilmişdir. Bundan başqa X5 iddiaçının ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşgul olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli arayışına əsasən, İddiaçı adına (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X4” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X8 üzrə Baş İdarəsinin 14 sentyabr 2021-ci il tarixli, **********437000 nömrəli “məlumatın təqdim olunması haqqında” məktuba əsasən bildirilmişdir ki, 14.09.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən fiziki şəxs İddiaçı (VÖEN:**********) 15.02.2011ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanında uçotdadır. Həmçinin bildirilmişdir ki, vergi ödəyicisinin fəaliyyətinin 11.10.2018-ci il tarixdən 11.10.2021-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 15 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 05.10.2021-ci il tarixli, **********4 nömrəli “190 manatın birdəfəlik ödəmə haqqında” məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə tsdiq olunmuş “Koronavirus (Covıd-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, İddiaçı 18 aprel 2020-ci il taixində 190 manat birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sisteminə uyğun olaraq torpaq mülkiyyətçisi olduğu üçün vətəndaşa birdəfəlik ödəmənin verilməsindən imtina olunmuş və bu barədə mobil nömrəsinə sms bildiriş göndərilmişdir. Bununla yanaşı, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 30 aprel 2020-ci il tarixindən işaxtaran vətəndaş kimi qeydiyyatdadır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır., İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər; Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası “Məşğulluq haqqında” Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin qərarın 2.3-cü bəndinə əsasən ,dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “X4” altsistemində aktiv X4 olanlara (2.3.9); bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı(2.3.10); mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11.); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12.); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13.); yaşı 18-dən aşağı olanlara(2.3.14.); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara(2.3.15). “İnzibati icraat haqqında” Qanunun 2 0.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü (İşin hallarının obyektiv araşdırılması) maddəsində göstərilmişdir: “24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.” İş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı (VÖEN:**********) ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşgul olan fərdi sahibkar kimi vergi orqanında uçotdadır. İddiaçı fərdi sahibkar kimi statusunu ləğv etmədən, artıq 11.10.2018-ci il tarixdən (yəni pandemiyadan əvvəl) sahibkar fəaliyyətini dayandırmışdır. İddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən cavabdeh inzibati orqan imtina edilməsinin səbəbi iddiaçının X6 işsiz kimi deyil, işaxtaran kimi qeydiyyatda olması olmuşdur. İddiaçıya verilmiş imtinanın əsasını təşkil edən məlumatlar real vaxt rejimində «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq müxtəlif dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. İşə məhkəmədə baxılan zaman iddiaçının işsiz kimi qeydiyyatda olan şəxslər kateqoriyasına aid olmaması əsasın həqiqətə uyğun olmadığı nə məhkəmə tərəfindən nə də iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Göründüyü kimi iddiaçı işaxtaran statusu olan şəxs kimi 30.04.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Lakin onun həmin tarixə kimi işsiz kimi statusunun olması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat birdəfəlik ödəmə işsiz kimi qeydiyyatda olan şəxslərə şamil edilir. Beləliklə, işin faktiki hallarının tədqiqi, iş materiallarında olan sənədlərin təhlili, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya 190 manat birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 aprel 2020-ci il və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən təyin edilən aylıq 190 manat müavinətin verilməsindən cavabdehin imtinası qanunauyğun olduğu üçün 190 manat sosial müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddiaçının iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34,68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat sosial müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-6168/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6168/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver