Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6168/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Qanuni nümayəndə ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə (bundan sonra - İddiaçı) əvəz edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 07 mart 2007-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Atası Qanuni nümayəndə Azərbaycan Respublikasının vətəndaşıdır. O, övladına şəxsiyyət vəsiqəsi almaq üçün Asan Xidmət mərkəzinə müraciət etdikdə ona Dövlət Miqrasiya Xidmətindən övladının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə arayış gətirməli olduğu bildirilmiş, bu səbəbdən cavabdehə ərizə ilə müraciət etmişdir. Bunun nəticəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 22 aprel 2022-ci il tarixli ******* saylı qərar ilə övladının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Lakin övladına şəxsiyyət vəsiqəsi almaq istədikdə qeydiyyat ünvanı ilə bağlı problem yaranmışdır. Nizami rayon Polis İdarəsi övladını onun ünvanına, yəni Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən 10а nömrəli mənzilə qeydiyyata almaqdan imtina etmişdir. O, həmin imtina ilə razı olmadığı üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuşdur. Lakin qərarın nəticə hissəsində yalnışlıq olduğu üçün daha sonra 23 yanvar 2023-cü ildə qərara düzəliş edilmişdir. Daha sonra ünvanına 28 dekabr 2022-ci il tarixli məktub gəlmiş, 28 sentyabr 2022-ci il tarixdə ******* saylı qərar ilə 22 aprel 2022-ci il tarixli ******* saylı qərarın ləğv olunduğu bildirilmişdir. Qərarda imtinaya əsas kimi övladının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu qeyd edilmişdir. Həmin qərar tamamilə qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci yarımbəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarlar qəbul edilmişdir. Lakin iş üzrə yeni faktlar aşkar olunduğundan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-İİQ nömrəli Qanununun 59-cu və 68.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndi rəhbər tutularaq İddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarların ləğv olunması və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Xidmət sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və Rusiya Federasiyasına məxsus pasportla müxtəlif vaxtlarda ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İşdən görünür ki, İddiaçı hazırda onun barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini xahiş edir ki, onun bu iddianı qaldırmaq səlahiyyəti, yəni subyektiv hüququ mövcuddur. İddia müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh etirazında iddiaçının xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyini, bununla da iddianın mümkün sayılmamasını xahiş etsə də, işdən görünür ki, cavabdeh həmin qərarı xx.xx.2022-ci il tarixli 08/A-Ə-1017-MN nömrəli məktubla iddiaçıya göndərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdeh həmin məktubun hansı tarixdə poçta təqdim edildiyini təsdiq edən sənədi məhkəməyə təqdim etməsə də, xx.xx.2022-ci il tarixdən 5 gün keçdikdə, xx.xx.2023-cü il tarix edir, hansı ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, bununla da prosessual müddəti ötürməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan İİ-AK seriyalı 557277 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2007ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində doğulmuşdur. Atası Azərbaycan Respublikasının vətəndaşı Qanuni nümayəndə, anası isə Rusiya Federasiyasının vətəndaşı X1. AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Qanuni nümayəndə xx.xx.1977-ci il tarixə Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus 63№5788554 nömrəli Rusiya Federasiyasının pasportundan görünür ki, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2008-ci il tarixdə iddiaçıya Rusiya Federasiyasının pasportu verilmiş, pasport xx.xx.2013-cü il tarixədək etibarlı olmuşdur. Pasporta əsasən iddiaçının doğum yeri Sankt-Peterburq şəhəridir, Rusiya Federasiyasının vətəndaşıdır. İşdə olan İddiaçı sərhədkeçmə məlumatlarından görünür ki, şəxs 2008-2011-ci il tarixlərdə Rusiya Federasiyasının vətəndaşı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə-anketlə cavabdehə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. İşdə olan “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1.5-ci yarımbəndini rəhbər tutaraq, 07 mart 2007-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi” barədə ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, mövcud sənədlərə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təkrar araşdırma aparılmış və onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndini rəhbər tutaraq, 07 mart 2007-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 22 aprel 2022-ci il tarixli ******* nömrəli qərar ləğv edilmiş, 07 mart 2007-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Qaydanın 4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Qaydanın 4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Göründüyü kimi, şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçıya 63№5788554 nömrəli Rusiya Federasiyasının pasportu verilmiş, pasportda Rusiya Federasiyasının vətəndaşı olması öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün yuxarıda istinad olunan qanunvericiliklə nəzərdə tutulmuş hal mövcud olmuş, buna baxmayaraq cavabdeh iddiaçının onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən: - Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. - Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı ərizəanketlə cavabdehə müraciət edərkən, anketdə hazırkı vaxta qədər şəxsiyyətini təsdiq edən sənəd bölməsində yalnız doğum haqqında şəhadətnaməni qeyd etmiş, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2008-ci il tarixdə ona verilmiş Rusiya Federasiyasının pasportu barədə məlumatı göstərməmiş, həmçinin təqdim etdiyi tərcümeyi-halında Rusiya Federasiyasının vətəndaşı olduğunu bildirməyərək, vətəndaşlığını Azərbaycan Respublikasının vətəndaşlığı kimi qeyd etmişdir. Bu məlumata uyğun olaraq cavabdeh “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci yarımbəndini rəhbər tutaraq, 07 mart 2007-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Halbuki, həmin Qaydanın 4.4-cü bəndində imperativ norma kimi müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi səhv və təhrif olunmuş məlumatlar nəticəsində cavabdeh iddiaçı barəsində qanunsuz əlverişli inzibati akt qəbul etmişdir. Məhkəmə hesab edir ki, qanunvericilik müvafiq hallar məlum olduğu gündən 1 il ərzində səhv və təhrif edilmiş məlumatların təqdim edildiyi təqdirdə qəbul edilmiş qanunsuz əlverişli inzibati aktın ləğv edilməsini nəzərdə tutduğundan, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli ******* saylı qərarın ləğvi üçün qeyd olunan hallar müəyyən edildiyindən, cavabdehin həmin qərarın ləğvi barədə xx.xx.2022-ci il tarixli qərarı qanuni olmuşdur. Eyni zamanda şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə edilməsi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas olduğundan, iddiaçı Rusiya Federasiyasının pasportuna malik olmaqla Rusiya Federasiyasının vətəndaşı olduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanına bilməz. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanuna zidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6168/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6168/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver