Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6169/2023 25.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh 12 yanvar 2023-cü il tarixli Ə-257-068 nömrəli imtina məktubunu əsassız hesab edərək, mənzil uçotuna qəbul olunmağı və kirayə xərclərinin ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı istefada olan hərbi qulluqçu mayor İddiaçı 12 noyabr 1994-cü il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmışdır. Müxtəlif hərbi hissələrdə xidmət etmiş, nümunəvi xidmətimə görə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)’’ yubiley medalı ilə və 26 iyun 2004-cü ildə “Döyüş hazılığında əldə etdiyi yüksən nailiyyətlərə görə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 86-cı il dönümü münasibəti ilə” fəxri fərmanla təltif olunmuşdur. İddiaçı 03 avqust 2009-cu il tarixində Müdafiə Nazirliyinin 0386 nömrəli əmri ilə ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin ”b" bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silhalı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmadığı üçün iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən 2010-cu ildən etibarən ona yaşayış sahəsinin kirayəsi üçün kirayə haqqı ödənilmişdir. Qeyd olunanlar Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli 20/33 nömrəli arayışı ilə də öz təsdiqini tapmışdır. Lakin 2020-ci ildə iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq ailəsi ilə birgə (həyat yoldaşı və kiçik oğlu) Bakı şəhərinə köçməli olmuşdur. Belə ki, oğlu X3 2020-ci ildə Qarabağda hərbi əməliyyatlara cəlb olunduğu üçün onun ailəsini tək qoymamaq üçün Bakıya köçməli olmuş, Bakı şəhərində 2 il qeydiyyatsız yaşamış, 2022-ci ilin dekabr ayında isə ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Hal-hazırda da övladları Bakı şəhərində yaşadıqları üçün iddiaçı da burada yaşamağa davam etmək istəyir. Lakin, nə iddiaçının, nə də ki həyat yoldaşı X1 mülkiyyətində Azərbaycan Respublikası ərazisində heç bir daşınmaz əmlak yoxdur. Buna görə də kirayə xərclərinin Bakı şəhəri üzrə qanunla müəyyən edilmiş məbləğdə ödənilməsi zərurəti vardır. Lakin Bakı şəhəri Cavabdeh tərəfindən 12 yanvar 2023-cü il tarixli məktubla qanunsuz və əsassız olaraq iddiaçının mənzil uçotuna alınmağından imtina olunmuşdur. Buna əsas kimi isə iddiaçının ehtiyata buraxıldığı tarixdən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotda olmağı və müvafiq İcra Hakimiyyəti tərəfindən mənzil kirayə xərclərinin ödənilməsi göstərilmişdir. Halbuki 2020-ci ildən etibarən iddiaçı Bakı şəhərində yaşayır və 21 dekabr 2022-ci il tarixində Bakı şəhərində qeydiyyata alınmışdır. Ümumiyyətlə şəxsin yaşayış yerini dəyişməsi müvafiq icra hakimiyyəti orqanını kirayə xərclərini ödəməkdən azad etmir. Belə ki, harada qeydiyyatda olmasından asılı olmayaraq kirayə xərcləri dövlət büdcəsi hesabına ödənilir. Bundan əlavə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 18 yanvar 2023-cü il tarixli məktubundan göründüyü kimi iddiaçının hərbi xidmətkeçmə üzrə şəxsi işi hal-hazırda həmin idarədədir.
3. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan, seçilmiş yaşayış yerinə gəldiyi gündən etibarən yaşayış sahəsinə ehtiyacı olan qismində müvafiq İcra Hakimiyyətinə müraciət edərək hərbi qulluqçuların növbə siyahısına daxil edilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına müvafiq olaraq qeyd olunan şəxslərə müvəqqəti mənzil kirayəsi xərcləri mənzil uçotuna götürüldükdən sonra mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək ödənilir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, o, 21 12.2022-ci il tarixdən sözügedən ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Eyni zamanda ehtiyata buraxıldığı 2009-cu ildən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotdadır və müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən mənzil kirayə xərcləri ödənilir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
6. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan, seçilmiş yaşayış yerinə gəldiyi gündən etibarən yaşayış sahəsinə ehtiyacı olan qismində müvafiq İcra Hakimiyyətinə müraciət edərək hərbi qulluqçuların növbə siyahısına daxil edilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №- li qərarına müvafiq olaraq qeyd olunan şəxslərə müvəqqəti mənzil kirayəsi xərcləri mənzil uçotuna götürüldükdən sonra mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək ödənilir. Təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Siz xx.xx.2022-ci il tarixdən yuxarıda ünvanı qeyd olunan mənzildə qeydiyyatdasınız. Eyni zamanda ehtiyata buraxıldığınız 2009-cu ildən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotdasınız və müvafiq icra hakimiyyəti tərəfindən mənzil kirayə xərcləriniz ödənilir.
7. Maliyyə Nazirliyi və Büdcə İdarəsinin Sosial təminat və pensiya şöbəsinin təqdim etdiyi arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixədək Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə iştirak etmişdir.
8. Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1994-cü ildə hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə yaşa görə Azərbaycan Respublikası Silhalı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
9. Naxçıvan Respublikası Naxçıvan şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 20/33 saylı arayışından görünür ki, iddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən ona 2010-cu ildən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kirayə pulu ödənilir.
10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2009-cu il tarixli müvafiq əmrinə əsasən ’’Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silhalı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublara əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən (30 mart 1995-ci il tarixdən 13 avqust 2009-cu il tarixədək) az xidmət etməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının tələbləri ona şamil olunmadığından adı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilməmiş və dövlət dövlət vəsaiti hesabına mənzillə təmin edilməmişdir.
13. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı, ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-5/2-8/2023 nömrəli arayışına əsasən iddiaçı Əsədov X2 şəhər İcra Hakimiyyəti tərəfindən mənzil və ya torpaq sahəsi ilə təmin olunmayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən ona 2010-cu il tarixindən 2023-cü ilin yanvar ayınadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kirayə xərci ödənilmişdir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat vermişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İddianın növü və mümkünlüyü
16. İddianın növü “uçota alınma” hissəsində öhdəliyin icrasına dair, “kirayə haqqının ödənilməsi” hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
22. İddia mümkündür.
Məhkəmənin mövqeyi
23. Hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir.
24. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur.
25. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir.
26. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası Qanununun:
12. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.
27. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər.
28. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...
29. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı - Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində –55 manat. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.
30. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun, o cümlədən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması.
31. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür.
32. İşdən görünür ki, iddiaçı birinci tələbi ödəyir. Belə ki, işdə olan Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1994-cü ildə hərbi xidmətə başlamış, xx.xx.2009-cu ildə yaşa görə Azərbaycan Respublikası Silhalı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
33. Göründüyü kimi, iddiaçının ehtiyata buraxıldığı tarixə 15 ildən artıq hərbi xidmət müddəti olmuşdur.
34. İddiaçının yaşayış sahəsinin olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi və yaşayış sahəsi ilə təmin olunması qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir.
35. Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
36. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.
37. İşdə olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verilən 1094 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının adında yaşayış evi və həyətyani torpaq sahəsi yoxdur.
38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ölkə ərazisi üzrə daşınmaz əmlakın qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.
39. Beləliklə, işin sadlanan halları ilə iddiaçının mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması müəyyən olunmamışdır. Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir.
40. Cavabdeh iddiaçıya imtina cavabı verərkən onun ehtiyata buraxıldığı 2009-cu ildən etibarən seçilmiş yaşayış yeri kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsində hərbi uçotda olmağı və müvafiq icra hakimiyyəti tərəfindən mənzil kirayə xərcləriniz ödənilməsinə istinad etsə də, məhkəmə bu imtinanı qanunsuz hesab edir. Belə ki, iddiaçı 2022-ci ilin dekabr ayından ünvan 1 ünvanında qeydiyyata alınmış və bu tarixdən sonra ona kiyarə xərclərinin ödənilməsi dayandırılmışdır.
41. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Odur ki, iddia əsalı və qanuni olduğundan təmin edilməlidir.
42. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Kompensasiyanın ödənilməsi xx.xx.2023-cü il tarixdən hesablansın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva