Məhkəmə qərarları › İş №2-1(112)-617/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-617/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-617/2020 04.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “qərarın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinəqarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 20 oktyabr 2019-cu il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsinə baxılmağa başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və iş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ibarət aksiya təşkilatçıları qrupu 2019-cu il oktyabrın 20-də saat 15:00-dan 16:00-dək “X4!” şüarı ilə son illərdə ölkədə məişət zəmnində qadınların öldürülməsi və digər zorakılıq faktlarına, həmin faktların hüquq mühafizə orqanları tərəfindən lazımınca araşdırılmamasına etiraz etmək, cəmiyyətin və hakimiyyətin diqqətini göstərilən problemə yönəltmək məqsədi ilə yürüş planlaşdırdığı barədə yazılı surətdə 11 oktyabr 2019-cu il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətini xəbərdar etmişdir. Xəbərdarlıqda yürüşün tarixi və saatı, təşkilatçılar barədə məlumatlar dəqiq əks etdirilmiş, aksiyanın təşkilatçıları yürüşün saat 15-də şəhərin mərkəzində Natəvan heykəlinin qarşısında başladılaraq, Nizami küçəsində yerləşən Kolorit kafesinin yanında bitəcəyini bildirmişdilər. Bakı şəhər İcra Hakimiyyəti 17 oktyabr 2019-cu il tarixli cavab məktubunda “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İ hissəsinə istinadən mitinq təşkilatçıları qrupunun təklif etdiyi yerlərdə mitinq keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Məktubda qeyd edilir ki, yürüşün keçirilməsi nəzərədə tutulan ərazi paytaxt sakinlərinin və qonaqların ən çox istirahət etdikləri yerdir, həmçinin orada çoxlu ictimai-iaşə, xidmət, ticarət və əyləncə obyektləri mövcuddur. Bu bəhanə ilə yürüş faktiki olaraq qadağan edilmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, cavabdehin 17 oktyabr 2019-cu il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Hazırki işdə inzibati orqanın heç bir alternativ yer təklif etmədən toplantını məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin istinad etdiyi “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1 hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı a) yalnız qanunda nəzərdə tutulan və (b) demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Adıçəkilən Qanunun 7-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuşdur ki, sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İnzibati orqan toplantının nə vaxtı, nə də ki, yeri ilə bağlı heç bir alternativ təklif verilməmişdir. Cavabdehin qərarında göstərilən səbəb (bəhanə) qanunsuzdur, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda yürüşün (aksyanın) keçiriləcəyi yerlə bağlı konkret məhdudlaşdırıcı norma var. Belə ki, həmin qanunun 9-cu maddəsinin 3-cü bəndində deyilir: İİİ. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər: 1) Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində; 2) körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında; hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə; penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə. Göründüyü kimi, qanunda sakinlərin və qonaqların istirahət etdiyi yerdə yürüş keçirilməsi ilə bağlı heç bir qadağanedici müddəa yoxdur. Beləliklə, cavabdeh nəticə etibarilə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozaraq, iddiaçıların və onlarla birlikdə küçə yürüşü planlaşdıran vətəndaşların sərbəst toplaşmaq azadlığına qanunla nəzərdə tutulmayan və demokratik cəmiyyətdə zəruri olmayan məhdudiyyət qoymuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 işə mahiyyəti üzrə baxılıb iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı X1 izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İş materiallarından görünür ki, iddiaçılar (mitinq təşkilatçıları) İddiaçı1, İddiaçı2 və X2 Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 20 oktyabr 2019-cu il tarixdə Səbail rayonu ərazisində yerləşən Nizami və Xaqani küçələrində mitinq üçün imkan yaradılmasını xahiş etmişlər. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti 1-952-003 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir: “Sizin 20 oktyabr 2019-cu il tarixdə yürüş keçirilməsi haqqında birgə imzaladığınız 11 oktyabr 2019-cu il tarixli müraciətinizə Bakı Şəhər İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, müraciətdə qeyd etdiyiniz ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerlərındəndir. Həmçinin burada çoxlu ictimai-iaşə, ticarət, xidmət və əyləncə obyektləri mövcuddur. Qeyd olunanlar nəzərə alınmaqla, bu ərazidə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir toplantının keçirilməsi məqsədəuyğun hesab edilmir. Yuxarıdakıları və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsini nəzərə alaraq, 20 oktyabr 2019-cu il tarixdə planlaşdırdığınız yürüşün keçirilməsini məqsədəuyğun hesab etmirik.” İddia tələbindən görünür ki, iddiaçılar 20 oktyabr 2019-cu il tarixdə keçirilməsi planlaşdırılan mitinqin qadağan edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 17 oktyabr 2019-cu il tarixli məktubunda əksini tapmış qərarın qanunsuz hesab edilməsini tələb edirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətdə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsində qeyd edilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir. Yəni hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət digər şəxslərin hüquqlarını qorumağa borcludur. İş üzrə müəyyən edilir ki, iddiaçıların hazırki müraciəti ilə əlaqədar, onların aksiya təşkilatçıları qrupu 2019-cu il oktyabrın 20-də “X4!” şüarı ilə yürüşün saat 15-də şəhərin mərkəzində Natəvan heykəlinin qarşısında başladılaraq, Nizami küçəsində yerləşən “Kolorit” kafesinin yanında bitəcəyini bildirmişlər. Odur ki, iddiaçılar tərəfindən müraciətdə qeyd edilmiş ərazilər günün əksər saatlarında, xüsusilə də, mitinqin planlaşdırıldığı saatda geniş insan kütləsinin daimi istifadəsində olan, həmçinin, çoxsaylı ictimai-iaşə, ticarət, xidmət, istirahət və əyləncə obyektlərinin mövcud olduğu ərazilərə aiddir. Bundan əlavə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 3-cü bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yerləşdiyi binanın ətrafında 200 metr radius çərçivəsindəyığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilir. Odur ki, bu hal da digər şəxslərin hüquqlarını pozduğundan və qanunazidd oldugundan cavabdeh mübahisəli məktubunda, yuxarıda qeyd edilən şəxslərin hüquqlarını qorumağa borclu olduğuna dair yalnız öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdikləri sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İşin yuxarıda sadalanan hallarına görə iddiaçılar onlara mitinqə icazə verilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bəyan edirlər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə sərəncamının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar