Məhkəmə qərarları › İş №2-1(112)-617/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-617/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-617/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 Museyb qızının və İddiaçı1 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı2 Museyb qızının, İddiaçı1 nümayəndəsi X12, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı2 Museyb qızının və İddiaçı1 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı2 Museyb qızı və İddiaçı1 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu Rayon Balaxanı Вələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli sərəncama əsasən vətəndaş İddiaçı1 600 kv.m və 31 yanvar 2006-cı il tarixli sərəncamına əsasən X4 600 kv.m şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması üçün qərar verilmiş və bununla bağlı hər iki vətəndaş ******* manat ödəmişdir. Lakin xx.xx.2021-ci il tarixdə Balaxanı Bələdiyyəsi tərəfindən X6 Balaxanı qəsəbəsində mübahisəli torpaqda qanunsuz tikinti işləri apardığı üçün Sabunçu Rayon Məhkəməsinə iddia verilmişdir. İddiaçılar hesab edir ki, Bakı şəhər Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli sərəncama əsasən vətəndaş İddiaçı1 600 kv.m və 31 yanvar 2006-cı il tarixli sərəncamına əsasən X4 600 kv.m şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması üçün qərar verilmiş əvəzində həmin əraziyə bərabər tutulan torpaq sahəsinin verilməsi və ya hal hazırda həmin ərazinin bazar qiyməti olaraq İddiaçı1 30000 manat(1 sot 5000 manat olmaqla) və X4 30000 manat ödənilməsi təmin edilməlidir. Bununla bağlı onlar cavabdehə müraciət etsələr də, sonuncu onların müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, həmin imtina əsassızdır.

3. Sonradan iddiaçıların nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakİ şəhər Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı1 600 kv.m və 31 yanvar 2006-cı il tarixli sərəncamına əsasən X5 600 kv.m şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması üçün qərar verilmiş əvəzində hal-hazırda həmin ərazinin bazar qiyməti olaraq (1 sot 5000 manat olmaqla) İddiaçı1 30.000 manat və X5 30.000 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 235 nömrəli və xx.xx.2006-cı il tarixli, 235 nömrəli sərəncamları əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Müseyib qızının hər birinə Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamlara əsasən, eskiz sxemləri tərtib edilmiş və torpaq sahəsi naturada iddiaçılara təqdim edilmişdir. Göründüyü kimi, bələdiyyə qanuni əsaslarla ayrılmış torpağı iddiaçılara təqdim etməklə öz funksiyasını həyata keçirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. İddiaçıların nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatdan aydın oldu ki, iddiaçılar bir müddət torpaqlarına sahiblik etmiş, lakin sonradan torpaq sahəsini sahibsiz buraxaraq ölkə hüdudlarından kənarda yaşamışlar. Ölkəyə qayıtdıqda isə torpağın başqa şəxs tərəfindən zəbt edildiyini görmüşlər. Hazırda isə AR İnzibati Prosessual Məcəllənin 2.2.7-ci bəndinə əsasən, vurulmuş ziyana görə Balaxanı Bələdiyyəsindən kompensasiya tələb edirlər. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Lakin hazırkı işdə Balaxanı Bələdiyyəsinin hər hansı bir qanunsuz hərəkəti və ya qərarı mövcud deyildir ki, kompensasiya tələb edilsin. Çünki, Balaxanı Bələdiyyəsi sözügedən torpaq sahəsini başqa şəxsə satmamışdır. İddiaçılara torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır. X9 torpağı zəbt etmiş cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin torpaq sahəsindən çıxarılması və tikdiyi qanunsuz tikililəri sökməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddiaçının iddia tələbi cavabdehin çıxarışı olması əsası ilə rədd edilmişdir. Göründüyü kimi, iddiaçılara məxsus torpaq sahəsi çıxarışı olan şəxs tərəfindən zəbt edilmişdir. Həmin çıxarışı isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmişdir. İddiaçılar çıxarışı mübahisələndirməli olduqları halda, Bələdiyyəyə qarşı iddia tələbi irəli sürmüşlər.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçıların nümayəndəsi (vəkili) və digər nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli, 235 №-li Sərəncamı ilə xx.xx.2006-cı il tarixində keçirilmiş yığıncağın 42 №-li protokoluna əsasən Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi X3 ayrılmışdır.

9. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 31 yanvar 2006-cı il tarixli, 236 №-li Sərəncamı ilə xx.xx.2006-cı il tarixində keçirilmiş yığıncağın 42 №-li protokoluna əsasən Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi İddiaçı1 ayrılmışdır.

10. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 21 sentyabr 2005-ci il tarixli qəbzdən görünür ki, X19 528.000 manat məbləğində torpaq haqqını Balaxanı Bələdiyyəsinə köçürmüşdür. Qəbzin arxa hissəsində qeyd olunmuşdur ki, X16 ayrılmış 600 kv.m torpaq sahəsi vətəndaş X1 adına dəyişdirilsin.

11. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 21 sentyabr 2005-ci il tarixli qəbzdən görünür ki, X13 528.000 manat məbləğində torpaq haqqını Balaxanı Bələdiyyəsinə köçürmüşdür. Qəbzin arxa hissəsində qeyd olunmuşdur ki, X8 ayrılmış 600 kv.m torpaq sahəsi vətəndaş İddiaçı1 adına dəyişdirilsin.

12. Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, 136 nömrəli məktubda bildirilmişdir ki, bələdiyyənin büdcəsində məbləği ödəmək üçün vəsait olmadığından, müraciətin təmin olunmasından imtina olunmuşdur.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin toplusu təqdim olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.

16. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

17. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Hazırki iddiaya (kompensasiyanın ödənilməsi barədə) münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməsidir.

20. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdirlər.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia təmin olunmamalıdır.

22. Belə ki, AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

23. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur.

24. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

25. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

29. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

30. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə ödənişin ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

31. Həmin müddəa, eləcə də maddi zərərin iddiaçının göstərdiyi məbləğdə ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun mövcud olmaması baxımından isə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən göstərilən məbləğdə zərərin əvəzinin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçılar iddia tələbi və ona edilmiş dəqiqləşmə də nəzərə alınmaqla göstərmiş olduğu maddi zərərin məbləğində kompensasiyanın ödənilməli olmasını AR İPM-nin 14-cü maddəsi baxımından sübutetmə yükü iddiaçıların üzərində olsa da sübut edə bilməmişdir. Bundan başqa cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıların hüquqlarının pozulması, pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də, öz təsdiqini tapmır.

32. Məhkəmə diqqətə çatdırır ki, iddiaçılar bələdiyyə tərəfindən verilmiş sərəncamlar əsasında onlara ayrılan torpaq sahələrinin əvəzini kompensasiya kimi tələb etməkdədirlər. Halbuki, iş materiallarında olan sənədlərdən və inzibati icraat materiallarından görünür ki, torpaq sahəsinin iddiaçılara ayrılması barədə sərəncamlar mövcud olsa da, məhz onlar tərəfindən bələdiyyəyə hər hansı ödənişlərin edilməsi müəyyən olunmamışdır.

33. İş materiallarında olan qəbzlərdən isə görünür ki, həmin qəbzlər torpaq sahələrinin iddiaçılara ayrılmasından daha əvvəlki tarixlərə aid olmuş, daha dəqiq desək 21 sentyabr 2005ci il tarixlərə iddiaçılar tərəfindən deyil başqa şəxslər tərəfindən edilmişdir ki, bu da torpaq sahələrinə görə iddiaçılar tərəfindən bələdiyyəyə ödənişlərin edilməsi faktını istisna edir.

34. Məhkəmə diqqətə çatdırır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

35. Hüquqi müstəvidən formalaşan mövqeyinə görə məhkəmə hesab edir ki, torpaq sahələrinin dəyəri iddiaçılar tərəfindən cavabdehə ödənilmədiyindən, həmin sərəncamların əsassız olub-olmamasından asılı olmayaraq, onların torpaq sahələrinə görə maddi ziyanın kompensasiya formasında tələb etmək hüquqları olmamışdır.

36. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 37.Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

38. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

39. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

41. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır.

43. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

44. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar