Məhkəmə qərarları › İş №2-1(112)-617/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-617/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-617/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Cavabdeh1nə qarşı “təmir-bərpa işlərinin aparılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlərin balansında olan binanın digər mərtəbəsinin döşəmələrinin uçması nəticəsində vurulmuş ziyanın aradan qaldırılması, binada əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsi öhdəliyinin cavabdeh orqanların üzərinə qoyulması və cavabdeh orqanların hərəkətsizliyi nəticəsində mənzildən istifadə hüququndan məhrum olduğu müddət üçün ümumilikdə ona 18000 (on səkkiz min) manat kompensasiya qismində pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir və mənzil qəzalı vəziyyətə düşənə qədər anası ilə orada yaşamışdır. 2020-ci ilin yay aylarında mənzilin qonaq otağında su sızmalarının olduğu müşahidə olunurdu. Mütəmadi olaraq 2 qonşunun mətbəx otağından, 1 qonşunun isə hamam otağından iddiaçının mənzilinin qonaq otağına su sızdırılırdı, həmçinin xırda qum və daş qırıntıları tökülürdü. 2021-ci ilin yanvar ayının ortalarında sözügedən mənzilin qonaq otağının tavanı tamamilə çökmüşdür. Bu hadisə nəticəsində həmin otaq 3 qonşunun döşəməsinin dağıntıları altında qaldı. Baş vermiş hadisə nəticəsində iddiaçı da müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu 4 mənzil hal-hazırda yaşayış üçün yararsız vəziyyətdədir. Həmin gün Yasamal rayon 43 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları hadisə yerinə gəlmiş və artıq həmin mənzildə yaşamağın onların həyatı üçün təhlükəli olduğunu və orada yaşaya bilməyəcəklərini bildirərək iddiaçını və digəe şəxsləri evdən çıxarmışdır. Bundan sonra, Mənzil Kommunal Təsərrüfat Birliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları binanın təmirinin dövlət hesabına həyata keçiriləcəyini, həmin vaxta qədər isə bina sakinlərinin mənzil ilə təmin olunacağını bildirmişlər. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında Aktda qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 №li memarlıq-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Tikintidə X2 Agentliyinin 11 mart 2021-ci il tarixli, 34/01837 nömrəli və 07 may 2021-ci il tarixli, 34/03529 nömrəli tapşırıqlarına əsasən ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirmişlər. Göründüyü kimi sözügedən yaşayış binası dövlət mənzil fonduna daxil olmaqla Cəlil Məmmədquluzadənin ev muzeyinin yerləşməsi səbəbindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X4, İnkişafı və Bərpası üzrə dövlət xidmətinin balansındadır. Odur ki, mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, binanın ümumi rekonstruksiyaya ehtiyacı olduğu digər cavabdeh Azərbaycan Respublikası FHNnin Tikintidə X2 Agentliyinin rəyindən də görünür. Cavabdehlərdən Cavabdeh2 isə indiyə qədər hər hansı bir tədbir görmədiyindən bu iddianı qaldırmağa məcbur qalmışdır. Halhazırda qəzalı vəziyyətdə olan mənzil tamamilə dağılmışdır. Artıq mənzildən əsər-əlamət qalmamışdır. Müvafiq icraçı iddiaçıya bildirmişdir ki, evinin təmiri üçün maddi vəsait ayrılıb. Fövqaladə Hallar Nazirliyindən rəy gəldikdən sonra təmirə başlayacaqlar. İddiaçı Fövqaladə Hallar Nazirliyindən evinin təmiri üçün rəy almışdır, amma icraçı öz öhdəliyini yerinə yetirməkdən yenə də boyun qaçırmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, binanın təmir olunması üçün ilk növbədə dövlət büdcəsindən pul ayrılmalı, daha sonra isə tender elan olunmalı idi. Buna baxmayaraq, hadisənin üzərindən uzun müddət keçsə də, bu istiqamətdə hər hansı addım atılmamışdır. Onlar yalnız hər hansı partlayışın qarşısının alınması məqsədi ilə binaya işıq və qazın verilməsini dayandırmaqla kifayətlənmişlər. İddiaçı cavabdeh orqanların hərəkətsizliyi nəticəsində 2 ildən artıqdır ki, öz mülkiyyətində olan evindən istifadə hüququndan məhrum olmuşdur. Həmin mənzildən çıxarıldıqdan sonra cavabdeh tərəfindən müvəqqəti yaşayış üçün heç bir yardım göstərilməmiş, kirayədə yaşamaq üçün ödənilməli pul vəsaiti qarşılanmamışdır. İddiaçı bu müddət ərzində müvəqqəti yaşayış üçün müxtəlif kirayə mənzillərdə qalaraq aylıq 500 (beş yüz) manat kirayə ödənişi etməklə bu günə qədər 18000 (on səkkiz min) manat maddi itkiyə məruz qalmışdır. Cavabdeh orqan tərəfindən təmir işlərinin hələ nə zaman başlayacağı barədə tədbir görülməsi, təmir işlərinin nə qədər müddət davam edəcəyi və onun kirayə mənzillərdə qalaraq daha nə qədər maddi itkilərə, borclara məruz qalacağı bəlli deyildir. Dəfələrlə bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və digər müvafiq qurumlara müraciət etsə də, onlar iddiaçıya dəqiq məlumat verməmişlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47–49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Dövlət Xidməti X4, Şuşa şəhərinin ərazisi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bildirilir ki, qeyd olunan bina 3681 inventar nömrəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 11 -ci və 28-ci maddələrinə əsasən, mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər və abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar. Eyni zamanda, həmin Qanunun 25-ci maddəsinə görə xüsusi mülkiyyətdə olan abidələrdə inşaatmöhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Binanın qəzalı vəziyyətə düşməsi mənzil sahiblərinin binadan və mənzillərdən təsərrüfatsızcasına istifadə etdiklərinin sübutudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.4-cü maddəsinə uyğun olaraq, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması mülkiyyət hüququnun itirilməsi növlərindəndir. İddiaçı heç bir yazılı sübut olmadan qəzalı vəziyyətinə düşmüş binanın Dövlət Xidmətinin balansında olduğunu iddia etmişdir. Bildirilir ki, qeyd olunan bina Dövlət Xidmətinin balansında deyildir. Qeyd olunanlara əsasən, Dövlət Xidməti iş üzrə əsl olmayan tərəf hesab edilir və Dövlət Xidmətinin cavabdeh qismində deyil, üçüncü şəxs qismində tanınması xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdehlər (nümayəndələri) hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddianın mümkünlük məsələsinin müzakirəsini zəruri saymış və tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 56, 12 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında Aktda qeyd olunmuşdur ki, “Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2№li memarlıq-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3№li memarlıqinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X2 Agentliyinin 11 mart 2021-ci il tarixli, 34/01837 nömrəli və 07 may 2021-ci il tarixli, 34/03529 nömrəli tapşırıqlarına əsasən ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirdik. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binası 2 girişli, 3 mərtəbəli olub 1907-ci ildə inşa edilmişdir. Bina planda ‘TT’ şəkilli olub daxili həyətlidir. Yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. (İnventar nömrəsi: 3681) Binanın bir hissəsi hal-hazırda Cəlil Məmmədquluzadənin ev muzeyi kimi fəaliyyət göstərir. Baxış keçirilən binanın əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəng daşından yerinə yetirilmişdir. Mərtəbəarası örtükləri ağac materialından, pilləkənləri isə yığma dəmir-beton elementlərdəndir. Damı yastı tipli olub yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Son illərdə binanın fasad və dam hissələrində təmir işləri aparılmışdır. Baxış zamanı binanın 1ci mərtəbəsində yerləşən 12 saylı mənzilin tavan hissəsi, 2-ci mərtəbədə isə 12 saylı mənzilin üzərində yerləşən 13 saylı mənzilin və 2-ci mərtəbədə yerləşən ümumi istifadədə olan mətbəxin döşəməsinin deformasiyaya uğraması müşahidə edildi. 12 saylı mənzilin ağac materialından olan tavan hissəsində mənzilin və 2-ci mərtəbənin ümumi sahəsinin döşəməsi) mərtəbərarası örtüyün təqribən 3 kv.m sahəsi qismən uçmuşdur, digər sahələrdə isə ciddi şəkildə deformasiyalar yaranmışdır. Binada təmir işləri aparıldığından əsas yükdaşıyan divarlarda çat və zədələnmələr müşahidə edilmədi. Baxış zamanı binanın daxili həyət hissəsində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin tikilməsi müşahidə edildi. Sonradan inşa edilmiş yaşayış sahələri binanın əlavə yüklənməsinə və fəza sərtliyini xeyli zəiflətməyinə səbəb olmuşdur. ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən məhdud işlək, ümumi istifadədə olan mətbəxin, 12 və 13 saylı mənzillərin mərtəbəarası 4/10 örtükləri (12 saylı mənzilin tavanı, 13 saylı mənzilin döşəməsi) isə qəzalı vəziyyətdədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ümumi istifadədə olan mətbəxə, 12 və 13 saylı mənzillərə giriş məhdudlaşdırılmalı və xəbərdaredici nişanlar qoyulmalıdır. Yaşayış binasının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə layihə əsasında bərpagücləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilir. Yaşayış binasının yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur”. -Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçının ünvan 3 ünvanda yerləşən binanın təhlükəli vəziyyətdə olması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Qeyd olunan ünvana baxış keçirən zaman 1-ci və 2-ci mərtəbələr arası örtüyün bir hissəsinin çökdüyü müşahidə olunmuşdur. 1907-ci ildə inşa edilmiş binada, keçən dövr ərzində sakinlər öz yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə 2-ci mərtəbədə ümumi istifadədə olan sahədə öz hesablarına mətbəx və sanitar qovşağı yaradaraq istifadə etmişlər. Əlavə yükləmə və mütəmadi sızmalar nəticəsində yaranmış rütubət rejimində mərtəbəarası örtüyün taxta konstruksiyası çürüyərək dayanıqlığını itirmiş, həmin sahədə 15 - 20 sm çökərək qəzalı və sakinlərin həyatı üçün təhlükəli vəziyyətə düşmüşdür. 1-ci mərtəbədə yerləşən mənzilin tavanının bir hissəsi uçmuş, 2-ci mərtəbədəki mənzillərdə arakəsmə divarların uçma təhlükəsi yaranmışdır. Hazırki, vəziyyətdə sakinlər tərəfindən bərpa işlərinin aparılması xoşagəlməz nəticələr verə biləcəyi səbəbindən məqsədəuyğun hesab edilmir. Buna görə də mərtəbəarası örtüyün bərpa işlərinin bu sahədə təcrübəsi və texniki vasitələri olan mütəxəssislər tərəfindən aparılması zərurəti yaranmışdır. Baş verə biləcək hər-hansı bədbəxt hadisənin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən sözügedən ünvana texniki baxışın keçirilməsi və müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə xx.xx.2021-ci il tarixli A-20 saylı məktubla rəsmi müraciət olunmuşdur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin sözügedən ünvana texniki baxışın keçirilməsi və müvafiq rəyin verilməsi üçün hazırladığı müqavilə Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən imzalanaraq vəsait tam ödənilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmişdir. Yaşayış binasının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə layihə əsasında bərpagücləndirmə işlərinin aparılması məqsədə uyğun hesab edilərək, bununla bağlı xx.xx.2021-cı il tarixli akt tərtib olunmuş. Sözügedən ünvan haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin tərtib etdiyi akt xx.xx.2021-ci il tarixli xx/xx-03887 saylı məktubla Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim olunmuşdur. S.Tağızadə küçəsi 56 saylı evin, 12 və 13 saylı mənzillərin mərtəbə arası örtükləri (12 saylı mənzilin tavanı, 13 saylı mənzilin döşəməsi) xx.xx.2021-ci il tarixində çökərək uçmuşdur. Bu səbəbdən, Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən sözügedən ünvanda yerləşən yaşayış binasının təhlükəsiz istismarını təmin etmək məqsədilə, layihə əsasında binada bərpa-gücləndirmə işlərinin aparılması barədə aidiyyatı üzrə "xxxx" MMC-yə rəsmi müraciət olunmuşdur. Eyni zamanda lazımi tədbirlərgörülənədək həmin ünvan, 43 saylı MKİS tərəfindən nəzarətə götürülmüşdür”. -"xxxx" MMC tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, “"xxxx" MMC tərəfindən sifarişçi qismində dövlət mənzil fonduna aid yaşayış binalarında təmir işləri balanssaxlayıcı Mənzil- Kommunal Təsərrüfatı təşkilatlarının birgə tərtib etdiyi siyahı əsasında yerinə yetirilir. Cari il üçün qeyd edilən işlərlə bağlı müvafiq siyahının təsdiq edildiyini nəzərinizə çatdıraraq bildiririk ki, təmirə ehtiyacı olan digər yaşayış binaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 56 nömrəli bina balanssaxlayıcı Birlik tərəfindən qeyd edilən siyahıya daxil ediləcəyi təqdirdə, habelə ayrılacaq maliyyə vəsaiti çərçivəsində mərhələli şəkildə və ardıcıllıq əsasında həmin binada əsaslı təmir işləri aparıla bilər”. -Cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən iddiaçının ünvan 6 ünvanında yerləşən binanın 12 nömrəli mənzilinin qəzalı vəziyyətdə olması barədə müraciətinə cavab olaraq xx.xx.2023cü il tarixli məktubla bildirilmişdir ki, 1eyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi (3681 inventar nömrəli) dövlət mühafizəsinə götürülmüşdür. Bildirilir ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri, onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası ilə əlaqədar işlər Mədəniyyət Nazirliyinin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Məktubda iddiaçıya abidələrə münasibətdə qanunvericiliyin tələbləri izah edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Hazırkı iş üzrə iddiaçının tələbi iki hissədən ibarət olmaqla, birinci hissədə əsaslı təmirbərpa işlərinin həyata keçirilməsi, ikinci hissədə isə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələb edilir. Lakin iş materialları ilə iddiaçı tərəfindən eyni tələblər üzrə cavabdeh qismində göstərdiyi inzibati orqanlara müraciət edilməsi müəyyən edilmir. Belə olan halda, iş üzrə cavabdehlər tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi təsdiqini tapmır. Həmçinin iddiaçı tərəf məhkəməyə gəlinən qənaətin əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblərlə bağlı müvafiq müraciətlərin təqdim edilməsi halında belə, hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Belə ki, işin faktiki hallarından və iddiaçının əvvəlki məhkəmə iclasında verdiyi izahatından da müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 56 ünvanında yerləşən 12 nömrəli mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Hazırkı iddiasında iddiaçı onun mülkiyyətində olan 12 nömrəli mənzilin binanın digər mərtəbəsinin döşəmələrinin uçması nəticəsində tamamilə yararsız vəziyyətə düşdüyünü qeyd edərək, həmin mənzil ilə bağlı təmir-bərpa işlərinin görülməsi habelə, mənzilindən istifadə hüququnu həyata keçirə bilmədiyi üçün ona 18000 (on səkkiz min) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.19-cu maddəsinə əsasən tikinti obyektinin əsaslı təmiri – obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsidir. -3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. -24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. -24.4-cü maddəsinə əsasən razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. -24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -25.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. -25.3-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. -26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. -28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. -28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. -28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. -28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. -28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. -84.0-cı maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar: -84.0.4. evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması nəticəsində yaşayış sahəsini saxlamaq mümkün olmadıqda və ya onun ümumi sahəsinin azalması nəticəsində həmin yaşayış sahəsində yaşayan kirayəçi və onun ailə üzvləri yaşayış sahəsinə ehtiyacı olan hesab edildikdə və ya yaşayış sahəsinin ümumi sahəsinin əhəmiyyətli dərəcədə artması nəticəsində yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi ayrılma normasından əlli faizdən çox artıq olduqda. -87.1-ci maddəsinə görə evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması aparılarkən, əgər bu cür əsaslı təmir və ya yenidənqurma işlərinin kirayəçi çıxarılmadan aparılması mümkün olmazsa, kirayəyə verən əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddət ərzində kirayəçiyə və onun ailə üzvlərinə göstərilən binada yerləşən yaşayış sahəsinin sosial kirayə müqaviləsi ləğv edilmədən digər yaşayış sahəsi verməyə borcludur. Əsaslı təmirin və ya yenidənqurmanın aparıldığı müddətdə kirayə müqaviləsi ilə manevr fondunun yaşayış sahələri verilir. Kirayəçi və onun ailə üzvləri həmin yaşayış sahəsinə köçməkdən imtina edərlərsə, kirayəyə verən məhkəmə qaydasında onların köçürülməsini tələb edə bilər. Kirayəçinin və onun ailə üzvlərinin manevr fondunun yaşayış sahəsinə və geriyə köçmələri kirayəyə verənin hesabına həyata keçirilir. -87.2-ci maddəsinə əsasən manevr fondunun yaşayış sahəsinin verilməsi əvəzinə kirayəyə verən kirayəçinin və onun ailə üzvlərinin razılığı ilə onlara sosial kirayə müqaviləsi ilə digər abadlaşdırılmış yaşayış sahəsi verə bilər. Bu halda əsaslı təmir edilməli və ya yenidən qurulmalı evdə (binada) yerləşən yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. 94.0-cü maddəsinə əsasən manevr fondu yaşayış sahələri aşağıdakı şəxslərin müvəqqəti yaşaması üçün nəzərdə tutulur: -94.0.1. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və ya) yenidən qurulması ilə əlaqədar həmin vətəndaşların. Göründüyü kimi, qanunvericilik ilk növbədə xüsusi mülkiyyətdə olan mənzil (yaşayış binası) qəza vəziyyətinə düşdükdə əsaslı təmir və bərpa etmək vəzifəsini mülkiyyətçiyə həvalə etmişdir. Bununla əlaqədar olaraq mülkiyyətçinin (və ya mülkiyyətçilərin) yaşayış sahəsinin əsaslı təmiri, yenidən qurulması (rekonstruksiya) üçün müvafiq icra hakimiyyəti orqanına yenidənqurmaya razılıq alınması üçün müraciət etməsi tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi yaşayış sahəsi (mənzil) onun xüsusi mülkiyyətində olmaqla, dövlət mənzil fonduna aid mənzil deyildir. Belə olan halda, xüsusi mülkiyyətdə olan mübahisəli mənzilin əsaslı təmir işlərinin dövlət büdcəsi hesabına, o cümlədən hazırkı iş üzrə cavabdeh inzibati orqan(lar) tərəfindən həyata keçirilməli olmasına dair normativ əsas müəyyən olunmur. İddiaçı xüsusi mülkiyyətçi kimi mənzilində yaranmış qəza vəziyyəti ilə bağlı özü (və ya digər mülkiyyətçilərlə birlikdə) yenidənqurmanın (rekonstruksiya) tikinti norma və qaydalarına riayət etməklə razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmək imkanı olduğu halda cavabdehlərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Mənzil Məcəlləsinin 28.5-ci maddəsi ilə nəzərdə tutulmuş haldan irəli gələ bilən tələb hüququnun da mövcudluğu hazırkı iş üzrə müəyyən olunmur. Belə ki, mübahisəli mənzilin tavan hissəsində, üst mərtəbədəki mənzilin döşəməsində deformasiyalar hər hansı təbii fəlakət nəticəsində yaranmamışdır. Bu barədə FHN Tikintidə Nəzarət Dövlət Agentliyinin yaşayış binasının texniki vəziyyətinə dair aktında bilavasitə göstərilmiş, eyni zamanda aktda bina sakinləri tərəfindən inşa edilmiş əlavə yaşayış sahələrinin binanın əlavə yüklənməsinə və zəifləməsinə səbəb olduğu vurğulanmışdır. Beləliklə, cavabdehlər tərəfindən xüsusi mülkiyyətdə olan mənzillərin təmiri və bərpasına dair öhdəlik qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdeh inzibati orqanların inzibati aktları, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərini pozmasını əsaslandıra bilməmişdir. Odur ki, hazırkı iddia mümkün sayılmamalıdır. Yuxarıda istinad olunan Plenum Qərarında həmçinin bildirilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.3-cü və 3.4-cü bəndlər). İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə onu da qeyd edir ki, iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə həm iddianın mümkünlüyü məsələsi müzakirə edilmiş, tərəflərin fikri dinlənilmiş, həm də iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına hüquqi yardım məktubu göndərilərək ona zəruri hüquqi təkliflər verilmiş, cavabdehlərə ünvanlanmış ilkin müraciətinin (mövcud olduğu halda alınmış cavab məktublarının) məhkəməyə təqdim edilməsi təklif edilmiş, bunun üçün müddət təyin olunaraq məhkəmə iclası təxirə salınmışdır. Bununla belə, qeyd olunan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddia ərizəsinin mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar