Məhkəmə qərarları › İş №2-1(112)-6172/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6172/2021

15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6172/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun silinməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı birbaşa borcun silinməsi ilə əlaqədar olmadığından, həmin qərarın cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi üçün əsas olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinə əsasən 4257,50 manat sosial sığorta haqları üzrə, 1531,67 manat penya borcu olmaqla, ümumilikdə 5789,17 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, MMC hüquqi şəxs kimi 17.09.2015-ci il tarixdə dövlət qeydiyyatından keçməsinə baxmayaraq heç bir fəaliyyət göstərməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X9 İdarəsi tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə borc hesablanmışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1074/2017 saylı, 08 fevral 2017-ci il tarixli qərarı ilə MMC-nin 01.04.2016-cı il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 4699,28 manat borcunun cavabdehin əmlakı hesabına Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X9 İdarəsinin xeyrinə tutulması qərara alınmış, verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2036/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi və həmin qərarın ləğv edilməsi qərara alınmış, iddia mümkün sayılmamışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2283/2018 saylı, 04 may 2018-ci il tarixli qərarı ilə MMC-nin 01 iyul 2016-cı il tarixdən 01 iyul 2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 5811,50 manat məbləğində borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X9 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2433/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərarı ilə şikayətin təmin edilməsi, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 04 may 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın elan olunması və iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2893/18 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2433/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin 26.10.2018-ci il tarixdən İddiaçı MMC-nin fəaliyyəti dayandırılmışdır. İddia ərizəsi icraata daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı münasibəti məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən sonuncu dəfə 09.09.2019-cu il tarixdə hazırda mübahisələndirilən borc məbləğinin silinməsi barədə vergi orqanına müraciət olunmuş, 18.09.2019-cu il tarixli **********817300 nömrəli məktubla müraciət cavablandırılmışdır. Belə ki, iddiaçı iş üzrə qəbul edilmiş məhkəmə qərardadlarına istinad etməklə borcun silinməli olduğunu qeyd etmiş, vergi orqanı isə öz növbəsində həmin qərardadların mövcud borcun silinməsi üçün əsas olmadığını vergi ödəyicisinə bildirmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir. “X10" MMC-nin 01.01.2019-cu il tarixə saldo keçən “Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsi"nə əsasən 4257,50 manat sosial sığorta haqları üzrə, 1531,67 manat isə penya borcu mövcuddur. İddia tələbindən göründüyü kimi, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edilərkən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmənin 13.08.2021-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan İddiaçının 01.01.2015-ci il tarixdən 01.01.2017-ci il tarixədək hesablanmış məcburi dövlət sosial sığorta haqları (MDSS) və maliyyə sanksiyaları və inzibati cərimələrin dinamikası barədə məlumatdan görünür ki, iddiaçının 2015-ci və 2016cı il üzrə 4257 manat MDSS, 1531,67 manat maliyyə sanksiyası olmaqla, cəmi 5789,17 manat borcu vardır. İşdə olan 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1074/2017 saylı, 08 fevral 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X9 İdarəsi “X11" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01.04.2016-cı il tarixə 4699,28 (əsas borc-4257,50 manat, penya-441,78 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin əmlakı hesabına iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan “X11" MMC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2036/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadı ilə qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )-1074/2017 saylı, 08 fevral 2017- ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. Apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, “iddiaçı məhkəmə qaydasında qanunun tələb etdiyi qaydada-ödəmə qabiliyyəti olmayan sığortaedənin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borcun tutulması iddia qaldırmadan inzibati orqan olaraq pul tələbinin ödənilməsi ilə bağlı inzibati akt qəbul edə bilər və bundan sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edib.həmin qərarı məcburi qaydada icra edilməsi üçün aidiyyəti üzrə müvafiq rayon (şəhər) İcra şöbəsinə göndərə bilər.” İşdə olan 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2283/2018 saylı, 04 may 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X9 İdarəsi yenidən İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 iyul 2016-cı il tarixdən 01 iyul 2017-ci il tarixədək 5811,50 (əsas borc-4257,50 manat, penya-1554,00 manat) manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmişdir. Bu qərardan “X11" MMC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2433/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərarı ilə MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2283/2018 saylı, 04 may 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul olunmaqla iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərarada apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, “iş materiallarından göründüyü kimi cavabdeh İddiaçı MMC hüquqi şəxs kimi 17.09.2015-ci il tarixdə dövlət qeydiyyatından keçərək VÖEN almasına baxmayaraq heç bir fəaliyyət göstərməmiş və dövlət büdcəsinə borcu olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Deparatmenti tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 28.08.2018-ci il tarixə dövlət büdcəsinə borcu yoxdur. Həmçinin iş materiallarından görünür ki, cavabdehin heç bir işçisi olmamış və bu halın əksini iddiaçı hər hansı mötəbər sübutla sübut edə bilməmişdir. Bunları nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi yalnış nəticəyə gəlmişdir.” Bu qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X9 İdarəsi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2893/18 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə şikayət ətmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2433/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kasasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qərarında qeyd etmişdir ki, “Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanununun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Həmin Qanununun 21-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya növündə maliyyə sanksiyası tətbiq etmək hüququna malikdirlər. İş materiallarından göründüyü kimi, cavabdeh hüquqi şəxs kimi 17.09.2015-ci il tarixdə dövlət qeydiyyatından keçərək VÖEN-i almasına baxmayaraq heç bir fəaliyyət göstərməmiş və dövlət büdcəsinə borcu olmamış, Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli məktubuna əsasən cavabdehin 28.08.2018-ci il tarixə dövlət büdcəsinə borcu yoxdur və cavabdehin heç bir işçisi olmamış və bu halın əksini iddiaçı hər hansı mötəbər sübutla sübut edə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya İnstansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur.” İPM-in 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Beləliklə, göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının qeydiyyatdan keçdiyi tarixdən heç bir fəaliyyətinin və işçisinin olmaması və buna uyğun olaraq da məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmaması müəyyən edilmişdir. 30 noyabr 2018-ci il tarixdə qəbul edilmiş və 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə aşağıdakı məzmunda 1.4-cü maddə əlavə edilmişdir: “1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.”; Qanunvericiliyə edilmiş bu dəyişikliklə vergitutma ilə bağlı normalar məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq edilməyə başlanmış və həmin yığımların təmin edilməsi də vergi orqanı olan Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. İşdən müəyyən olunur ki, istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəf olmasa da, qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin iş üzrə tərəf olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X9 İdarəsinin səlahiyyəti müvafiq olaraq Bakı şəhəri X4 üzrə Baş İdarəsinə keçdiyindən o, aidiyyəti məsələlər üzrə həmin qurumun hüquqi varisi kimi qəbul edilməlidir. Belə olan halda aydın olur ki, həmin məhkəmə qərarları həm də hazırkı iş üzrə cavabdehə münasibətdə məcburi olmuşdur. Lakin cavabdeh iddiaçının ona ünvanlanmış müraciətini təmin etməmiş, həmin qərarın cəmiyyətin şəxsi hesab vərəqəsindən borcun silinməsi üçün əsas olmadığını bildirmişdir. Halbuki məhkəmə borcun olmadığını müəyyən etmiş, bu isə olmayan borcun şəxsi hesab vərəqəsində silinməsi üçün əsas təşkil etmişdir. Cavabdeh məhkəmə zamanı iddiaya münasibətdə dəlil kimi yalnız müddətin ötürülməsinə istinad etmiş, hazırkı iddianın növ olaraq məcburetmə haqqında iddia növünə aid olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, cavabdeh borcun silinməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunda göstərilən qaydada inzibati akt qəbul etmədiyindən hazırkı iddia məcburetmə deyil, öhdəliyin icrası haqqında iddia növünə aiddir, hansı ki, həmin iddianın qaldırılması ilə bağlı qanunvericilik hər hansı bir müddət məhdudiyyəti müəyyən etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının borcunun olmadığı müəyyən edildiyindən ona hesablanmış cəmi 5789,17 manat məbləğində borc silinməlidir. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçınə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 4257,50 manat əsas borc, 1531,67 manat penya borcu olmaqla, cəmi 5789,17 manat borcun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar