Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6173/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 16.06.2020-ci il tarixli, **********699200 saylı “Vergilərin, osial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən kameral yoxlanılmış və yoxlama nəticəsində 16.06.2020-ci il tarixli **********699200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək 142454,82 manat mənfəət vergisi hesablanmışdır. Mübahisələndirilən qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, İddiaçı QSC 2016-cı ildən fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 01 saylı İnvestisiya Xidmətlərinin Göstərilməsinə dair Lisenziya ilə davam edir. PSG-Kapitalın daxili nəzarət sistemi əsasında mütamədi olaraq həyata keçirilən investisiyaların təhlili və təkrar təhlili, qiymətləndirilməsi aparılır. Nəticə olaraq, Cəmiyyət öz məqsəd və vəzifələrinə çatmaq üçün müqavilələr bağlayır, əmlak və qeyri-əmlak hüquqları əldə edir, üzərinə öhdəliklər götürür və digər qanuni fəaliyyət növləri həyata keçirir. Şirkətin nizamnaməsinin 13-cü bəndində də, qeyd olunduğu kimi, Şirkət gəlir əldə etmək məqsədi ilə fərqli investisiyalara (qiymətli kağızlar, maddi və qeyri-maddi əmlak, daşınar və daşınmaz əmlak və s.) yatırım edə bilər. Şirkətin Nizamnaməsinin 13.2.5-ci bəndinə görə tətbiq olunmalı qanunlara əsasən və gəlir əldə etmək məqsədi ilə lazımi və arzulanan səviyyədə, Azərbaycan Respublikasının daxilində və xaricində daşınar və daşınmaz əmlakı almaq, icarəyə vermək və ya icarəyə götürmək hüququna malikdir. Eyni QSC yuxarıda qeyd edildiyi kimi gəlir əldə etmək məqsədi ilə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alğı-satqısını həyata keçirərək gəlir əldə edir. Bu məqsədlə, PSG-Kapital Şirkətinin İnvestisiya Departamenti tərəfindən aparılan araşdırmalara əsasən təklif edilmişdir ki, Birləşmiş Krallıqda daşınmaz əmlaka investisiya edilsin (Cəmiyyətin direktorunun 02.10.2017 tarixli təsisçiyə təqdim etdiyi daşınmaz əmlak bazarının təhlili haqqında hesabat). Bu səbəbdən, qərar verilmişdir ki, Böyük Britaniyada yerli qanunvericiliyi və daxili bazar haqqında məlumatlı olan bir konsaltinq şirkəti ilə müqavilə bağlanılması daha məqsədəuyğun olar. Bu səbəbdən, 17 oktyabr 2017-ci il tarixində Britaniyada fəaliyyət göstərən Jury O'Shea adlı yerli konsaltinq şirkəti ilə London şəhərində yerləşən “X8 Lane Limited” şirkətinə məxsus olan Taper Building, London SE1 ünvanında yerləşən 5 ədəd mənzilin mülkiyyət hüququ yaranmadan endirim ilə alışı üçün həyata keçirildi ki, gələcəkdə bu hüququ daha baha qiymətə satmaq mümkün olsun. Müqavilənin 1 nömrəli əlavəsində (Annexure 1) 5 ədəd mənzil alışı üçün hesablanmış 10% ilkin ödənişin məbləği 325,581 Funt Sterling təşkil etmişdir. 24 oktyabr 2017-ci il tarixli Cəmiyyətin bağlanılmış əqdləri barədə Təsisçi Qərarına əsasən, 325,581 Funt Sterling məbləğində depozit təsdiq olunmuş və 24 noyabr 2017 tarixində həmin məbləğ Jury O’Shea-nın müştəri hesabına köçürülmüşdür. 12 dekabr 2017 tarixində 5 mənzilin mülkiyyət hüququ yaranmadan alışı üçün PSG- Kapital İnvestisiya Şirkəti və X8 Lane Limited Şirkəti arasında müqavilə imzalanmışdır. Müqavilədə qeyd olunduğu kimi satıcının vəkili Freeths LLP şirkəti PSG-Kapitalın vəkili isə Jury O’Shea şirkəti çıxış edirdi. Həmin müqavilənin 7-ci bəndində qeyd olunan '‘Standart Şərtlər” maddəsində əks olunan və X7 Cəmiyyəti tərəfindən təsdiqlənmiş “X3” bəndlərinə əməl olunmuşdur. Əlavə olaraq, qeyd etmək istəyirlər ki, PSG-Kapital ilə Long Lane Limited Şirkəti arasında bağlanmış satış müqaviləsi hüquqi baxımından üstünlük təşkil edir. Bu o deməkdir ki, Hüquq Cəmiyyəti tərəfindən təsdiq edilmiş X4 qeyd olunan 1.5.1 (Alıcının müqavilənin faydasını ötürmək hüququ yoxdur) bəndi qüvvədən düşür. Yəni PSG-Kapital İnvestisiya Şirkəti bu bənd əsasında yuxarıda da, qeyd edildiyi kimi mülkiyyət hüququ yaranmadan endirim ilə aldığı mənzilləri gəlir əldə etmək məqsədilə 3-cü tərəfə ötürə bilər. Cəmiyyət tərəfindən qoyulmuş investisiyaların təhlili zamanı məlum olur ki, London şəhərində daşınmaz əmlak bazarında müxtəlif siyasi və iqtisadi faktorların təsiri altında ucuzlaşma müşahidə olunur və Cəmiyyət tərəfindən daşınmaz əmlaka qoyulan investisiya yüksək risklərlə üzləşərək böyük itkilərlə nəticələnə bilər və təhlilin nəticəsi Şirkətin təsisçisinə məruzə edilmişdir (Cəmiyyətin direktorunun 03.12.2018 tarixli təsisçiyə təqdim etdiyi daşınmaz əmlak bazarının təhlili haqqında hesabat). PSG-Kapital investisiya şirkəti olaraq qiymətli kağızlar, maddi və qeyri-maddi əmlak, daşınar və daşınmaz əmlak və s. qoyulmuş investisiyaların gəlirliliyinin yüksək risklərlə üzləşdiyi hallarda qərar qəbul etmək məcburiyyətindədir. Son olaraq, PSG-Kapital tərəfindən qərar verilmişdir ki, layihənin tamamlanması üçün qalıq məbləğin ödənilməsi məqsədəuyğun deyil və bu səbəbdən, X3 7.4.2-ci bəndinə əməl edilərək müqaviləyə satıcı tərəfindən xitam verilmiş və depozit məbləği müqavilənin şərtinə əsasən PSG-Kapital Şirkətinə geri qaytarılmamışdır. Əlavə olaraq, 17.01.2019cu il tarixində təsisçi, investisiyanın uğursuz olduğuna və Şirkət üçün daha böyük potensial itkilərin yarana biləcəyini nəzərə alaraq, qərar vermişdir ki, 325,581 X12 şirkətin zərəri kimi tanınsın. Göründüyü kimi, bu əməliyyatdan QSC zərər etdiyi üçün satıcı tərəfindən geri qaytarılmayan depozit məbləği mənfəət bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində əks etdirmişdir. Lakin, iddiaçı tərəfindən yuxarıda əksini tapmış əməliyyatın nəticəsi olaraq 2019-cu ilin mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən kameral vergi yoxlamasına məruz qalaraq əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləğini özündə əks etdirən qərar əsasında şikayət instansiyasına, daha sonra İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət təqdim olunmuş, lakin şikayət təmin olunmamışdır. Şikayətin təmin edilməməsi barədə qərarlar onunla əsaslandırılmışdır ki, QSC tərəfindən X5 şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi üzrə hərhansı gəlir əldə etmədiyindən alğı-satqı müqavilələrinin şərtlərinə əsasən öncədən ödənilmiş, eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilmir və həmin depozit məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir. Bununla bağlı bildirirlər ki, mülkiyyət hüququ yaranmadan investiya edilmiş məbləğ bilavasitə QSC-nin sahibkarlıq fəaliyyəti çərçivəsində yaranmış zərərdir. Bu məntiqlə yanaşılsa onda vergi ödəyicilərində təqvim ili ərzində yaranmış mənfi məzənnə fərqi də, sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilməməlidir. Halbuki, mənfi məzənnə fərqi QSC-nin mübahisələndirilən əməliyyatında olduğu kimi sahibkarlıq fəaliyyəti zamanı uğradığı zərərdir ki, bu da birmənalı olaraq gəlirdən çıxılmalıdır. Qeyd edilən əməliyyat törəmə maliyyə aləti olaraq daşınmaz əmlakı əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən birjadankənar əqddir. Bu əqd vasitəsi ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququ tanınmadan digər şəxsə satılma hüququ var (alqı-satqı müqaviləsinin 7.5ci maddəsi və X7 cəmiyyəti tərəfindən təsdiq olunmuş “X9”nin 1.5-ci maddəsi). Başqa sözlə deyilsə, bu əməliyyat kapital qoyuluşu xarakterli əməliyyat deyil ki, gəlirdən çıxılmasın. Bundan başqa Vergi Məcəlləsinin 119-cu maddəsi Gəlirdən çıxılan məbləğlərin bir qismini məhdudlaşdırır. Həmin maddənin tələbinə görə gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr gəlirdən çıxılmasına yol verilmir (maddə 119.1.2.). Halbuki, yuxarıda da, qeyd olunduğu kimi QSC daha böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməkdən imtina etməklə mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi ilə əlaqədar zərəri ödəmişdir ki, bu da Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən gəlirdən çıxılması məhdudlaşdırılmamalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Uçot-baza məlumatlarına əsasən cəmiyyətin 27.07.2012-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, 03.12.2013-cü il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün “qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti (broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar)” olduğu müəyyən edilmişdir. Bildirirlər ki, araşdırma zamanı 2019-cu il üçün kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində “Borc tələblərinin alınması ilə bağlı xərclər (231.6)” sətrində qeyd edilmiş 712274,1 manat vergi orqanının uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığı üçün kənarlaşma müəyyən edilmişdir. Belə ki, həmin məbləğin cəmiyyət tərəfindən X5 şəhərində yerləşən 5 (beş) ədəd mənzilin alışı üzrə ümumillikdə 3368312,5 ingilis funt sterlinqi məbləğində alqı-satqı müqavilələrinin bağlanıldığı, müqavilələrin şərtlərinə uyğun olaraq 325581,25 ingilis funt sterlinqi dəyərində depozit ödənildiyi, investisiya layihəsinin yenidən dəyərləndirilməsi zamanı cəmiyyətin maliyyə risklərinin idarəedilməsi məqsədi ilə layihənin dayandırılması barədə qərar qəbul edildiyi, müqavilələrin şərtlərinə əsasən ödənilmiş depozitin geri qaytarılmaması səbəbindən həmin məbləğin təsisçinin 17.01.2019-cu il tarixli qərarı əsasında xərcə (17.01.2019-cu il tarixli Azərbaycan Mərkəzi Bankının valyuta açıqlamasında ingilis funt sterlinqinin Azərbaycan manatına nisbətən məzənnəsinə əsasən 115581 funt sterlinqinin manat ekvivalenti) daxil edildiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən London şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi üzrə hər-hansı gəlir əldə edilmədiyindən alğı-satqı müqavilələrinin şərtlərinə əsasən öncədən ödənilmiş, eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilmir və həmin depozit məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir. Eyni zamanda araşdırma zamanı bank çıxarışına əsasən 325581,25 funt sterlinq dəyərində köçürmənin (depozit ödənişinin) 24.11.2017-ci il tarixdə aparıldığı, alğı-satqı müqavilələrinin 12.12.2017-ci il tarixlərdə bağlanıldığı, müqavilələrin X3 7.4.2-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini tamamlamadığı halda satıcı şirkətin ödənilmiş depozit məbləğini saxlamaq hüququnun təsbit edildiyi müəyyən edilmişdir. Cəmiyyətin yuxarıda qeyd edilən xərci onun fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında ştirak etmir və cəmiyyət çəkdiyi bu xərclərin müqabilində hər hansı gəlir əldə etmir. Bu səbəbdən bu cür məsrəflər gəlirdən çıxılan xərclərə aid edilmir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 03.06.2020-ci tarixli **********749600 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubu və təsdiqedici sənədlər vergi orqanı tərəfindən nəzərə alınmamış, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün mənfəət vergisi üzrə 142454,82 manat əlavə vergi hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16.06.2020-ci il tarixli, **********699200 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi həmin qərar ilə hesablanmış 142454,82 manat əlavə vergi məbləği tam məbləğdə dövlət büdcəsinə ödənilmişdir. Şəxsi hesab vərəqəsində vergi ödəyicisinin 31,77 manat artıq ödəməsi var. İddiaçı QSC-nin rəhbərinin kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası oaqlarının hesablanması barədə” 16.06.2020-ci il tarixli **********699200 nömrəli qərarın əğv edilməsi barədə inzibati şikayətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və “İnzibati şikayətin təmin edilməməsi haqqında” 30.12.2020-ci il tarixli **********675400 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə "xxxx" QSC-nin 23.11.2020-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16.06.2020-ci il tarixli **********699200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, İddiaçı QSC-nin rəhbəri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30.12.2020-ci il tarixli **********675400 nömrəli "İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarının ləğv edilməsi barədə inzibati şikayətinə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında cəmiyyətin nümayəndələri Şahin Rəcəbovun, Nigar Axundovanın və Vəli Əliyevin iştirakı ilə baxılmış və 19.03.2021-ci il tarixli 30 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar ilə İddiaçı QSC -nin inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında” 30.12.2020-ci il tarixli **********675400 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 19.03.2021 -ci il tarixli, 30 nömrəli Qərarından göründüyü kimi, İddiaçı QSC-nin "İzibati şikayətinə cəmiyyətin nümayəndələri Şahin Rəcəbovun, Nigar Axundovanın və Vəli Əliyevin iştirakı ilə baxılmış və qərar maraqlı şəxs kimi onlara birbaşa elan edilmişdir. Əlavə olaraq bildirirlər ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011 -ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1 -ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16.06.2020-ci il tarixli **********699200 nömrəli qərara əsasən 2019-cu il üçün mənfəət vergisi üzrə hesablanmış 142454,82 manat əlavə vergi məbiəği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan notarial qaydada təsdiq edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsindən (4-cü redaksiya) görünür ki, Nizamnamənin 2.1-ci bəndinə əsasən Cəmiyyət Azərbaycan Respubllikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş lisenziya və bu nizamnamə əsasında fəaliyyət göstərərək investisiya xidmətləri göstərir. Nizamnamənin 13.1-ci bəndinə əsasən Cəmiyyət öz məqsəd və vəzifələrinə çatmaq üçün müqavilələr bağlayır, əmlak və qeyri-əmlak hüquqları əldə edir, üzərinə öhdəliklər götürür və digər qanuni fəaliyyət növləri həyata keçirir. Nizamnamənin 13.2.4-cü və 13.2.5-ci maddələrinə əsasən tətbiq olunmalı qanunlara əsasən səhmlər, qiymətli kağızlar və istiqrazlar əldə etmək, tətbiq olunmalı qanunlara əsasən və fəaliyyətini genişləndirmək üçün lazımi və arzulanan səviyyədə, Azərbaycan Respubikasının daxilində və xaricində daşınar və daşınmaz əmlakı almaq, icarəyə vermək və ya icarəyə götürmək cəmiyyətin hüquqlarıdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03.06.2020-ci il tarixli, **********749600 nömrəli “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktubdan görünür ki, Vergi Məcəlləsnin 23.1.1-ci, 37.3-cü, 37,67 və 83-cü maddələri rəhbər tutularaq iddiaçıya bildirilmişdir ki, tərəflərindən 27.04.2020-ci il tarixdə kassa metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır:
1. Tərəflərindən təqdim edilmiş 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin 245-ci sətirində göstərilmiş 64660.61 manat mənfəət vergisi üzrə azalmalar barədə təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsinə zərurət yaranmışdır;
2. Tərəflərindən təqdim edilmiş 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində göstərilmiş 712274.10 manat səhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması ilə bağlı xərclərlə bağlı təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsinə zərurət yaranmışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16.06.2020-ci il tarixli, **********699200 nömrəli qərarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2019-cu il mənfəət vergisi üzrə 142.454,82 manat məbləğində vergi borcu hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2020-ci il tarixli, **********675400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə 23.11.2020-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.06.2020-ci il tarixli, **********699200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı qüvvədə saxlanılmışdır. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 320 nömrəli, 29 yanvar 2021ci il tarixli inzibati şikayətdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 30.12.2020-ci il tarixli, **********675400 saylı qərarından apellyasiya şurasına inzibati şikayət verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini Apellyasiya Şurasının 30 nömrəli, 19 mart 2021-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2020-ci il tarixli, **********675400 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 12.12.2017-ci il tarixdə bağlanmış “Satış müqaviləsi”-nin surətindən görünür ki, satıcı “X11 LANE” LİMİTED şirkəti (satıcının adından "xxxx" LLP) ilə alıcı "xxxx" Şirkəti (alıcının adından JURY O’Shea LLP) arasında 175 LONG LANE adlı yaşayış kompleksindəki mənzillərin satış müqaviləsi bağlanmış, həmin müqavilənin 7.1-ci bəndində qeyd olunmuşdur ki, X3 (Beşinci buraxılış) müddəaları (“Standar Şərtlər”) bu Müqaviləyə tətbiq edilir və Standart Şərtlər və bu Müqavilə arasında ziddiyyət olarsa, bu Müqavilə üstün hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 7.5-ci bəndində qeyd edilmişdir ki, Standart Şərtlərin 1.5.1-ci bəndi tətbiq edilmir. İşdə olan X9 (Beşinci Buraxılış) (Milli Satış Şərtləri 25-ci Buraxılış, Hüquq Şirkətinin Satış Şərtləri 2011)-nin 7.4.2-ci bəndindən görünür ki, satıcı müqaviləyə xitam verə bilər və belə olduqda: (a) o, aşağıdakıları edə bilər: (i) hər hansı depozit və ya hesablanmış faizləri itirmək və ya saxlamaq, (ii) əmlakı və ya bu müqaviləyə edilmiş hər hansı kontenti yenidən satmaq, (iii) zərər barədə iddia irəli sürmək; (b) alıcı satıcıdan alığı hər hansı sənədləri geri qaytarmalı və müqavilənin hər hansı qeydiyyatını ləğv edilməlidir. İşdə olan 18.10.2018-ci il tarixli satıcı, “X11 LANE” LİMİTED şirkəti adından çıxış edən "xxxx" LLP Şirkəti tərəfindən "xxxx" Şirkəti adından çıxış edən JURY O’Shea LLP Şirkətinə ünvanlanmış Ləğv etmə haqqında bildirişdən görünür ki, satıcı ilə alıcı arasında Əmlakın alğı-satqısı haqqında imzalanmış 12 dekabr 2017-ci il tarixli müqavilə, müqaviləyə inkorporasiya edilmiş X2 (Beşinci nəşr) hər hansı biri şərt göstərilərək, aşağıdakılar barədə bildiriş verilmişdir: 1. Alıcı Müqavilənin 6.8-ci Müddəasına əsasən 10 avqust 2018-ci il tarixli Tamamlama haqqında Bildirişə və daha sonra təsdiq edilmiş 3 oktyabr 2018-ci il tarixli Tamamlama haqqında Bildirişə uyğun olaraq Müqaviləni 17 oktyabr 2018-ci il tarixində tamamlamamışdır. 2. Satıcı Müqavilənin 7.4-cü Müddəasına uyğun olaraq Müqaviləni ləğv etmək hüququnu istifadə edir. 3. Satıcı Müqaviləni geri götürür və Müqavilənin 7.4.2ci Müddəasına əsasən ödənilmiş depozit və yığılan faizləri özündə saxlayır. 4. Satıcı digər hüquqlarını və ya hüquqi müdafiə vasitələrini qoruyur. Xahiş edilmişdir ki, bildirişin əlavə edilmiş nüsxəsini imzalayıb geri göndərməklə bildirişi aldıqlarını təsdiq etsinlər. İşdə olan cavabdeh tərəfindən məhkəmə tapşırığının icrası ilə əlaqədar olaraq 02.09.2021-ci il tarixli, **********549100 nömrəli məktubla təqdim edilmiş 2019-cu mənfəət vergisinin bəyannamələrinin (cari və dəqiqləşdirilmiş) təsdiq olunmuş surətlərindən görünür ki, həmin vergi bəyannamələrində hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsində yuxarıda qeyd edilən satış müqavilələri üzrə satıcı tərəfindən geri qaytarılmayan depozit məbləği göstərilmişdir. İşdə olan "xxxx" LLP Şirkəti tərəfindən aidiyyəti şəxslərə ünvanlanmış 20 iyul 2021-ci il tarixli məktubdan görünür ki, həmin məktubla bildirilmişdir ki, bu firma London, Long Lane, X14 ünvanındakı mənzillərin satışında X10 Lane Limited Şirkəti adından fəaliyyət göstərmişdir və onlar bu məktubla həmin şirkət adından aşağıda qeyd olunanları təsdiq edirlər:
1. 2-34, 2-33, 2-23 və 1-23 saylı mənzillərin satışı üçün X11 Lane Limited (1) və PSG-Kapital İnvestment Şirkəti (2) arasında müqavilələr bağlanmışdır və 12 dekabr 2017-ci il tarixində mübadilə edilmişdir (bütün Müqavilələrin surətləri qoşmada əlavə olunmuşdur).
2. Mübadilə zamanı aşağıdakı depozitlər ödənilmişdir: (a) 2-33 saylı mənzil üçün 59,093.73 X12 məbləğində depozit və 2.500 X12 məbləğində ilkin ödəniş; (b) 2-23 saylı mənzil üçün 58,637.50 X12 məbləğində depozit və 2.500 X12 məbləğində ilkin ödəniş; (c) 2-34 saylı mənzil üçün 59,093.75 X12 məbləğində depozit və 2.500 X12 məbləğində ilkin ödəniş; (d) 2-22 saylı mənzil üçün 90,118.75 X12 məbləğində depozit və 2.500 X12 məbləğində ilkin ödəniş; (e) 1-23 saylı mənzil üçün 58,637.50 X12 məbləğində depozit və 2.500 X12 məbləğində ilkin ödəniş.
3. Alıcı müqavilə üzrə icranın tamamlanması tarixinə qədər satınalmanı tamamlamamışdır və nəticədə tamamlanmaya dair bildirişlər hər Müqavilə üzrə 7 sentyabr 2018-ci tarixində və təkrar olaraq 3 oktyabr 2018-ci il tarixində göndərilmişdir.
4. Alıcı satınalmanın tamamlanmasına dair bildirişlərə əməl etməmişdir və müvafiq şəkildə onların sifarişçiləri müqavilələrə xitam vermək və yuxarıdakı 2 saylı bənddə istinad olunan depozitləri özündə saxlamaq hüququ yaranmışdır və beləliklə, müqavilələrin hər birinə xitam verilməsinə dair bildirişlər 18 oktyabr 2018-ci il tarixində göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi orqanı tərəfinədn kameral vergi yoxlaması zamanı 2019-cu il üçün kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində “Borc tələblərinin alınması ilə bağlı xərclər (231.6)” sətrində qeyd edilmiş 712274.1 manat məbləğ vergi orqanının uçot-baza məlumatlarına əsasən təsdiqini tapmadığı üçün kənarlaşma müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 03.06.2020-ci il tarixli, **********749600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmiş, vergi orqanı Vergi Məcəlləsinin 37-ci, 67-civə 83-cü maddələrinə əsasən 2019-cu il üçün 142454.82 manat mənfəət vergisi hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması bbarədə” 16.06.2020-ci il tarixli, **********699200 nömrəli Qərar qəbul edərək, vergi ödəyicisinə göndərmişdir. İddiaçı sözügedən qərardan inzibati şikayət və inzibati şikayətin təmin olunamaması barədə qərardan apellyasiya şurasına şikayət vermişdir. İddiaçının inzibati şikayəti və apellyasiya şurasına verdiyi şikayətləri təmin edilməmiş, inzibati şikayətin və apellyasiya şurasına verilmiş şikayətin təmin edilməməsinin və cavabdeh orqan tərəfindən məhkəməyə verilmiş iddia ərizəsinə qarşı etirazın əsası kimi göstərilmişdir ki, vergi ödəyicisinin müraciətinin araşdırılması zamanı 2019cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsində “Borc tələblərinin alınması ilə bağlı xərclər (231.6)” sətrində qeyd edilmiş 712.274,1 manat məbləğin, cəmiyyət tərəfindən X5 şəhərində yerləşən 5 (beş) ədəd mənzilin alışı üzrə ümumilikdə 3.368312.5 ingilis funt sterlinqi məbləğində alğı-satqı müqavilələrinin bağlanıldığı, müqavilələrin şərtlərinə uyğun olaraq 325.581.25 ingilis funt sterlinqi dəyərində depozit ödənildiyi, investisiya layihəsinin yenidən dəyərləndirilməsi zamanı Cəmiyyətin maliyyə risklərinin idarəedilməsi məqsədi ilə layihənin dayandırılması barədə qərar qəbul edildiyi, müqavilənin şərtlərinə əsasən ödənilmiş depozitin geri qaytarılmaması səbəbindən həmin məbləğin təsisçinin 17.01.2019-cu il tarixli qərarı əsasında xərcə (17.01.2019-cu il tarixli Azərbaycan Məkrəzi Bankının valyuta açıqlamasında ingilis funt sterlinqinin Azərbaycan manatına nisbətən məzənnəsinə əsasən 325 581 funt sterlinqinin manat ekvivalenti) daxil edildiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən London şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi üzrə hər hansı gəlir əldə edilmədiyindən alğı-satqı müqavilələrinin şərtlərinə əsasən öncədən ödənilmiş eyni zamanda müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün qeyri-rezident tərəfindən müqavilə ləğv edilməklə müsadirə edilmiş depozit məbləği sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilmiş xərc hesab edilmiş və həmin depozit məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərrclərinə aid edilmir. Eyni zamanda araşdırma zamanı bank çıxarışına əsasən 325.581.25 funt sterlinq dəyərində köçürmənin (depozit ödənişinin) 24.11.2017-ci il tarixdə aparıldığı, alğı-satqı müqavilələrinin 12.12.2017-ci il tarixlərdə bağlanıldığı, müqavilələrin X3 7.4.2-ci yarımbəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini tamamlamadığı halda satıcı şirkətin ödənilmiş depozit məbləğini saxlamaq hüququnun təsbit edildiyi müəyyən edilmişdir. Cəmiyyətin yuxarıda qeyd edilən xərci onun fəaliyyəti üzrə gəlirlərin formalaşmasında iştirak etmir və cəmiyyət çəkdiyi bu xərclərin müqabilində hər hansı gəlir əldə etmir. Bu səbəbdən, bu cür məsrəflər gəlirdən çıxılan xərcə aid edilmir. Vergi orqanının sözügedən qərarlarındakı və məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etiraz ərizəsindəki istinad edilmiş hallarla bağlı məhkəmə tərəfindən işin faktiki və hüquqi hallarının araşdırılması zamanı, eləcə də, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 27.07.2012-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, ərizəsinə əsasən əsas fəaliyyət növünün “qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti (broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar)”; Nizamnaməsinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən verilmiş lisenziya və bu Nizamnamə əsasında fəaliyyət göstərərək investisiya xidmətləri göstərilməsi olmuşdur. 2017-ci ilin dekabr ayında investisiya məqsədləri üçün X5 şəhərində 5 (beş) ədəd mənzilin alışı üzrə ümumilikdə 3368312.5 İngilis Funt aterlinqi məbləğində alğı-satqı müqavilələri bağlanılmış (satıcı “X11 LANE” LİMİTED şirkəti (satıcının adından "xxxx" LLP) ilə alıcı "xxxx" Şirkəti (alıcının adından JURY O’Shea LLP), müqavilənin şərtlərinə uyğun olaraq 5 (beş) ədəd mənzilin alışı üçün hesablanmış 10 % ilkin ödənişin, 325.581,25 X13 dəyərində depozit ödənilmiş, investisiya layihəsinin yenidən dəyərləndirilməsi zamanı Cəmiyyətin maliyyə risklərinin idarəedilməsi məqsədi ilə layihənin dayandırılması barədə qərar qəbul edilmiş,18.10.2018-ci il tarixdə sözügedən alğı-satqı müqavilələrində satıcını təmsil edən "xxxx" Şirkəti tərəfindən müqaviləni ləğv etmə haqqında bildiriş göndərilmiş, həmin bildirişdə göstərilmişdir ki, alıcı müqavilənin 6.8-ci müddəasına əsasən 10 avqust 2018-ci il tarixli “Tamamlama haqqında” bildirişə və 7 sentyabr 2018ci il tarixli “Tamamlama haqqında” bildirişə və daha sonra təsdiq edilmiş 3 oktyabr 2018-ci il tarixli “Tamamlama haqqında” Bildirişə uyğun olaraq Müqaviləni 17 oktyabr 2018-ci il tarixdə tamamlamamışdır, satıcı müqavilənin 7.4-cü müddəasına uyğun olaraq müqaviləni ləğv etmək hüququndan istifadə etmiş, müqaviləni geri götürmüş və müqavilənin 7.4.2-ci müddəasına əsasən ödənilmiş depozit və yığılan faizləri özündə saxlamışdır. Bundan sonra, müqavilənin şərtlərinə əsasən ödənilmiş depozitin geri qaytarılmaması səbəbindən həmin məbləği təsisçinin 17.01.2019-cu il tarixli qərarı əsasında Cəmiyyətin zərəri kimi tanımış və 2019-cu il üçün mənfəət vergi bəyannaməsində xərcə daxil edilmişdir. Müqavilələrin satıcı tərəfindən ləğv edilməsi halları məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş "xxxx" Şirkəti tərəfindən təqdim edilmiş 20 iyul 2021-ci il tarixli məktubla da, öz təsdiqini tapmışdır. Göründüyü kimi, London şəhərində 5 (beş) ədəd mənzilin alınması layihəsi, sözügedən layihənin icrasının iddiaçı tərəfindən gecikdirilməsi səbəbindən (iddiaçı daha böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməmişdir), mülki hüquq müqavilələrin satıcı tərəfindən ləğv edilməsi ilə nəticələnmiş, nəticədə icranın gecikdirilməsi (müqavilənin icrasının tamamlanma tarixinə qədər satınalmanın tamamlanmaması) ilə əlaqədar iddiaçı tərəfindən satıcıya göndərilmiş depozit məbləği geri qaytarılmamışdır. Bununla da, iddiaçı tərəfindən böyük itkiyə məruz qalmamaq üçün müqavilədə nəzərdə tutulmuş ödəmələri həyata keçirməkdən imtina edilməklə, iddiaçıya bir növ mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi nəticəsində zərər dəymişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 119.1-ci maddəsində əsasən, aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir: 119.1.1. Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi; 119.1.2. bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla). Beləliklə, iddiaçının sözügedən müqavilələr üzrə satıcıya ödəmiş olduğu depozit məbləği onun sahibkarlıq fəaliyyəti nəticəsində gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş ziyan hesab olunmaqla, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 119.1-ci maddəsində nəzərdə tutulmuş gəlirdən çıxılması məhdudlaşdırılan xərc hesab edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisəli qərarın qəbul edilməsi zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi hallarının düzgün araşdırılmaması, iddiaçıya münasibətdə qanunvericiliyin normalarının düzgün tətbiq edilməməsi səbəbindən qərar əsassız hesab olunmaqla ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; iəqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.06.2020-ci il tarixli, **********699200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva