Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6176/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin müraciətlərə baxılması və hüquq bölməsinin baş hüquqşünası, ünvan 2 ünvanında qeydiyyatda olan ) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Baş İdarə tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.03.2021-ci il tarixli **********5020 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 09.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddianın əsasının dəyişdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 29.03.2021-ci il tarixli **********5020 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Sadalananlardan göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini bu özünəməxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məlumdur ki, səyyar vergi yoxlaması ilə yanaşı operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qərarlar da Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq qəbul edilir. Məcəllənin 56.1-ci maddəsi isə həmin normanın əvvəlki müvafiq dövrə aid edilməsini yalnız səyyar vergi yoxlaması ilə əlaqələndirmişdir. Eyni zamanda, yuxarıda qeyd olunan Məcəllənin 83.3-cü maddəsindən də göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Göründüyü kimi, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, əlavə olunan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan, eyni zamanda operativ vergi nəzarətinin keçirilməsi barədə qərardan göründüyü kimi, tədbirin həyata keçirilməsi müddətinin 15.03.2021-13.04.2021 tarixləri aralığında olması göstərilsə də, onun hansı dövrün əməliyyatlarına şamil edilməsi əks olunmur ki, bunun da səbəbi yuxarıda qeyd olunduğu kimi, məhz tədbirin keçirilməsi müddətində hər hansı pozuntunun müəyyən olunmasından ibarətdir. Nümunə üçün əlavə olunan anonimləşdirilmiş səyyar vergi yoxlamasının keçirilməsi barədə qərardan göründüyü kimi, həmin qərarda yoxlamanın keçirilməsi müddəti ilə yanaşı yoxlama dövrü də (əvvəlki tarixə) əks olunmuşdur. Bu hal bir daha yuxarıda qeyd olunanları təsdiq edir ki, operativ vergi nəzarəti yoxlama növü olmadığı üçün əvvəlki dövrə deyil, gələcək müəyyən müddət üçün konkret məsələlər üzrə (50.1.1-50.1.14) nəzarətin həyata keçirilməsini tənzimləyən tədbirdir. Eyni zamanda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin (01.01.2019-cu il tarixdən qüvvəyə minmişdir) və onun keçirilməsi üçün əsas olan 50.1.13-cü maddənin (01.01.2020ci il tarixdən qüvvəyə minmişdir) mövcud olmadığı dövrlərin kassa əməliyyatlarını belə maliyyə sanksiyası tətbiq olunan satış həcminə daxil etmişdir. Maddi hüquq normasının mövcud olmadığı dövrün satışlarının sonradan qanunvericiliyə əlavə olunan norma ilə maliyyə sanksiyasına cəlb olunması qanunsuzluqdan əlavə məsələyə cavabdehin səthi və etinasız yanaşmanın nəticəsidir. Qeyd olunanlarla yanaşı, mübahisənin mahiyyəti ilə bağlı bildiririk ki, cavabdehin maliyyə sanksiyası tətbiq etməkdə əsas yanaşması ondan ibarət olmuşdur ki, güya iddiaçı malları topdansatış qaydada vergi ödəyicilərinə satmış, amma eqaimə təqdim etməyərək həmin əməliyyatları NKA vasitəsilə rəsmiləşdirmişdir. Bununla bağlı bildiririk ki, hər hansı malın (işin,xidmətin) hansı həcmdə satışının topdansatış, hansı həcminin isə pərakəndə olması meyarları qanunvericilikdə müəyyən edilməmişdir. Həmçinin vergi orqanı malların vergi ödəyicilərinə satıldığına dair heç bir sübut (hər hansı mal alan vergi ödəyicisinin ifadəsi, nəzarət qaydasında mal alqısı və s.) təqdim etmədən ehtimal üzərində məsələyə belə yanaşması vergi qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən vergi orqanları tərəfindən öz subyektiv yanaşması ilə aparılan əməliyyatın ehtimal üzərində topdansatış qaydasında həyata keçirildiyinə görə maliyyə sanksiyasının tətbiq olunması qanunauyğun deyil. Göstərilənlərə əsasən iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 29.03.2021-ci il tarixli **********5020 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı 19.05.2021-ci il və 15.11.2021-ci il tarixli yazılı etirazları məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nın cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ərazisində yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasənən tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 15.03.2021-ci il tarixdən 13.04.2021-ci il tarixədək (13.04.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 18.03.2021-ci il tarixdə saat 16:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nın cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ərazisində yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 3554985,12 manat məbləğində malların satılması faktı aşkar olunmuş və 18.03.2021-ci il tarixli 001596 nömrəli Akt tərtib edilmişdir. Akt İddiaçı MMCnin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 18.03.2021-ci il tarixli 001596 nömrəli aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən İddiaçı MMC-nin 355498,51 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. “MHS" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə verdiyi izahatda bildirmişdir ki, MMC-nin 01.01.2020-ci ilin əvvəlinə mal qalığı 263828,0 manat (ƏDV-siz) olmuşdur. 01.01,2020-ci il tarixdən 15.03.2021-ci il tarixədək cəmiyyət tərəfindən 2957739,35 manat (ƏDV-siz) dəyərində mal idxal olmuşdur. Yoxlama keçirilən dövrdə cəmiyyətin icarəsində olan hər üç obyektdə faktiki olaraq 3033444,93 manat (ƏDV-siz) məbləğində mal qalığı olmalı halda 188122,42 manat (ƏDV-siz) dəyərində mal qalığı müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən kassaya mədaxil edilmiş 2661843,67 manat dövriyyədə malın maya dəyəri 2128112,94 manat (ƏDV-siz və ticarət əlavəsiz) təşkil etmişdir və nəticədə 905332,0 manat (ƏDV-siz və ticarət əlavəsiz) malın əksik gəlməsi müəyyən olunmuş və satışda göstərilməmişdir. Əlavə olaraq qeyd edirəm ki, əksik gələn 905332,0 manat mallar 1132389,24 manata (ticarət əlavəsi və ƏDV nəzərəalınmaqla) təqdim edilmişdir. Cəmiyyət tərəfindən ümumilikdə 3777721,92 manat (ƏDV və ticarət əlavəsi daxil) dəyıərində malı topdan olaraq ayrı-ayrı vergi ödəyicilərinə satılmışdır və topdan verilməsinə baxmayaraq e-qaimə təqdim edilməli olduğu halda cəmi 188760,0 manat hissəsinə (cəmi dəyər ƏDV-li 222736,80 manat) e-qaimə təqdim edilmişdir və nəticədə 3554985,12 manat e-qaiməsiz topdan mal satılmışdır. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 da e-qaimə verilmədən 3554985,12 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Eyni zamanda “MHS" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 15.03.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov ev. Salatın Əsgərova, Zərgərpalan və Şamil Əzizbəyov küçələrinin kəsişməsi (Kosmetika mağazası); Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev.68, mənzil 3 (Kosmetika mağazası); Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y stansiyasının cənub- şərq hissəsi (anbar). Bu ünvanlarda olan mallar İddiaçı MMC-yə məxsusdur. Bunlardan başqa digər ünvanda malımız, anbarımız və saxlanc yerimiz yoxdur. Digər şəxslərdən saxlanca mal qəbul etməmişik, yolda olan bizə məxsus mallar yoxdur. Satdığımız mallara ticarət əlavəsi 6 faiz tətbiq edirik. Cəmiyyətin iş vaxtı hər gün olmaqla Anbar 09:00-dan axşam saat 18:00-dək, mağazalar 09:00- dan axşam saat 20:00-dək fəaliyyət göstərir. Cavabdeh 15.11.2021-ci il tarixli etirazda əlavə olaraq bildirmişdir ki, İddiaçı MMCnin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 da e-qaimə verilmədən 3554985,12 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektronqaimə faktura və ya elektron vergi hesab- fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddənin tələbindən göründüyü kimi, pərakəndə satış fəaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaiməfaktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilir, lakin topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur və malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Bundan əlavə İddiaçı MMC tərəfindən 2020-ci ilin iyul ayından 2021-ci ilin mart ayınadək vergi orqanına təqdim etdiyi bəyannamələrdə satış topdansatış fəaliyyəti üzrə göstərilmişdir (2020-ci il iyul ayında topdansatış fəaliyyəti üzrə 56869,02 manat; avqust ayı üzrə 89215,71 manat; sentyabr ayı üzrə 70941,49 manat; oktyabr ayı üzrə 183555,76 manat; noyabr ayı üzrə 680129,11 manat; dekabr ayı üzrə 520159,78 manat; 2021-ci ilin yanvar ayı üzrə 409413,56 manat; fevral ayı üzrə 283574,53 manat, mart ayı üzrə 165611,99 manat satış olduğu göstərilmişdir). Əlavə olaraq bildirilir ki, “MHS" MMC tərəfindən müxtəlif vaxtlarda fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğlərdən (10579,94 manat, 21901,8 manat, 31640,1 manat, 32879,9 manat, 80136,6 manat, 59261,84 manat) yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları Cəmiyyət tərəfindən satılmış malların son istehlak məqsədi daşımadığını göstərir. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Həmçinin, Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Eyni zamanda vergi ödəyicisinə məxsus olan təsərrüfat subyektinin (obyektinin) icarə müqaviləsində də operativ vergi nəzarətinin həyata keçirildiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nın cənubu, Lökbatan-Xocəsən yolunun cənub-şərq hissəsi ərazisində yerləşən obyektin “Anbar" kimi icarəyə götürüldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı tərəf öz iddia ərizəsində qeyd etmişdir ki, “Yoxlamaların vahid məlumat reyestrindən çıxarışlardan göründüyü kimi, operativ vergi nəzarətinin keçirilməsi 15.03.2021- 13.04.2021-ci il tarixləri aralığındadır. Lakin cavabdeh tərəfindən Qərarla əhatə olunmayan daha əvvəlki dövrlərdə baş verən əməliyyatlara görə cərimə tətbiq olunmuşdur. Halbuki operativ nəzarət tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq konkret fakt üzrə məsələnin araşdırılması məqsədilə həyata keçirilir. Vergi Məcəlləsinin 50-ci maddəsinə nəzər yetirdikdə bütün bunları müəyyən etmək mümkündür”. Bildirilir ki, Vergi Məcəlləsinin Operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən yalnız operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarətin həyata keçirilməli olduğu qeyd edilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 12.03.2021-ci il tarixli **********3606 nömrəli Qərarda göstərilmiş müddət, yəni 15.03.2021-ci il tarixdən 13.04.2021-ci il tarixədək (13.04.2021-ci il tarixi daxil olmaqla) olan müddət vergi orqanı tərəfindən yoxlamanın keçiriləcəyi müddəti bildirir, vergi ödəyicisinin həmin müddətləri əhatə edən fəaliyyətinin yoxlanılmasını ifadə etmir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, 12.03.2021-ci il tarixli **********3606 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarda İddiaçı MMC-də 15.03.2021-ci il tarixdən 13.04.2021-ci il tarixədək (13.04.2021-ci il tarixi daxil olmaqla) olan müddətdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən(obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədilə vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi göstərilmişdir. 12.03.2021-ci il tarixli KY211564952, KY211564953 və KY211564953 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”larda həyata keçirilən operativ vergi nəzarəti tədbirlərinin yoxlamaların vahid məlumat reyestrində qeydə alınması göstərilmişdir. 12.03.2021-ci il tarixli **********3608 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamədə sənədlərin 1 iş günü ərzində təqdim edilməsi bildirilmişdir. 18.03.2021-ci il tarixdə tərtib olunan DVX seriyalı 001596 nömrəli Aktda 18.03.2021-ci il tarixdə saat 16:00-da iddiaçıya məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, Heybət D/Y Stansiyasının cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində yerləşən obyektdə keçirilmiş OVN tədbiri zamanı vergi ödəyicisinin Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozaraq elektron qaimə-faktura təqdim etmədən 3554985,12 manat malların satıldığının aşkar olunduğu qeyd olunmuşdur. 18.03.2021-ci il tarixdə tərtib olunan DVX seriyalı 001588 nömrəli Aktda 18.03.2021-ci il tarixdə saat 15:00-da iddiaçıya məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, Heybət D/Y Stansiyasının cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində yerləşən obyektdə keçirilmiş OVN tədbiri zamanı ümumi dəyəri 63419,58 manat mal qalığının aşkar olunduğu qeyd olunmuşdur. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışlarda iddiaçının Bakı şəhərində yerləşən təsərrüfat subyektlərinin (obyektlərinin) olduğu yer üzrə uçota alındığı göstərilmişdir. 15.07.2020-ci il tarixli **********3 nömrəli Qeydiyyat vərəqəsi ilə iddiaçının Bakı şəhəri, Lökbatan qəsəbəsi, Heybət D/Y Stansiyasının cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində yerləşən obyektində SUNMİ VİS markalı, VS4319CM60455 zavod nömrəli nəzarət kassa aparatının qeydiyyatdan keçməsi qeyd olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İşin araşdırılan hallarından görünür ki, vergi orqanı tərəfindən 12.03.2021-ci il tarixli Qərar əsasında operativ nəzarət tədbiri həyata keçirilmişdir. Tədbir nəticəsində 18.03.2021-ci il tarixli 001596 №li akt tərtib olunmuş və 29.03.2021-ci il tarixli **********5020 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçı barəsində 355498,51 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına görə operativ nəzarət tədbiri vergi ödəyicisinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov ev. Salatın Əsgərova, Zərgərpalan və Şamil Əzizbəyov küçələrinin kəsişməsi (Kosmetika mağazası), Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev.68, mənzil 3 (Kosmetika mağazası), Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y stansiyasının cənub- şərq hissəsində (anbar) yerləşən obyektlərdə həyata keçirilmiş və nəticəsi 18.03.2021-ci il tarixli aktlarla rəsmiləşdirilmişdir. İlk növbədə bildiririk ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə görə, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Lakin cavabdeh göstərilən məlumatlara dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 12.03.2021-ci il tarixli **********3606 nömrəli qərardan və reyestrdən çıxarışlardan göründüyü kimi, operativ nəzarət tədbirinin başlama və sona çatma tarixləri 15.03.2021 - 13.04.2021 kimi müəyyən olunmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, MMC-nin tədbirə qədər olan müddətdə satdığı mallardan tədbir zamanı müəyyən olunan mal qalığı hissəsi çıxılaraq qalan məbləğə Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə bildirir ki, iddiaçı haqlı olaraq qeyd etmişdir ki, operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir zamanı riayət edilib-edilməməsini yoxlamaq məqsədilə vergi ödəyicisinin anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən nəzarət tədbiridir. Belə ki, qeyd olunan maddələrin Vergi Məcəlləsinin digər müddəaları ilə qarşılıqlı təhlili zamanı müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntu halını müəyyən etməyə hüquq verən nəzarət tədbiridir (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işlərin görülməsinə cəlb olunması, obyektdə sənədsiz malların aşkar olunması və s.) Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmçinin, həmin Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsinə görə, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Yəni, qanunverici səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbiri nəticəsində də yekun qərarın Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq qəbul olunmasını tənzimləmişdir. Lakin, həmin qərarın yalnız səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü (VM 36.3) əhatə etməsi kimi göstərilməsi operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarın əvvəlki dövrə şamil olunmadığını göstərir. Müqayisə üçün məhkəmə bildirir ki, iş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar nümunəsində yoxlamanın keçirilməsi müddəti ilə yanaşı, əhatə etdiyi vergi dövrü də ayrıca göstərilmişdir. Qeyd olunan səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar nümunəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 №-li Qərarı ilə qəbul olunmuş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 2 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda göstərilməli olan məlumatlar isə Vergi Məcəlləsinin 50.3-cü maddəsi ilə müəyyən olunmuşdur. Həmin normaya görə, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. İş materiallarında olan 12.03.2021-ci il tarixli **********3606 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan göründüyü kimi, həmin normaya uyğun olaraq yalnız nəzarət tədbirinin həyata keçirildiyi müddət (15.03.2021-13.04.2021) əks olunmuş, qərar əsasında hansı dövrün göstəriciləri yoxlanılacağı müəyyən edilməmişdir. Belə olan halda isə, hüquq müəyyənedici rəsmi sənəd olmadan cavabdehin operativ vergi nəzarəti tədbiri zamanı qərardan əvvəlki hər hansı dövrə öz seçimi ilə münasibət bildirməsi yolverilməzdir. Başqa sözlə desək, inzibati orqanın həyata keçirdiyi nəzarət tədbiri barədə qərarda qanunla müəyyən olunmuş qaydada hansı dövrün göstəricilərinin hansı müddət ərzində yoxlanılması dəqiq müəyyən edildiyi halda əsaslı hesab oluna bilər. Sadalanan əhəmiyyətli prosessual pozuntular inzibati aktın ləğv olunmasına kifayət etsə də, məhkəmə həmçinin tətbiq olunan maliyyə sanksiyasının mahiyyətinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus iki kosmetika mağazası və anbarda keçirilən operativ vergi nəzarəti tədbiri ilə alınmış mallar ümumilikdə 3554985,12 manat məbləğində elektron qaimə-faktura verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 355498,51 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Cavabdeh yalnız iddiaçının nümayəndəsinin təqdim etdiyi izahatı sübut kimi əlavə etmişdir ki, həmin sənəd iddiaçı barəsində maliyyə sanksiyasının tətbiq edilməsinə yetərli hesab oluna bilməz. Həmçinin, izahatda qeyd olunan məbləğlər iddiaçının əlavə olaraq təqdim etdiyi 15.03.2021-ci il tarixli arayışdakı göstərilənlərlə ziddiyyət təşkil edir. Həmin arayışa əsasən satılan mallara 6 faiz ticarət əlavəsi tətbiq olunduğu qeyd olunsa da, izahatda kassa ilə satılmış 2661843,67 manat malların maya dəyəri 2128112,94 (ƏDV-siz, ticarət əlavəsiz) kimi göstərilmişdir ki, bu isə iyirmi faiz ticarət əlavəsi tətbiq olunduğu halda yarana bilər. Həmçinin, izahatda qeyd olunan 01.01.2020-ci il tarixə 263828,0 (ƏDV-siz) məbləğində mal qalığı hər hansı digər sənədlə təsdiq olunmur. Operativ vergi nəzarəti tədbiri nəticəsində üç obyektdə ümumilikdə 188122,42 (ƏDV-siz) manat məbləğində mal qalığı müəyyən olunmuşdur. İddiaçı 01.01.2020- 15.03.2021 tarixlərində 2957739,35 manat dəyərində mal idxal etmişdir. Cavabdeh iddiaçının nümayəndəsi tərəfindən təqdim olunan izahatı əsas götürərək 01.01.2020-ci ilin əvvəlinə qalıq məbləğini (263828,0) idxal olunan məbləğlə (2957739,35) toplayaraq OVN tədbiri nəticəsində müəyyən olunan mal qalığını (188122,42) və kassa ilə satılan mallara müəyyən etdiyi maya dəyərini (2128112,94) həmin məbləğdən çıxmış, alınan nəticənin (905332,0) üzərinə 6 faiz ticarət əlavəsi (959652,0) və ƏDV tətbiq etməklə əskik gələn mal üzrə satış məbləği çıxarmışdır (1132389,2). Hesablama qaydası: ((263828,0+2957739,35) - 188122,42 - 2128112,94 = 905332,0 + 6% + 18%=1132389,2). Sonra isə izahata əsaslanaraq iddiaçı tərəfindən ümumilikdə 3777721,92 manat məbləğində malların topdan olaraq ayrı-ayrı vergi ödəyicilərinə satıldığını qeyd etmiş, lakin həmin məbləğin necə müəyyən edildiyinə dair heç bir açıqlama təqdim etməmişdir. İddiaçı tərəfindən elektron qaimə-faktura ilə satılan 222736,8 (ƏDV daxil) manat məbləğ həmin hissədən çıxılmaqla alınan nəticəyə (3777721,92 - 222736,8 = 3554985,12) 10 faiz həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə bildirir ki, cavabdeh 2020-ci ilin əvvəlinə dair iddiaçının 263828,0 (ƏDVsiz) manat məbləğində mal qalığının olmasını, kassa ilə satılan 2661843,67 manat malların maya dəyərinin niyə 2128112,94 (ƏDV-siz, ticarət əlavəsiz) manat kimi qəbul edilməsini və bununla xeyli miqdarda əskik gəlmə yaratmasını (halbuki izahatda satılan mallara ticarət əlavəsinin tətbiqi 6 faiz göstərilib) təsdiqedici sənədlərlə sübuta yetirə bilməmişdir. Həmçinin, yekun satış məbləğinin 3777721,92 manat təşkil etməsinə dair heç bir uyğunluq müəyyən edilmir. Əgər nəzarət-kassa aparatı ilə satılan malların izahata əsaslanaraq çıxarılan əskik gələn mallarla toplanması nəticəsində belə məbləğ alınmışdırsa bu hal da tamamilə əsassızdır. Belə ki, cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olduğu üçün VM-in 13.2.63cü maddəsinə əsasən elektron-qaimə faktura təqdim edilməklə ticarət fəaliyyətini həyata keçirməlidir. Bu səbəbdən də iddiaçının pərakəndə qaydada apardığı ticarət vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etmədən malların topdansatış qaydasında təqdim edilməsi kimi qiymətləndirilmişdir. Cavabdehin qeyd olunan mövqeyinə dair məhkəmə aşağıdakıları bildirir: Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə görə, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman isə konkret sübutlara, dəlillərə istinad olunmalı, vergi ödəyicisinin məsuliyyətə cəlb olunması ehtimallara əsaslanmamalıdır. Həmçinin, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Hazırki mübahisədə cavabdeh iddiaçının göstərilən tarixlərdə yalnız topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. İş materiallarına nəzər yetirdikdə isə cavabdehin üzərinə düşən vəzifəni sübut edəcəyi hər hansı rəsmi sənədə rast gəlinmir. Həmçinin, topdansatış ticarətlə yanaşı pərakəndə ticarət qaydasında malların satışını da həyata keçirən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarını nəzərə almalı idi. Həmin normaya əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İddiaçının nümayəndəsinin təqdim etdiyi izahata münasibətdə isə məhkəmə bildirir ki, izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin iddiaçının nümayəndəsi tərəfindən verilən izahatın iddiaçı tərəfindən qəbul edilməməsi, və cavabdehin izahatda qeyd olunanları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə görə həmin izahat ayrılıqda maliyyə sanksiyasının tətbiqi üçün əsaslı hesab oluna bilməz. Bundan əlavə, cavabdeh etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə istinad edərək bildirmişdir ki, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçının tədbirlə əhatə olunan fəaliyyət müddətində qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Göründüyü kimi, 19.04.2017-ci il tarixdə təsdiq olunmuş Qaydalar bir təsərrüfat subyektində malların topdansatış və pərakəndə ticarət qaydasında satılmasını istisna etmir. Eyni zamanda, cavabdeh etirazda vergi ödəyicisinə məxsus olan təsərrüfat subyektinin (obyektinin) icarə müqaviləsində operativ vergi nəzarətinin həyata keçirildiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nın cənubu, Lökbatan- Xocəsən yolunun cənub-şərq hissəsi ərazisində yerləşən obyektin anbar kimi icarəyə götürüldüyü qeyd etmişdir. Bununla bağlı bildiririk ki, iş materiallarında olan və vergi orqanı tərəfindən təsdiq edilən 15.07.2020-ci il tarixli **********3 nömrəli nəzarət-kassa aparatının qeydiyyat vərəqəsi ilə müəyyən olunur ki, iddiaçının anbar kimi qeydiyyata alınmış fəaliyyət obyektində də nəzarət-kassa aparatı quraşdırılmışdır. Bu hal anbardan pərakəndə qaydada satış aparılmasının mümkünlüyünu, nəzarət-kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçıya operativ vergi nəzarəti tədbirinin nəticəsi olaraq maliyyə sanksiyası məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1 barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2 barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3 şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.03.2021-ci il tarixli **********5020 nömrəli qərar ləğv olunsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6176/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6176/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver