Məhkəmə qərarları › İş №2-1(112)-6176/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6176/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6176/2023 10.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə dair texniki pasportun ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə dair texniki pasportun ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin və Sarabski küçələrində yerləşən müvafiq qarajlara dair “Tatoş” firmasının, X2, X6, İddiaçı2, İddiaçı1, X9 adlarına texniki pasportlar tərtib edilmişdir. X18 məxsus olan Nərimanov rayonu, Sarabski küçəsi 56 ünvanda yerləşən qaraj 29 yanvar 1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X22, X3 məxsus həmin ünvanda yerləşən qaraj 3 iyul 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X12, Nağıyev X14 məxsus olan ünvan 1 ünvanda yerləşən qaraj 30 iyul 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X15, X7 məxsus məxsus olan ünvan 1 saylı evin həyətində yerləşən qaraj 27 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4, X13 məxsus qaraj onun 2 iyul 2008-ci il tarixli ərizəsinə İddiaçı2, X16 məxsus olan Nərimanov rayonu, Sarabski küçəsi 56 ünvanda yerləşən qaraj 15 oktyabr 2009-cu il tarixli ərizəyə əsasən İddiaçı1, X5 məxsus olan ünvan 2 ünvanda yerləşən 35 nömrəli qaraj 4 noyabr 2009-cu il tarixli ərizəsinə əsasən İddiaçı1 satılmışdır. X1 rayonu, Sarabski küçəsi 56/58 ünvanda yerləşən 30 və 33 saylı qarajların İddiaçı1 adına keçməsinə etiraz etməmişdir. 1 noyabr 2009-cu il tarixli ərizəyə əsasən X8 ona məxsus olan ünvan 2 ünvanda yerləşən 36 saylı qarajı 1 noyabr 2009-cu il tarixli ərizəyə əsasən X10 ona məxsus olan ünvan 4 ünvanda yerləşən 37 saylı qarajı İddiaçı1 satmışlar. Bundan başqa, “Atəşgah” müəssisəsinin nəzdində “Tatoş” firma mağazasının təsisçiləri tərəfindən verilmiş ərizəyə əsasən “Tatoş” firma mağazası üçün 1993-cü ildə Bakı ŞİH-in sərəncamı ilə onlara ayrılmış yer təsisçiləri tərəfindən İddiaçı1 satılmışdır. İddiaçı yuxarıda qeyd edilən qarajları qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı yolu ilə almışdır. Bakı şəhəri Nərimanov RİH başçısının “Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” 384 nömrəli 6 noyabr 2009-cu il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı1 Sarabski küçəsi 58 saylı binanın yaxınlığında yerləşən qarajların sökülüb, yerində razılaşdırılmış layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı mübahisəli daşınmaz əmlakı inşa etdirmişdir. Həmin qarajların alqı-satqı yolu ilə aldığına dair sənədlər arxivdə saxlanılır. Məhkəmə tərəfindən sorğu verilərək əldə oluna bilər. Həmçinin Bakı şəhəri Nərimanov RİH başçısının “Fərdi yaşayış evinin vətəndaş İddiaçı2 adına sənədləşdirilməsi haqqında” 395 nömrəli 3 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən Kaveroçkin küçəsi 21 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı2 adına sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçı Təhsil Nazirliyinin cavabdeh İddiaçı2 qarşı ərazinin bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması tələbinə dair iddiası məhkəmə qərarı ilə təmin edilməmişdir və həmin qərar Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmışdır. Qeyd edilənlərə baxmayaraq Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair 4 noyabr 2008-ci il tarixli 001868 nömrəli texniki pasport çəkilmişdir. Həmin texniki pasportun çəkilməsinin heç bir əssası yoxdur. Belə ki, əldə edilmiş sənədlərin surətlərindən də görünür ki, 4 noyabr 2008-ci il tarixli texniki pasportun çəkilməsinə əsasən X/m 4-03 saylı 9 iyun 2008-ci il tarixli sifariş məktubu və 4111 saylı 3 sentyabr 2008-ci il tarixli registrdən çıxarışdır, hansı ki, həmin registrin aparılmasına əsas olmuş sənəd mövcud deyildir. Həmçinin mövcud qanunvericiliyə əsasən hər hansı sifariş məktubu və ya əsası olmayan registrdən çıxarış daşınmaz əmlakın texniki pasportunun çəkilməsi üçün əsas kimi nəzərdə tutulmur. Qeyd edilənlərdən də aydın olur ki, iddiaçı qarajları alanda, yəni 2008-ci ilədək məktəbin texniki pasportu çəkilməmişdir. Qeyd olunduğu kimi, məktəbin texniki pasportu iddiaçının əmlakı əldə etməsindən 3 – 5 il sonra çəkilmişdir ki, bu da yolverilməzdir. Hər hansı sifariş məktubu əsasında texniki pasport çəkilirsə və həmin texniki pasporta ətrafda olan istənilən daşınmaz əmlakı ora salmaq mümkündürsə, onda qənaət yaranır ki, istənilən dövlət qurumunun sifariş məktubu göndərərək istənilən daşınmaz əmlakı həmin texniki pasporta salmaq imkanı var. Təhsil Nazirliyinin Nərimanov RİH-in müvafiq sərəncamlarının ləğvi barədə qaldırdığı iddia ilə bağlı subyektiv hüququ yalnız 4 noyabr 2008-ci il tarixli 001868 nömrəli texniki pasportdur ki, həmin texniki pasportun tərtib edilməsinin qanunvericilikdə nəzərdə tutulmuş əsası yoxdur. Həmin texniki pasport Təhsil Nazirliyinə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquq verirsə, bu, hüquqmüəyyənedici sənəddir və onun (hazırkı iddiaçının) birbaşa hüquqlarına toxunduğu üçün də ləğv edilməlidir. İddiaçı həmin tələblə aidiyyəti cavabdeh inzibati orqana müraciət etsə də, tələbi təmin edilməmişdir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair 4 noyabr 2008-ci il tarixli 001868 nömrəli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə baxışının vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı1 gəlmişdir. Məhkəmə İPM-in 30, 62.3-cü maddələrini rəhbər tutaraq, iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi»nin 3.1.16-cı bəndinə görə həmin qurumun vəzifələri sırasına daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindəki qeydi mübahisələndirmədiyindən (əgər cavabdeh qeydi mülki əqdə və ya inzibati akta əsasən deyil, faktiki hərəkətlər əsasında aparmışsa), bu iddia “öhdəliyinin icrası haqqında” iddiaya aid edilə bilməz. Hazırkı iddanın inzibati məhkəmə icraatı qaydasında baxılan “mübahisələndirmə haqqında” iddiaya aid edilməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair 4 noyabr 2008-ci il tarixli 001868 nömrəli texniki pasport inzibat akt sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, həmin texniki pasport texniki sənəddir və hüquqmüəyyənedici sənəd sayıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 5, 81, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar