Məhkəmə qərarları › İş №2-1(112)-6178/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6178/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6178/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı14, İddiaçı16, İddiaçı5, iddiaçılar İddiaçı18 və İddiaçı17 nümayəndəsi və vəkili Vəkil Ağahüseyn oğlunun, İddiaçı19 nümayəndəsi və vəkili X2, İddiaçı13 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, X6, İddiaçı20, İddiaçı19, İddiaçı18, İddiaçı17, İddiaçı16, İddiaçı15, İddiaçı14, İddiaçı13, İddiaçı12 və İddiaçı11 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1, X8, İddiaçı20, İddiaçı19, İddiaçı18, İddiaçı17, İddiaçı16, İddiaçı15, İddiaçı14, İddiaçı13, İddiaçı12 və İddiaçı11 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 1991-ci ildə 26 Bakı komissarı (indiki Əli Əmirov) adına NQÇİ-nin müraciəti əsasında yaradılan “Şabandağ bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvləri olmuşlar və onlara Şabandağ sahəsində bağ sahələri verilmişdir. Bakı şəhər X7 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçılar “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşlar və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən onlara Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən torpaq sahələri verilmişdir. Bağçının üzvlük kitabçalarına əsasən iddiaçılar 1991-ci ildən 2004-cü ilə kimi “Şabandağ” bağçılıq yoldaşlıq kollektivinə üzv qəbul edilmişlər. İddiaçılar 2022-ci may ayından oktyabr ayına kimi ayrı-ayrılıqda onlara məxsus bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər, lakin iddiaçıların müraciətlərinin təmin edilməsindən imtina olunmuşdur. Bütün imtina bildirişlərinin əsasları kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçıların adının aşkar olunmaması, elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmadığı üçün göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmaması, qeyd edilən ərazilərə digər fiziki şəxsin müraciətinin qeydə alınması, həmçinin ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə məxsus Torpaq sahəsinin plan və ölçüsünün (kadastr planı) verilməsi göstərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 12 iyun 2006-cı il tarixli 142 saylı sərəncamları ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamına əsasən, X9 05 avqust 2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləyəşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X9 daimi istifadəsinə torpaq sahəsi verilmişdir. Cavabdeh qurumun 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X3 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X9 daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir. İddiaçılar 2022-ci ildə müxtəlif vaxtlarda onlara verilmiş bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı onlara çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. İdarədən 19 iyul 2022-ci il tarixindən başlayaraq 2022-ci ilin dekabr ayına kimi müxtəlif vaxtlarda təqdim edilmiş cavab məktublarında iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmiş, idarə imtinanın əsaslarından biri kimi elektron kadastr baza məlumatlarında iddiaçılara verilmiş topaq sahələri ilə bağlı digər şəxsin adına kadastr planının olduğunu göstərmişdir. Əldə olunan sənədlərdən məlum olmuşdur ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən X11 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamları qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılara ünvanladığı imtina bildirişlərinin əsaslarından biri kimi göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi göstərilmişdir. İddiaçılar qeyd edilmiş torpaq sahələri üzərində istifadə hüququnu 7 avqust 1991-ci ildə əldə etmişlər. X13 isə həmin torpaqlar üzərində daimi istifadə hüququnu 16 dekabr 2005-ci il və 02 iyun 2006-cı ildə cavabdeh qurumun iki müvafiq sərəncamı ilə əldə etmişdir. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X9 adına X10 kitabında 12 yanvar 2011-ci ildə 23519 nömrə ilə uçota alınmış və Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Bağ sahələri həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq icra hakimiyyətlərinin nəzdində olduğu üçün cavabdeh qurum həmin torpaq sahələrinin iddiaçılara verilməsi ilə bağlı sənədlərə və digər arxiv məlumatlarına sahib olmuşdur. Cavabdeh qurum həmin bağ sahələrinin digərlərinin istifadəsində olduğunu bildiyi halda və torpaq sahələrinin iddiaçılara ayrılmasına dair 07 avqust 1991-cı il tarixli, 11/546 saylı protokol və Bakı şəhər X7 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı qüvvədə olduğu halda həmin torpaqlar üzərində istifadə hüququnu başqa bir hüquqi şəxsə vermişdir ki, bu da qanunsuz və əsassızdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarından aydın olur ki, cavabdeh qurumun torpaq sahəsinin X11 verməsi ilə bağlı sərəncamlarının idarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi idarənin əlində torpaq sahəsinin iddiaçılara məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının olmamasıdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Ancaq işin hallarından görünür ki, qeyd edilən arxiv məlumatlarının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim edilmədiyindən idarə arxiv məlumatlarından xəbərsiz olduğu üçün cavabdeh qurumun qanunvericiliyə zidd sərəncamını rəsmiləşdirmək məcburiyyətində qalmışdır.

3. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmə iclasında iştirak edən iddiaçılar və iddiaçıların nümayəndələri və vəkilləri hər biri ayrılıqda iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

9. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

10. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən:

11. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. Hazırkı işdən iddiaçıların 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdikləri tələb ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

14. İddia mümkün sayılmadığından iş üzrə inzibati məhkəmə icraatına cəlbetmə və iddia tələbinin dəyişdirilməsi ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır.

15. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar