Məhkəmə qərarları › İş №2-1(112)-6178/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6178/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6178/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni 22 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Bu hüququmdan istifadə etmək məqsədilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filiala müraciət edərək, 22.04 2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəsinə əmək kitabçasını, işlədiyi müəssisələrdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını təsdiq edən arayışları və digər müvafiq sənədləri də əlavə etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun 15 il 7 ay 16 gün - əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu təsdiq edən güzəştli əmək stajı yaranmışdır. Cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubunda imtinanın səbəbi kimi, güzəştli iş stajının 12 il 6 aydan az olduğu göstərilmişdir. Cavabdeh "xxxx" MMC-də işlədiyi 8 il 5 ay 14 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı olduğunu qəbul etməmişdir. Halbuki qeyd olunan müddət "xxxx" MMC-nin verdiyi “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 18 avqust 2023-cü il tarixli arayışı ilə də təsdiq edilir ki, bu müəssisədə “rəngsaz” peşəsi üzrə işlədiyi 8 il 5 ay 14 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajıdır və həmin müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialı: “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının 7 il 2 ay 1 gün (əslində 7 il 2 ay 2 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı olduğunu qəbul edir: SOCAR Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda- "xxxx" peşəsi üzrə - 4 il 09 ay, X2 “rəngsaz” peşəsi üzrə - 2 il 5 ay 2 gün. "xxxx" MMC-də “rəngsaz” peşəsi üzrə işlədiyi 8 il 5 ay 14 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajını isə qəbul etmir. Müəssisələr tərəfindən verilmiş yuxarıda istinad edilən arayışları və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli məktubu diqqətlə araşdırdıqda məlum olur ki, iddiaçının iddiasının qanuni və əsaslı olması hətta cavabdehin imtina məktubu ilə də təsdiq edilir. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh X2 “rəngsaz” peşəsi üzrə işlədiyi və 2 il 5 ay 2 gün təşkil edən əmək stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərara ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan qaydada əmək şəraitinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən staj olaraq qəbul edir. Lakin "xxxx" MMC-də işlədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan “rəngsaz” peşəsi üzrə 8 il 5 ay 14 gün təşkil edən əmək stajını güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı kimi qəbul etmir. Halbuki, o, hər iki müəssisədə, yəni həm X2, həm də "xxxx" MMC-də “rəngsaz” peşəsi üzrə eyni vəzifədə işləmişdir. Cavabdehin hansı səbəb və əsaslardan eyni neft sahəsi və eyni “rəngsaz” peşəsi üzrə əmək stajını bir müəssisədə güzəştli staj olaraq qəbul edir, digər müəssisədə isə bunu mümkün hesab etməməsi sual doğurur. X7 Müəssisəsi, həm də "xxxx" MMC iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndinə uyğun olaraq “rəngsaz” peşəsi üzrə güzəştli şərtlərlə iş stajı barədə arayış vermişdir. Lakin cavabdeh tərəfindən bu arayışlardan biri qəbul edilir, digəri yox. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndinin qeyd edilən cümləsinə diqqət yetirməyi zəruri hesab edir. Orada deyilir: “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar”. "xxxx" MMC-nin “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 18 avqust 2023- cü il tarixli Arayışında da Siyahının 35-ci bəndinə istinad olunur, lakin həmin bənddə qeyd edilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan” sözlərinin yerinə “təhlükəliliyi 3-cü dərəcədən aşağı olmayan” ifadəsi yer almışdır. Yəni Siyahıdakı sinif yerinə Arayışda dərəcə göstərilmişdir. Göründüyü kimi, məzmunu dəyişməyən, fərqli məna kəsb etməyən bir sözdən bəhs edilir. Cavabdeh də bu “fərqi” əsas götürərək iddiaçının hüquqlarını təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın bu hərəkəti qanunun tələblərinə zidd olan bir yanaşmadır və ədalətli deyildir. 40 ilə yaxındır əmək fəaliyyəti ilə məşğuldur, onun 15 ildən artıq müddətini zərərli işlərdə çalışmış, hüquqlarından istifadə zamanı çatanda isə buna əsassız şəkildə maneələr yaradılır. Cavabdeh sual yaradan halları "xxxx" MMC-yə sorğu göndərməklə də bu məsələni aydınlaşdıra bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. SOCAR CAPE LLC-nin 18 avqust 2023-cü il tarixli SC-PC-2023-337 nömrəli arayışında iddiaçının xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən bugünədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin müvafiq arayışda rəngsaz vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr göstərilsə də, onların təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən iddiaçının güzəştli is stajı 12 il 06 avdan az (07 il, 02 ay, 01 gün (xx.xx.1988-xx.xx.1990, xx.xx.1990xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -Qaradağ rayon Polis İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1988-ci il tarixədək SU-72 Trestində betonçu, xx.xx.1988-ci ildən xx.xx.1990-cı il tarixədək “Şelflayihətikinti” LSTB-nin Bakı Stasionar Dərin Özülləri Zavodunun Təmir-Tikinti sahəsində elektrik qaynaqçısı, xx.xx.1990-cı ildən xx.xx.1993-cü il tarixədək “Şelflayihətikinti” LSTB-nin Təmir Tikinti İdarəsində, xx.xx.1993cü ildən xx.xx.1993-cü il tarixədək “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşmış Təmir Tikinti İdarəsində, xx.xx.1993-cü ildən xx.xx.2001-ci il tarixədək “Şelflayihətikinti” LSTB-nin İstehsalat Tikinti Birliyində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək MKTB 119 saylı MKİS-də 5-ci dərəcəli rəngsaz, xx.xx.2003-cü ildən xx.xx.2005-ci il tarixədək "xxxx" BMSdə 3-cü dərəcəli boyaçı, xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixədək “Rifllost Energy Services” LTD-də rəngsaz, xx.xx.2007-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx"MMC-də taxtabəndi üzrə quraşdırıcı, xx.xx.2010-cu ildən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də gözətçi, xx.xx.2013-cü ildən xx.xx.2020-ci il tarixə və xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də rəngsaz işləmişdir. xx.xx.2020-ci ildən xx.xx.2021-cı il tarixədək Dövlət Məşğulluq İdarəsi tərəfindən işsizlik haqqı ödənişi almışdır. -Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən iddiaçıya verilmiş 28 aprel 2023-cü il tarixli arayışda qeyd edilmişdir: Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik qaynaqçısı peşəsində: “Şelflayihətikinti” LSTB-nin Bakı Stasionar Dərinlik Özülləri zavodunun Təmir-tikinti sahəsində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988ci il tarixli 240/K saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 160/K saylı əmr); Selflayihətikinti" LSTB-nin Təmir-tikinti İdarəsinində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990- cı il il tarixli 02/K saylı əmr) xx.xx.1993-cü il tarixinədək (xx.xx.1993-cü il tarixli 11/K saylı əmr); “Selflayihətikinti” LSTB-nin İxtisaslaşmış tikinti İdarəsində xx.xx.1993-cü il tarixindən (xx.xx.1993-cü il il tarixli 04/K saylı əmr) xx.xx.1993-cü il tarixinədək (xx.xx.1993-cü il tarixli 25/K saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 04 il 09 ay, işlədiyi peşənin xüsusiyyətləri: Polad metalkonstruksiyalarda, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı-ayrı birləşmələrdə, elementlərdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynağı islərindən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın 35-ci bəndindəki “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi üzrə iş stajı 04 il, 09 ay (dörd il doqquz ay) təşkil edir. Arayış arxiv sənədlərinə əsasən tərtib olunmuş və Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. - "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli arayışda qeyd edilmişdir: Verilir İddiaçı ona görə ki, o, həqiqətən X3 layihəsində işləmişdir. Onun "xxxx" Birgə Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.2003xx.xx.2005-ci illərdə "xxxx" Birgə Müəssisəsində boyaçı peşəsində 2 il 5 ay 2 gün (iki il, beş ay, iki gün) çalışmışdır. İşlədiyi peşənin güzəştli əmək pensiya hüququna əsas olan xüsusiyyətləri: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, şüşə qırıntıları əlavə olunmuş epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-üzvi sinklə zənginləşdirilmiş qaynaq oluna bilən boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalamaq, (cəmi 2 il 5 ay 2 gün (iki il, beş ay, iki gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 35-ci maddəsi "Ümumi peşələr" başlığı altında “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndi, İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarının 35-ci maddəsinin “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir: "xxxx" MMC tərəfindən İddiaçı arayış ondan ötrü verilir ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə “Rəngsaz” vəzifəsində çalışmış, yəni 05 avqust 2013-cü il tarixində N20684 saylı əmək müqaviləsinə əsasən dəniz platformalarında rəngsaz vəzifəsinə təyin edilib, 09 iyun 2020-ci il tarixində 020/177 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilib. Off/0684/5148 nömrəli əmək müqaviləsinə əsasən 11 yanvar 2022-ci il şirkətə rəngsaz vəzifəsinə təyin edilib. "xxxx" MMC-də işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 8 il 5 ay 14 gün təşkil edir. Neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan boyalardan istifadə və rəngsaz kimi işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1.3 yarımbəndinə və 35 ümumi peşələr vəzifə koduna uyğundur. Qeyd: İddiaçı neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında yuxarıda qeyd edilmiş vəzifələrdə işləyərkən istifadə etdiyi təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan zərərli maddələrdən ibarət boyaların tərkibi (ksilen, 2- methylpropan-1-ol, etilbenzol, epoksi qatran (MW < 700), kristal silisium, nəfəs ala bilən toz (<10 mikron) və s.) -Cavabdeh tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli sorğuya cavab məktubunda İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az (7 il 2 ay 1 gün (xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyi bildirilmişdir. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 01 iyul 2020 -30 iyun 2023-ci illər arasındakı dövr üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. Hazırkı halda iddiaçı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. İş materialları ilə də məlum olur ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Ümumi iş stajına gəldikdə isə iddiaçının əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmamasıdır. Cavabdehin əsas dəlili "xxxx" MMC-nin iddiaçıya verdiyi xx.xx.2023-cü il tarixli arayışda onun xx.xx.2013-xx.xx.2020-ci və xx.xx.2022-ci ildən hazıradək rəngsaz vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunmamasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə araşdırması dövründə iddiaçının işlədiyi rəngsaz vəzifəsi üzrə tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə və meyarlara əsasən müəyyən edilməsi və vəzifə təlimatı əlavə edilməklə həmin peşənin əmək funksiyalarının nədən ibarət olması barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Sorğuya cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı "xxxx" MMC-də (“Cəmiyyət”) rəngsaz vəzifəsində işləyərək istifadə etdiyi boyaların təhlükəliliyinin 3-cü dərəcədən aşağı olduğunu materialların təhlükəsizlik məlumat cədvəlləri (X4 Sheets “MSDS”) sənədlərinə əsasən müəyyən etmək olar. “MSDS”-lər təhlükəli maddələrin və məhsulların təhlükəsizlik məlumatlarını təqdim edən standartlaşdırılmış sənədlərdir. Bu məlumatlar boyaların sağlamlıq və ətraf mühitə təsiri, yanğın və partlayış riski, toksik effektlər və digər təhlükələrlə bağlı olaraq verilir. “MSDS” maddələrin kimyəvi tərkibini, fiziki və kimyəvi xüsusiyyətlərini, təhlükəlilik səviyyəsini, təhlükəsiz saxlama və işləmə prinsiplərini, yanğın və partlama riskini və təhlükəsizlik məsləhətlərini təqdim edir. Bildirmək istəyirik ki, İddiaçı işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Əlavə olunan sənədlərdə İddiaçı işlədiyi müddət ərzində istifadə etdiyi boyaların bir qismi və onların tərkibi barədə ətraflı məlumat verilmişdir. İşçinin həmin boyalardan istifadə etməsinin sübutu olaraq, Alətlər qutusu müzakirə qeydiyyat formasında (X8 Record Fonu) İddiaçı iş şəraiti və istifadə etdiyi boyalar haqqında verilmiş və işçi bunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, Cəmiyyətdə təsdiq olunmuş iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planına əsasən, əmək şəraiti üzrə yerlərin attestasiyası keçirilmiş və nəticədə onun vəzifə və peşəsi ağır və zərərli kimi müəyyən edilərək güzəştli pensiya təminatı kateqoriyasına əlavə edilmişdir. İddiaçı rəngsaz kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Bunun sübutu olaraq Sizə müvafiq sənədlərin surətini bu məktuba əlavə edirik. Qeyd edilən vəzifə ilə əlaqədar olaraq İddiaçı qapalı mühit, qapalı mühitə giriş (süni nəfəs aparatı ilə daxil olmaqla), əməyin mühafizəsi və texniki təhlükəsizlik, ümumi sağlamlıq, təhlükəsizlik kəmərinin istifadəsi və yoxlanılması, yüksəklikdə görülən işlər barədə ümumi anlayış və boyaların vurulması barədə təlimlər keçirilmişdir. Məktuba rəngsaz peşəsinin vəzifə təlimatının, Materialların təhlükəsizlik məlumat cədvəlləri (MSDS) sənədlərinin surətləri, Alətlər qutusu müzakirə qeydiyyat forması, attestasiya sənədlərinin surətləri və sertifikatların surətləri əlavə edilmişdir. Göründüyü kimi işəgötrürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlər əsasında müəyyən edilməsi barədə ətraflı izah verilmiş, sənədlərin surətləri təqdim edilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının iş yerindən verilmiş arayışlara əsasən "xxxx" MMC-də işlədiyi rəngsaz vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının "xxxx" Birgə Müəssisəsində xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasında işlədiyi dövrlərdəki rəngsaz vəzifəsini güzəştli staja daxil etsə də, eyni mövqeni onun "xxxx" MMC-də işlədiyiyi xx.xx.2013-xx.xx.2020-ci illər ərzində işlədiyi rəngsaz vəzifəsi üzrə sərgiləməmişdir. Halbuki, "xxxx" Birgə Müəssisəsinin iddiaçıya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli, AZF-2023/58-K saylı arayış məzmunca "xxxx" MMC-nin verdiyi arayışdan fərqlənməmişdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlilini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışlarla iddiaçının işlədiyi rəngsaz peşəsinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Belə olan halda iddiaçının "xxxx" MMC-də rəngsaz vəzifəsində işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (mübahisələndirilən 08 il 05 ay 14 gün+ mübahisələndirilməyən 07 il 02 ay 01 gün= 15 il, 07 ay, 15 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar