Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6179/2025 02.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və hesablanmış vergi borcunun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2- ********** saylı qərarının ləğv edilməsi, bu qərar və 14 noyabr 2024-cü il tarixli bildiriş əsasında hesablanmış vergilər, sanksiya və faizlər üzrə ümumilikdə 48,283,44 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 07 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-281142/2024 saylı qərarının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar kimi qeydiyyatdan keçməklə 08 iyun 2023-cü il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının müraciətinə əsasən sonuncunun fəaliyyəti 08 iyun 2023-cü il tarixdən 01 iyun 2123-cü il tarixədək dayandırılmışdır. Həmin tarixdən başlayaraq iddiaçı heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Buna baxmayaraq cavabdehin 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə, əlaqəli məlumata əsasən 35658 manat vergi və sığorta haqqı hesablanmışdır. Qeyd olunan qərar 15 noyabr 2024cü il tarixdə sistemə yerləşdirilmiş və iddiaçının fəaliyyəti dayandırıldığı üçün həmin qərarla 13 dekabr 2024-cü il tarixdə tanış olmuşdur. O, 16 dekabr 2024-cü il tarixdə dərhal yuxarı vergi orqanına şikayət edilmişdir. 14 noyabr 2024-cü il tarixdə bildiriş göndərilməklə iddiaçının dövlət büdcəsinə ümumilikdə 48416,40 manat, o cümlədən vergilər üzrə 33283,44 manat, maliyyə saksiyası üzrə 1993,11 manat, faizlər üzrə 13139,85 manat borcun olduğu bildirilmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti dayandırıldığından və dayandırılma tarixindən heç bir sahibkarlıq fəaliyyəti olmadığından vergi orqanı tərəfindən yuxarıda göstərilən verigilərin, maliyyə saksiyasının və faizlərin hesablanması qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçı fərdi sahibkar kimi xx.xx.2010-cu il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. İddiaçının əsas fəaliyyətinin "tikinti materiallarının pərakəndə satışı”ndan ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı iddiaçının bank hesabına pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçıya “Vergi orqanına dəvət edilməsi və məlumatların təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-56691/2024 nömrəli məktub göndərilərək, hesablarına mədaxil nəticəsində daxil olmuş vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti, borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi, eyni zamanda müvafiq bank hesablarından çıxarışı araşdırmaya təqdim etməsi məqsədilə o, xx.xx.2024-cü il tarixə saat 15:00-a Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasına dəvət edilmişdir. Həmçinin araşdırmada şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak edə biləcəyi barədə iddiaçıya məlumat da verilmişdir. Lakin iddiaçı qeyd edilən tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin inzibati binasına gəlməmiş, həmçinin onun bank hesabına daxil olan pul vəsaiti ilə əlaqədar müvafiq təsdiqedici sənədlər də vergi orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı fəaliyyətinin dayandırıldığ dövrdən hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Lakin, cavabdeh onun şəxsi hesabına pul vəsaitinin daxil olmasına əsasən ona vergi borcu hesablamışdır. Bu isə qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına yüksək məbləğdə pul vəsaitinin daxil olduğu müəyyən edilmişdir. Həmin vəsaitin mənbəyinin araşdırılması üçün iddiaçı vergi orqanına dəvət edilmiş, lakin o, vergi orqanına gəlməmişdir. Bu səbəbdən iddiaçıya vergi borcu hesablanmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-281142/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 35658 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən ona gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin iddiaçıya ünvanladığı Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubundan görünür ki, onun xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2123-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2025-ci il tarixə 48428,36 manat vergi borcu mövcud olmuşdur. Cavabdehin 21 yanvar 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, tərəfindən aparılmış bank əməliyyatlarının göstəriciləri ilə təqdim edilmiş vergi bəyannamələrinin göstəricilərinin müqayisəli təhlili zamanı müəyyən edilmiş fərqlərlə əlaqədar müvafiq təsdiqedici sənədlərin vergi orqanına təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə əlaqədar kameral vergi yoxlaması ilə 35 658 manat əlavə vergi məbləği hesablanaraq bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-281142/2024 nömrəli qərar göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), bank hesablarından çıxarışların (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə) və araşdırma üçün zəruri olan digər təsdiqedici sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Qeyd edilmiş təsdiqedici sənədləri, müvafiq dövr üzrə dəqiqləşmiş vergi bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı yenidən müraciət edildiyi təqdirdə araşdırma aparılaraq qanunamüvafiq tədbirlər görüləcəkdir. İddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış şikayət ərizəsində göstərilmişdir ki, onun şəxsi istifadəsində olan kart hesablarına daxil olan vəsaitlər mülkiyyətində olan avtomobillərin satışı ilə əlqədar alıcılar tərəfindən ödənilmiş vəsaitdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin 07 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-********** nömrəli qərarının ləğv edilməsini xahiş edir. Həmin qərarlarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etsə də, işdən görünür ki, iddiaçı yuxarı vergi orqanına şikayət ərizəsi ilə müraciət etmiş, daha sonra qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Beləliklə də, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1.). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3.). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, yalnız qanunda nəzərdə tutulmuş vergitutma elementləri müəyyən edildikdə fiziki və hüquqi şəxslər barəsində vergi hesablana və onlar vergiyə cəlb edilə bilərlər. Vergitutma elementlərinin mövcud olmaması fiziki və ya hüquqi şəxslərin vergiyə cəlb edilməsini istisna edir. İşdən göründüyü kimi cavabdehin 07 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-********** nömrəli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə 2023-cü il üzrə 35658 manat gəlir vergisi hesablanmışdır ki, iddiaçı həmin qərarı mübahisələndirir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, onun sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdən etibarən dayandırılmış və həmin tarixdən etibarən o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bu səbəbdən ona vergi borcunun hesablanması yolverilməzdir. Vergi Məcəlləsində göstərilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər (95). Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir (96.1.). Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir (97.1.). Gəlirlərə aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər (97.3.). Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir (98.1.). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir (99.1). Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (99.2.). Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: faiz gəliri; dividend; əmlakın icarəyə verilməsindən gəlir; royalti; vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla; sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar; mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat (99.3.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin gəlir vergisinə cəlb olunan gəlirlərinin konkret dairəsi müəyyən edilmişdir. Belə ki, şəxsin vergiyə cəlb edilən gəlirləri muzdlu işlə əlaqədar olan və olmayan gəlirlərdir. Muzdlu işlə əlaqədar olmayan gəlirlər isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər olmaqla iki hissəyə ayrılır. Qeyd edilməlidir ki, muzdlu işlə əlaqədar gəlirlərdən vergi tutulmasının xüsusi prosedurları mövcuddur ki, iddiaçıya hesablanmış gəlir vergisi bununla əlaqəli deyildir. Eyni zamanda iddiaçıya gəlir vergisi qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı da hesablanmamışdır. İddiaçıya hesablanmış vergi borcu məhz iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı kameral vergi yoxlamasının nəticəsi olaraq hesablanmışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2.). Cavabdeh iddiaçının bank hesabına daxil olmuş vəsaitin mənbəyini müəyyən etməmiş, həmin vəsaitin iddiaçının sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən əldə edildiyini aydınlaşdırmamışdır. Cavabdeh sadəcə həmin vəsaitin iddiaçının bank hesabına daxil olması səbəbindən onu iddiaçının sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəliri hesab etmiş və bununla bağlı iddiaçıya gəlir vergisi hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin “Gəlir vergisindən azadolmalar və güzəştlər” adlanan 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azad olması və ya onlara güzəştlərin tətbiq edilməsi ilə bağlı hallar sadalanmışdır. Yəni, iddiaçının hesabına daxil olmuş vəsaitin həmin maddənin əhatə dairəsinə düşüb düşməməsini müəyyən etmək də cavabdehin vəzifəsinə aid olduğu halda cavabdeh bunu etməmişdir. Halbuki Vergi Məcəlləsinin 24.1-ci maddəsinə əsasən vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borludur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən sahibkarlıq fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2123-cü il tarixinədək dayandırılmışdır. Lakin kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisinin bank hesabına pul vəsaitinin daxil olması və vergiyə cəlb edilməməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi barədə məktub göndərilmişdir. İddiaçı tərəfindən verilmiş inzibati şikayətdə izah olunmuşdur ki, o sahibkarlıq fəaliyyətini dayandırmış, şəxsi hesabına daxil olan vəsaitlər isə mülkiyyətində olan avtomobillərin satışı ilə əlaqədar əldə edilmiş vəsaitlərdir və sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq qərar qəbul olunmuş və ona borc məbləği hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin 07 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-********** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 07 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2-281142/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6179/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6179/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver