Məhkəmə qərarları › İş №2-1(112)-618/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-618/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-618/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 dekabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 023511 nömrəli müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1944-cü il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. Uzun illər DİN-nin orqanlarında polis nəfəri işləmişdir. 1-ci Qarabağ müharibəsi zamanı dəfələrlə Azərbayacan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarında iştirakına görə ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01 dekabr 1999-cu il tarixli, 023511 nömrəli “Qarabağ müharibəsi veteranı” vəsiqəsi verilmişdir. Artıq ömrünün 75-ci ilini geridə qoymuş, bəzən unutqan olur. Unutqanlıq səbəb ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01 dekabr 1999-cu il tarixdə verilimiş “Qarabağ müharibəsi veteranı” vəsiqəsini paltarının cibində paltaryuyan maşına ataraq yuduğu üçün yararsız hala düşməsi olmuşdur. Göstərilən səbəbdən vəsiqənin dublikatını verilməsi üçün dəfələrlə Daxili İşlər Nazirliyinə müraciətlər edərək, 01 dekabr 1999-cu il tarixdə verilimiş müharibə veteranı vəsiqəsinin dublikatının verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə Baş İdarəsi tərəfindən göndərilmiş 11 oktyabr 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, onun yararsız hala düşmüş “müharibə veteranı” vəsiqəsinin yenisi ilə əvəz olunmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılmışdır. Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiya onun yararsız hala düşmüş vəsiqəsinin yenisi ilə əvəzlənməsini arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən mümkün hesab etməmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş vəsiqənin dublikatının verilməsindən əsassız bəhanə ilə imtina olunması əsaslı və başa düşülən deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyatlarında iştirak edən şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adını MN, DİN və DTX tərəfindən verilir. Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında (1995-ci il 22 sentyabr Nazirlər Kabinetinin 216 saylı qərarı ilə təsdiq edilmişdir) Əsasnamənin birinci maddəsində (xx.xx.1997) müharibə veteranı vəsiqəsinin verilməsi şərtləri, halları sadalanmışdır. Əsasnamədə deyilir ki, 1991ci il sentyabr ayının 9-dan, 1994-cü il may ayının 10-dək döyüş əməliyyatları aparan hissə və ya orqanların tərkibindən hərbi xidmət keçmiş şəxslərə, hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, yaralanma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında və digər hallar əsasında müharibə veteranı adını və vəsiqəsini Azərbaycan Respublikası MN, DİN və DTX-nin yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir. Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən nazirliyin vəsaiti hesabına ödənilir. Həmin Əsasnaməyə görə “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hərbi qulluqçulara həqiqi hərbi xidmət keçdiyi (qulluq etdiyi), ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi dövlət orqanından asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Cavabdeh tərəfindən hüquqlarının pozulması, ona qarşı qərəzli münasibət göstərilməsi və əsassız yerə “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməməsi onun məhkəməyə müraciət etməsinin zəruriliyini yaradır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 012-16273-1219 nömrəli məktubda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmadığı, eləcə də Bakı şəhər Baş Polis İdarəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərində İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmrin müəyyən edilmədiyi göstərilmişdir. Həmçinin Azərbaycanın Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından 26 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-27393/3B-3219 saylı imtina məktubundan görünür ki, iddiaçının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılmış, DİN-də fəaliyyət göstərən müvafiq komissiya onun yararsız hala düşmüş vəsiqəsinin yenisi ilə əvəzlənməsi arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilmədiyindən mümkün hesab etməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1999-cu ilin dekabr ayında verilmiş 023511 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı vəsiqəsi verilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – Daxili İşlər, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İş materiallarında olan iddiaçıya 023511 saylı məxsus müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, iddiaçıya 1999-cu ilin dekabr ayında müharibə veteranı vəsiqəsi verilsə də, lakin həmin vəsiqə yarasız hala düşmüşdür. Buna görə də iddiaçı həmin vəsiqənin dublikatının verilməsini cavabdehdən tələb edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq arxiv sənədlərində döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatın aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması dövründə İddiaçı verilmiş xx.xx.1999-cu il tarixli 023511 saylı vəsiqənin verilməsinə əsas olmuş sənədlərin (əmrlər və arxiv arayışı) təsdiq edilmiş surəti qısa müddət ərzində sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tələb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, 024-312-1220 saylı məktubdan görünür ki, sabiq polis əməkdaşı İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmamış, eləcə də döyüş bölgələrinə ezam olunması barədə hər hansı əmr müəyyən edilməmişdir. Daha sonra İddiaçı şəxsi işinin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 024-1327-1220 saylı məktubla İddiaçı arxiv şəxsi işindən xidmətkeçmə siyahısının və barəsində müəyyən olunmuş Bakı şəhər BPİ-nin xx.xx.1994-cü il tarixli 186 və xx.xx.1994-cü il tarixli 226 nömrəli əmrlərinin çıxarılmış surəti məhkəməyə göndərilmişdir. Bakı şəhər BPİ-nin xx.xx.1994-cü il tarixli 186 əmrindən görünür ki, döyüş bölgələrində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının DİN-nin göstərişinə əsasən BPİ-nin əməkdaşları döyüş bölgələrində yaranmış vəziyyətlə əlaqədar Ağdam rayonuna 6 may 1994-cü il tarixdə ezam olunmuşlar. Həmin siyahının 247-ci sirasında polis starşinası İddiaçı adı göstərilmişdir. Bakı şəhər BPİ-nin xx.xx.1994-cü il tarixli 226 saylı “döyüş bölgələrində xidmət aparan şəxsi heyətə imtiyazların verilməsi barədə” əmrindən görünür ki, Ağdam rayonunun döyüş bölgələrində 06 may 1994-cü il tarixdən 16 may 1994-cü il tarixə kimi 10 gün xidmət apardıqlarına görə Azərbaycan Respublikası DİN-nin xx.xx.1992-ci il tarixli 245 saylı əmrinə əsasən göstərilən müddətə uyğun olaraq 3 qat əmək haqqının verilməsi və iş stajının hesablanmasının şamil olunduğu əməkdaşların siyahısının 247-ci sırasında birinci PPXA-nın polis starşinası İddiaçı adı qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı BPİ-nin İ PPXA-nın polis starşinası kimi xidmət olduğu dövrdə döyüş bölgələrində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının DİN-nin göstərişinə əsasən Ağdam rayonuna 6 may 1994-cü il tarixdə ezam olunmuş, 10 gün müddətində döyüş bölgəsində xidmət aparmışdır. Yuxarıda göstərilən əmrlər əsasında onun döyüş bölgəsində xidməti və həmin xidmətə görə verilmiş imtiyazlar öz təsdiqini tapmışdır. Bunun əsasında iddiaçıya verilmiş müharibə veteranı vəsiqəsinin yararsız hala düşdüyü halda dublikatının verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri əsassız olmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması iş materialları ilə müəyyən edildiyi üçün iddia təmin edilməli, ona xx.xx.1999-cu il tarixdə verilmiş 023511 saylı müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 01 dekabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 023511 nömrəli müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar