Məhkəmə qərarları › İş №2-1(112)-6182/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6182/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6182/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2014-cü il tarixdən 52 yaşından əmək pensiyası təyin edilmişdir. Pensiya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən təyin olunsa da, aylıq pensiya haqqı qeyd olunan Qanunun müddəalarına əsasən yox, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən müəyyən edilmiş, orta aylıq əmək haqqı nəzərə alınmamışdır. İddia tələbinə cavabdeh etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, orta aylıq əmək haqqının hazırkı iş üzrə tətbiq edilməsi əsasları mövcud deyil. Orta aylıq əmək haqqının nəzərə alınması ilə bağlı qanunvericilik hal-hazırda qüvvədən düşmüşdür. Hazırkı dövr qanunvericiliyə əsasən pensiya məbləği sığorta hissə ilə yığım hissənin cəmindən ibarətdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, hazırkı iddia tələbinin mahiyyəti orta aylıq əmək haqqı əsasında əmək pensiya məbləğinin hesablanması ilə bağlıdır ki, qeyd olunan hesablama qaydasının hazırkı iş üzrə iddiaçıya münasibətdə tətbiqi iddiaçıya hansı tarixdən əmək pensiyasının təyin edilməsindən asılıdır. Belə ki, əmək pensiya qanunvericiliyi müəyyən dövr əmək pensiyaçıları üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin müəyyən edilməsi imkanını nəzərdə tutmuşdur. Belə ki, hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsi ilə müəyyən edilmişdir ki, Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Hazırda qüvvədən olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (01.01.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27- ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə 01.01.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01.01.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə 01.01.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. Beləliklə “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin müəyyən edilib-edilməməli olması ona pensiyanın 01.01.2010-cu il tarixdən əvvəl və ya həmin tarixdən sonra təyin edilməsindən asılıdır. Belə ki, şəxsə yaşa görə əmək pensiyası 01.01.2010-cu il tarixədək təyin edilmişdirsə hal-hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun”, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.01.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqının nəzərə alınması mümkün hesab edilir. Həmin tarixdən sonra isə təyin edilmiş pensiyanın müəyyən edilməsi zamanı orta aylıq əmək haqqının nəzərə alınması istisna edilmiş, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Beləliklə, iş üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqı əsasında yenidən hesablanması iddiaçıya yaşa görə əmək pensiyasının hansı tarixdən təyin edilməsindən asılıdır. İşin faktiki halları ilə də müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 2014-cü il tarixdə təyin edilmişdir. Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası 01 yanvar 2010-cu il tarixdən sonra təyin edildiyindən əmək pensiyasının əmək haqqına uyğun hesablanması istisna edilir. . Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar