Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6182/2023 04.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Rahmati Qudratullaha üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əfqanistan İslam Respublikası vətəndaşının işçi kimi işə cəlb edilməsinin zəruriliyi ilə bağlı əsaslandırılan arayış və digər aidiyyəti sənədlər cavabdehə təqdim edilmiş, lakin cavabdeh işçi qüvvəsinə tələbin yerli əmək ehtiyatları hesabına mümkün olması kimi formal imtina vermiş, qərar əsaslandırılmamış, qərarda kvotanın olmaması göstərilməmiş, hər hansı əsas olmadan müraciət təmin edilməmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilmiş və daxil olmuş cavab məktubunda işçi qüvvəsinə tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olması səbəbindən etiraz daxil olmuşdur. Bu səbəbdən də müraciətin təminindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin imtina məktubundan görünür ki, Miqrasiya Məcəlləsinin 66.0.3-cü maddəsinə əsasən şəxsə iş icazəsinin verilməsindən imtina edilmişdir. Qərardan görünür ki, araşdırma nəticəsində işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olduğu müəyyən edildiyindən müraciətin təminindən imtina edilmişdir. Elektron sənəddən çıxarışdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsə iş icazəsinin verilməsi barədə etiraz xarakterli rəy verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubundan görünür ki, Nazirlik hesab etmişdir ki, üçüncü şəxs yüksək ixtisaslı mütəxəssis deyil, iş yeri üçün əcnəbi şəxsin cəlb edilməsi zəruriliyi əsaslandırılmamışdır və məlumatlar tam təqdim edilməmişdir. Bu barədə etiraz xarakterli rəy cavabdehə təqdim edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 3.0.13. iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazə 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.5. İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla) həyata keçirilir. 51.6. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. 51.7. Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.1. İş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 65.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-anket; 65.1.2. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti; 65.1.3. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti; 65.1.4. nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış; 65.1.6. işəgötürən: 65.1.6.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri; 65.1.6.2. fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri; 65.1.7. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış. 66.0. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir: 66.0.1. bu Məcəllənin 65-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 65.2-ci maddəsi nəzərə alınmaqla); 66.0.2. təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda; 66.0.3. işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda; 66.0.4. işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda; 66.0.5. əmək miqrasiyası kvotası dolduqda; 66.0.6. əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda; 66.0.7. əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda. 67.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 65.1.2-ci, 65.1.3-cü, 65.1.4-cü və 65.1.7-ci maddələrində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 67.5. Müvafiq icra hakimiyyəti orqanı daxil olmuş məlumatlara 5 iş günü (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.58-1-ci maddəsində nəzərdə tutulduğu halda 3 iş günü) müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına rəy verir. Qanunvericiliyin tələbindən də konkret olaraq müəyyən edildiyi kim işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduğu hal iş icazəsinin verilməsindən imtina üçün əsasdır. Hazırkı iş üzrə də həmin halın aydınlaşdırılması ilə bağlı miqrasiya qanunvericiliyinin yuxarıda göstərilən tələbləri daxilində həmin halla bağlı aidiyyəti qurum kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmiş, daxil olmuş rəy əsasında da inzibati akt qəbul edilmişdir. Məhkəməyə daxil olmuş rəydən və bununla bağlı Nazirliyin məktubundan da göründüyü kimi Məcəllənin 66.0.3-cü maddənin tətbiq edilərək iş icazəsinin verilməsindən imtina halı müəyyən edilmişdir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsi kriteriyasını Miqrasiya Xidməti, yox aidiyyəti qurum kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının rəyi nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsi əsaslarının müəyyən edilməsi aidiyyəti inzibati orqan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud informasiya sistemində olan məlumatlara münasibətdə müstəsna çıxışı və həmin halı qiymətləndirmədə müvafiq mütəxəssislərə malik olma halı nəzərə alınmaqla diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, nə məhkəmə, nə inzibati orqan kimi Dövlət Miqrasiya Xidməti daha işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi halını qiymətləndirmə baxımından çox xüsusi bilik və təcrübəyə malik olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyini əvəz edə bilməz. Qiymətləndirmə azadlığının da mahiyyəti məhz həmin əvəz etmə halının mümkün olmaması ilə bağlıdır. Bu səbəbdəndir ki, həmin icazənin verilməsi prosesuduru çərçivəsində aidiyyəti qurumlardan rəy alınmalı olması ilə bağlı konkret qayda müəyyən edilmişdir. Cavabdeh də həmin qaydanı pozmamış, rəyi almış, rəyin etiraz xarakterli olması da nəzərə alınmaqla iş icazəsinin verilməsindən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6182/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6182/2023
04.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver