Məhkəmə qərarları › İş №2-1(112)-6183/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6183/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6183/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdehna qarşı “borcun restrukturizasiya edilərək müqavilənin bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdehna qarşı “borcun restrukturizasiya edilərək müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, 16.10.2020-ci il tarixdə AR Mərkəzi Bankın pk.cbar.az portalından alınmış məlumatın çıxarışına əsasən, iddiaçıya münasibətdə hesablanmış, LPO "xxxx" ASC-yə retrukturizasiya olunması təklif olunan məbləğ 2232,34 manat təşkil etmişdir. Məhkəmə, həm cavabdehə münasibətdə, həm də iddia tələbinin mahiyyəti baxımından iddianın mümkünlüyünün qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi “borcun restrukturizasiya edilməsi” olmaqla, cavabdeh kimi LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddianın yönəldiyi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh inzibati orqan olmadığından ona qarşı iddia tələbi iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin ödənilməsi halında belə mümkün sayıla bilməz. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Məhkəmə, iddianın mahiyyəti ilə bağlı bildirir ki, mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçıların etirazı, narazılığı və şikayəti, LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivəsində, artıq Azərbaycan Respublikası Mərkəzi bank tərəfindən müəyyən edilmiş və portala daxil edilmiş borc məbləğinin restrukturaziya edilməsidir. Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar” ilə tənzimlənir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə əsasən, banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar”ın 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Şərh olunan normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İş materiallarından göründüyü kimi, iddiaçının borcunun sözügedən Fərmanın təsiri altına düşüb-düşməməsi Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılaraq, iddiaçının adı portala salınmış və adıçəkilən banka məbləğin restrukturizasiya edilməsi təklif edilmişdir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi qurum inzibati orqan olmadığından və tərəflər arasında yaranmış mübahisə (borcun bank tərəfindən restrukturizasiya edilməsi, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanması) inzibati deyil, mülki xarakter daşıdığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən Qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdehna qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Cavabdehna qarşı “borcun restrukturizasiya edilərək müqavilənin bağlanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar