Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6183/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində hərbi xidmət keçmiş, kəşfiyyatçı snayper olmuşdur. Dəfələrlə düşmən mövqelərində, öndə və arxada öz vəzifə borcunu ləyaqətlə icra etmişdir. Müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi ilə bağlı müraciət etmiş, lakin xx.xx.2024-cü ildə imtina cavabı almışdır. İddiaçı hesab edir ki, həmin vəsaitin ödənilməsi ilə bağlı dəfələrlə mürcaiət etməyinə baxmayara, Müdafiə Nazirliyi qanunsuz olaraq ona həmin vəsaitin verilməsinə imtina etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Müharibə veteranı vəsiqəsindən görünür ki, iddiaçıya xx.xx.1997-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin 0110 saylı xx.xx.1997-ci il tarixli əmri ilə Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısından çıxarılmısınız. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu isə 05 avqust 2004-cü il tarixdə qüvvəyə minib. Beləliklə, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qəbul edilmiş qanundan 7 il əvvəl tərxis olunduğuna görə, xidmət etdiyi dövrdə onun vəzifəsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, yanvar 2019cu il 03 fevral 2025-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə İddiaçı barəsində müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx xxx 1975-ci il təvəllüdlü əsgər İddiaçı mövcud hərbi uçot kartasındakı qeydlərə görə xx.xx.1993-cü il tarixdə Sabunçu rayon Hərbi Komissariığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1997-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır (xidmət etdiyi hərbi hissə 888 xx.xx.1993-xx.xx.1993 və hərbi hissə 776 xx.xx.1993-xx.xx.1997). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: 6.1.Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli 180- 24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının: 1.1-ci bəndinə əsasən bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. 2.4-cü bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman: g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. 2.5-ci bəndinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövrdə kəşfiyyat və əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; ç) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götürülmüş zaman. 3.1-ci bəndinə əsasən kompensasiya kəşfiyyat və əks-kəşfiyyat subyekti rəhbəri tərəfindən tərkibinə kadr, maliyyə, tibb və hüquq struktur bölmələrinin nümayəndələri daxil olan və əmrlə yaradılmış kompensasiyanın təyin edilməsi üzrə komissiya tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ödənilir. Komissiya kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyekti rəhbərinin müavinlərindən biri sədrlik edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kompensasiya tələbinin əsaslandırılması üçün xidmət etdiyi vəzifənin hazırda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi qiymətləndirilməsinə istinad edir və bu əsasla cavabdehdən müvafiq kompensasiyanın ödənilməsini tələb edir. Lakin məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü bu arqument hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, mübahisənin həlli üçün tətbiq edilməli olan normativ hüquqi akt məhz yuxarıda göstərilən Qaydalardır ki, həmin Qaydalar xidməti vəzifələrinin icrası zamanı sağlamlığına zərər dəymiş və ya bədən xəsarəti almış kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektlərinə münasibətdə kompensasiya ödənilməsi mexanizmini tənzimləyir. Qaydaların məzmunundan aydın olur ki, kompensasiya hüququnun yaranması üçün əsas şərt şəxsin xəsarət aldığı və ya sağlamlığına zərər dəydiyi dövrdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti statusuna malik olması və həmin zərərin məhz xidməti vəzifələrinin icrası ilə səbəbli əlaqədə baş verməsidir. Başqa sözlə, normativ tənzimləmə yalnız bu statusu faktiki olaraq daşıyan şəxslərə münasibətdə tətbiq oluna bilər. Bundan əlavə, Qaydaların 2.2-ci bəndinə əsasən, əməkdaşın xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində onun xidmətini davam etdirməsinin mümkün olmadığı hallarda həmin şəxsə üç illik pul təminatı məbləğində birdəfəlik kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Bu norma da öz hüquqi məzmununa görə yalnız kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olan əməkdaşlara şamil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək xidmət etmiş olsa da, həmin dövrdə onun tutduğu vəzifə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmamışdır. Bu səbəbdən də iddiaçının göstərilən dövrdə bu fəaliyyət subyektlərinə şamil edilən hüquqi rejimdən və təminatlardan istifadə etmək hüququ mövcud olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xidmət etdiyi xx.xx.1993-xx.xx.1997-ci illər ərzində onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti statusuna malik olmaması kompensasiya hüququnun yaranması üçün tələb olunan əsas hüquqi şərtin mövcud olmadığını göstərir. Bu səbəbdən də məhkəmə hesab edir ki, adıçəkilən Qaydaların 2.4 və 2.5-ci bəndlərində xəsarət alma və xəstəlik növlərinin iddiaçıda müəyyən olunmasının araşdırılmasına zərurət qalmı Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Ali Məhkəmənin 2-1(102)-2115/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, “Beləliklə, işin hallarına əsasən, iddiaçı 2010-cu ildə xəsarət alan zaman kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından, həmin vaxt aldığı xəsarət və ya xəstəlik nəticəsində ehtiyata buraxılmadığından, xidmətini davam etdirdiyindən üç illik pul təminatı məbləğində kompensasiya ödənilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır” Eyni mövqeyi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)- 879/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında da əks olunmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6183/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6183/2025
16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver