Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6185/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1990-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 25 noyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyanın təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 65 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil müddəti nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az olmasına, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının toplanmaması səbəbi ilə pensiya təyin olunmasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının əmək kitabçasına, hərbi biletinə və diplomun surətinə əsasən onun ümumilikdə mübahisəsiz sığorta stajı 15 il 04 ay 08 gün təşkil edir. İddiaçının əmək kitabçasında xx.xx.1990-xx.xx.2002-ci illərdə “İnkişaf” Assosasiyasında işlədiyi qeyd olunmuşdur. Lakin “İnkişaf” Assosasiyasının sənədlərinin saxlanıldığı hüquqi ünvan məlum olmadığından və sənədlər Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən əmək kitabçasındaki qeydləri qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr (12 il 20 gün) əmək kitabçasında qeyd olunmasına baxmayaraq mübahisələndirilmiş, ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Hərbi biletə əsasən iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək orduda xidmət etmişdir. Diploma əsasən iddiaçı 1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək avtomobil nəqliyyatının istismarı ixtisası üzrə təhsil almışdır. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi etirazdan da göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə imtina əsası kimi üç hala istinad etmişdir: -iddiaçının ümumi iş stajının 25 ildən az olması; -xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - əmək kitabçasının doldurulma qaydasına riayət olunmamasıdı. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 01 iyul 2021-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajının ödənilməsi şərti ilə bağlı isə Məhkəmə aşağıdakiları vurğulayır. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir. İş materiallarında olan əmək kitabçalarına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: -xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək X1 təhsil almış; (04 il 06 ay 06 gün) -xx.xx.1979-cu il tarixdə Ucar Avtobazasına 3-cü dərəcəli avtomexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə bilet satışı üzrə kassir vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixdə Ucar avtovağzalına bilet kassiri vəzifəsinə qəbul olunmuş və xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (05 il 03 ay 20 gün) -xx.xx.1985-ci il tarixdə ATP “Azerqlavptitseprom” 3-cü sinif dərəcəli sürücü kimi işə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu il tarixdə işdən azad edilmiş; (03 il 11 ay 13 gün) -xx.xx.1989-cu il tarixdə X2 “Azerptitsprom” avtomobil qarajında 2-ci dərəcəli texnik vəzifəsinə qəbul edilmiş və xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (04 ay 22 gün) -xx.xx.1989-cu il tarixdə Azərbaycan Dəmir Yolunun Mərkəzləşdirilmiş Avtobazasına anbar müdiri vəzifəsinə qəbul edilmiş və xx.xx.1990-ci il tarixdə avtomobil deposunun ləğvi ilə əlaqədar işdən azad edilmiş; (01 il 02 ay 15 gün) -xx.xx.1990-ci il tarixdə növbətçi mexaniki kimi işə götürülmüş və xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. (12 il 21 gün) İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları (diplomun surəti) ilə müəyyən edilmişdir ki, iddiaçı 1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək avtomobil nəqliyyatı istismarı üzrə təhsil almışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət xx.xx.1974-cü il tarixdən nəzərə alınır. Belə ki, sözügedən diplomda təhsil müddətinin başlamasının 1974-cü ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin xx.xx.1974-xx.xx.1979 dövrü (04 il 06 ay 06 gün) əhatə etdiyi qənaətinə gəlir. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977 hərbi xidmətdə olmuşdur ki, həmin müddət onun təhsil aldığı müddət ilə üst-üstə düşər. Bu səbəbdən də Məhkəmə, “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən iddiaçının razılığı əsasında həmin dövr kəsintisiz olaraq nəzərə alınır. Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı illəri, orduda xidmət etdiyi illər və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (xx.xx.1974-xx.xx.1979; xx.xx.1979xx.xx.1985; xx.xx.1985-xx.xx.1989; xx.xx.1989-xx.xx.1990; xx.xx.1990-xx.xx.2002 = 27 il 05 ay 06 gün) çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1990-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək işlədiyi “İnkişaf” Assosasiyasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın müəyyən olunmadığını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (1990- 2002-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı,xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş, “İnkişaf” Assosasiyasının mövcud olubolmaması, həmin birliyin hər hansı daşınmaz əmlaka hüquqlarının olub-olmaması, hüquqları qeydiyyata alınmışdırsa bununla mülkiyyət sənədlərinin surəti, özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilib-edilməməsi, hüquqi varisinin mövcud olub-olmaması, ümumiyyətlə həmin müəssisənin özəlləşdirilməsi həyata keçirilmişdirsə özəlləşdirilmə ilə bağlı barədə məlumatların, iddiaçının həmin müəssisədə çalışmasını müəyyən edə biləcək məlumatların təqdim olunması xahiş olunmuşdur. Lakin, həmin birliyin sənədlərin təqdim olunması mümkün olmamışdır. Məhkəmə diqqətə çatdırır ki, birliyin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, “İnkişaf” Assosasiyası ilə bağlı arxiv sənədlərinin (əmək haqqı cədvəlləri, əmrlər və s.) olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Eyni zamanda Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1782/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2002-ci il tarixli qərarını əsas gətirir. Həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı xx.xx.1989-cu il tarixli 3 nömrəli əmrlə Azərbaycan SSR Ticarət Nazirliyi Kirovabad ərzaq malları ticarəti “Novruz” kooperativinə işə qəbul olunmuş, xx.xx.1994-cü il tarixli 18 nömrəli əmrlə işdən azad olunmuşdur. Müəssisənin arxiv sənədlərinin Milli Arxiv İdarəsinə təhvil verilməməsi, harada saxlanılması barədə məlumatın olmaması və işlədiyi həmin dövrün yoxlanılmasının mümkün olmaması iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.” Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1346/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ““İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.” Göründüyü kimi kassasiya instansiya məhkəməsinin qəbul etdiyi qərarlarda nümayiş etdirdiyi mövqeyi məhz o istiqamətdə olmuşdur ki, əgər vətəndaşın əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilərsə yalnız bu zaman həmin staj qəbul edilməməlidir. Hazirki işdən göründüyü kimi iddiaçının sığorta stajına daxil edilməsini tələb etdiyi illər xx.xx.2006-cı il tarixədək olan dövrü əhatə etdiyindən və həmin dövr əmək kitabçasında əks olunduğundan, iddiaçının xx.xx.1990-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək “İnkişaf” Assosasiyasında işlədiyi müddət sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Cavabdehin istinad etdiyi digər dəlil (əmək kitabçasının düzgün doldurulmaması) ilə bağlı isə məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına istinad edir. Belə ki, Qaydaların: Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 25 noyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyridəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək iddiaçının əmək kitabçasında işdən çıxma barədə əmrin nömrəsinin olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçıya 25 noyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov