Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6185/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xx.xx.2007-ci il tarixli, 375 saylı kredit müqaviləsi üzrə hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun xx.xx.2007-ci il tarixli, 375 saylı kredit müqaviləsi üzrə hesablanmış borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2023-cü il tarixdə iddiaçı olaraq LPO "xxxx" tərəfindən ona qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. İddiaçıdan xx.xx.2007-ci il tarixli, 375 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə 1897 manat əsas borc, 425,25 faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1242,28 manat faiz borcu, cəmi 3564,53 manat, 56 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “Vaz-2106” markalı (Tip sedan, Ban XTK**********9295. rəngi qara, buraxılış ili 2004, 10RU906 dövlət qeydiyyat nişanlı) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcununa yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğin ondan tutularaq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmışdir. İddiaçı borcu ödəsə də, yalnız adı borclu siyahısında çıxır. O, xx.xx.2024-ci il tarixdə Ləğv prosesində olan "xxxx"ın ləğv edicisi Əmanətlərin Sığortalanması Fondun rəhbərliyinə ərizə ilə müraciət edərək MKR-dən adının silinməsinə və borcun olmamasına dair arayışın verilməsini xahiş etmişdir. Lakin xx.xx.2024-cu il tarixdə Əmanətlərin sığortalanması fondu ərizəyə cavab olaraq bildirmişdir ki, müraciətə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Ərizəyə cavab olaraq bildirilmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi əsas öhdəliyin xitamına səbəb olmur və borcun silinməsi üçün əsas deyildir. Eləcə də, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-57/2023 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin (“İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2025-ci il tarixli yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağını adının Mərkəzi Bank tərəfindən “Mərkəzləşdirilmiş Kredit Reyestri” siyahısından silinməsi üçün "xxxx"ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan borcun olmamasına dair müvafiq arayışın (rəyin) verilməsindən ibarətdir. Məhkəmə iddiaçının nəzərinə çatdırmışdır ki, İPM-in 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Həmçinin "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da ləğv prosesində olan banklarla borclu arasında yaranmış münasibətlərə dair mübahisələrə həmin ləğv prosesinə nəzarəti həyata keçirən məhkəmə, yəni, apellyasiya məhkəmələri tərəfindən baxılmalıdır. Belə olan halda hazırkı ərizə ilə bağlı ləğv prosesinə nəzarəti həyata keçirən məhkəməyə, yəni, müvafiq apellyasiya məhkəməsinə müraciət edilə bilər. Digər tərəfdən, iş üzrə tərəflər mülki hüquq münasibətlərində olduqlarından, əgər iddiaçının hüquqi marağı borc müqaviləsinə əsaslanan məsələlərin həllinə yönəlmişdirsə, o hüquqi marağına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında, müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsinə) iddia irəli sürməklə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçıya məhkəmə tərəfindən yardım məktubunun məzmunu yenidən elan edilmiş və qanunvericiliyin tələbləri təkrar izah olunmuşdur. İddiaçı məhkəmənin yardımının və qanunvericiliyin tələblərinin ona aydın olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılaraq, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə inzibati məhkəmədə baxılmalı olmadığını bildirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, tərəfləri dinlədikdən sonra aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində baxılmamalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (5.1). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (5.2). Hazırkı iddia tələbi tərəflər arasında xüsusi hüququn subyekti qismində bağlanmış mülki hüquqi əqdə, yəni borc müqaviləsinə əsaslanır. İş üzrə cavabdehin ümumi hüquqdan irəli gələn səlahiyyətlərdən çıxış edərək inzibati akt qəbul etmək imkanına malik olmaqla, publik hüquq münasibətlərində iştirak etməsinə baxmayaraq, iddiaçı ilə cavabdeh arasında yaranmış olan mübahisənin predmeti birbaşa olaraq xüsusi hüquqi tənzimetmənin təsiri altına düşür. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan olaraq hazırkı münasibətə subyekt qismində Ləğv prosesində olan "xxxx"ASC-nin ləğv edicisi kimi daxil olmuşdur. İPM-in 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. İddiaçıya ünvanlanmış yardım məktubunda da qeyd olunduğu kimi, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da ləğv prosesində olan banklarla borclu arasında yaranmış münasibətlərə dair mübahisələrə həmin ləğv prosesinə nəzarəti həyata keçirən məhkəmə, yəni, apellyasiya məhkəmələri tərəfindən baxılmalıdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iddia tələbi üzrə işə inzibati məhkəmə qaydasında baxıla bilməməsi səbəbindən iddia mümkün sayılmamalıdır. Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin qanunverici iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi imkanını da nəzərdə tutmamaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən iddia ərizəsinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl edilməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “xx.xx.2007-ci il tarixli, 375 saylı kredit müqaviləsi üzrə hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(112)-6185/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6185/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver