Məhkəmə qərarları › İş №2-1(112)-6186/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6186/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6186/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin nümayəndəsi X1 oglunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə qarşı “ödədiyi 200 manat vəsaitin geri qaytarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə qarşı “ödədiyi 200 manat vəsaitin geri qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə Yasamal rayon məhkəməsi barəsində 200 manat inzibati xəta haqqında cərimə qərarı qəbul etmiş, həmin cəriməni “Kapital bank” vasitəsi ilə ödəmişdim. Lakin bir müddət keçdikdən sonra Nərimanov rayon İcra və Probasiya şöbəsinin İcra məmuru ona bildirmişdir ki, avtomobilinə cərimə ilə bağlı həbs qoyulub. İcraçıya bildirmişdir ki, 200 manat cəriməni ödəmiş, amma buna baxmayaraq Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru cəriməni icra qərarı vasitəsi ilə yönəltmiş və iddiaçının pensiya kartından 200 manat pul tutulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə müraciət etmiş, ondan ötrü ki, balansına 200 manat, 2016-cı ildə may ayından avqust ayına kimi pul ödəmişdir. Lakin, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı ondan ödədiyi sənədi, yəni qəbzi tələb etmiş, əks halda müəyyənləşdirə bilmədiyini göstərmişdir. Bununla iddiaçı Nərimanov rayon İcra və Probasiya şöbəsi ilə bağlı sorğu yollamış və ona heç bir müsbət cavab gəlməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi bu pulu ona verməkdən imtina edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən orqandır. Azərbaycan Respublikası adından ödənilməli olan vəsait dövlət büdcəsi hesabına həyata keçirilir, dövlət büdcəsinin kassa icraçısı isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyidir. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin ona qarşı hərəkətləri qanunsuz və ədalətsizdir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli inzibati xəta haqqında qərarı ilə barəsində inzibati tənbeh verilərək 200 manat cərimə olunmuş, həmin pulu “Kapital bank”a ödəmiş, lakin qəbzi saxlamamış, sonra avtomobilinə cərimə ilə bağlı həbs qoyulması ona məlum olduqda Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuruna cəriməni ödədiyini bildirmiş, lakin icra məmuru cəriməni onun pensiyasından tutmuşdur. Ödədiyi pulun qaytarılması üçün özü şəxsən cavabdehə müraciət etməmiş, çünki bundan ötrü Nərimanov rayon İcra və Probasiya şöbəsi cavabdehə sorğu yollamış, lakin müsbət cavab gəlməmişdir. Hazırda cavabdeh onun pulunu qaytarmır, bundan ötrü qəbzi ondan tələb edir. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin ona qarşı hərəkətləri qanunsuz və ədalətsizdir. İddiaçı izahatının sonunda işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində icra vərəqəsinə əsasən dövlət büdcəsinə vəsaitin ödənilməsi barədə məlumat verilməsi haqqında Nərimanov rayon icra və probasiya şöbəsinin sorgusuna baxılaraq bildirilmişdir ki, icra vərəqəsi əsasında müvafiq vəsaitin dövlət büdcəsinə daxil olmasını müəyyənləşdirmək uçun bu ödənişə dair ödəniş sənədinin surətinin təqdim edilməsi xahiş olunur. Nümayəndə izahatında qeyd etdiyi halların nəzərə alınaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İşdə olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, hazırkı iddianın qaldırılmasında əsas məqsəd iddiaçının əvvəllər “Kapital bank”a ödədiyi 200 manat cərimə pulunun dövlət büdcəsindən geri qaytarılmasından ibarətdir. İddiaçı bununla baglı məhkəməyədək cavabdeh inzibati orqana müraciət etmədən və cavabdehin imtinasını almadan məhkəmədə iddia qaldırmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına görə məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən İddiaçı tərəfə izah edilir ki, qaldırmış məsələ ilə bağlı yuxarıda göstərilmiş pozuntulara yol vermədən cavabdeh orqana müraciət etməli, xahişləri təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar