Məhkəmə qərarları › İş №2-1(112)-6186/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6186/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6186/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 30 saylı Vəkil bürosunun vəkili Vəkil1, üçüncü şəxs X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Vəkil2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı X4 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10 iyul 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Onun bacısı qızı X4 hələ 1990-cı illərdən həmin mənzilə qeydiyyata düşsə də, lakin həmin ünvanda heç vaxt yaşamamışdır və indi də yaşamır. X1 ilə əlaqəsi olmadığı üçün onun harada olmasını bilmir və ondan mənzildən qeydiyyatdan çıxarılmasını özündən xahiş edə bilmir. X2 qeydiyyatdan çıxarılması ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, lakin idarə əsassız olaraq 01.04.2021-ci il tarixli 7432A-3221 nömrəli məktubu ilə sonuncunu qeydiyyatdan çıxarmaqdan imtina etmiş və məhkəməyə müraciət etməsini məqsədəmüvafiq hesab edilmişdir. X4 ona məxsus mənzildə qeydiyyatda olduğu üçün ev üzərindəki sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir, daşınmaz əmlaka dair hüquqlarını, Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqlarını tam qaydada həyata keçirməkdə ona çətinlik yaradır. Evdə əlavə şəxs qeydiyyatda olduğu üçün mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, faktiki olaraq mənzil onun xüsusi mülkiyyətinə keçdiyi andan X4 mənzildən istifadə etmək hüququnu itirmişdir. Bundan başqa Fidan Əbilhəsənovanın mərhum atası sağlığında da onun istifadə hüququna xitam verilməsi ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, lakin sonradan ölməsi ilə əlaqədar mülki işin baxılmasına xitam verilmişdir. Odur ki, X2 ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması zəruridir və inzibati orqan isə onun tələbini icra etməkdən əsassız və qanunsuz imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 03.05.2021-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəməyə cavabdehin və üçüncü şəxsin iddia ilə bağlı yazılı münasibətləri (etiraz) daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən İddiaçı adına ünvan 3 ünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 116,8 kv. metr, yaşayyış sahəsi 74,7 kv. metr olan mənzilə dair 09.07.2019-cu il tarixli **********85-05101-093008 reyestr nömrəli texniki pasport tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 116.80 kv. metrdən ibarət mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu barədə 10.07.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03.09.2019-cu il tarixli 2- 1(103)-4842/2019 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X6 cavabdeh X2 ünvan 5 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 2(005)-4209/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03.09.2019-cu il tarixli 2-1(103)- 4842/2019 saylı qərardadı ilə iddiaçı X5 cavabdeh X3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə iddiaçının prosessual hüquqi varisinin iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4209/2018 saylı mülki iş üzrə qəbul etdiyi 08 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)356/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X4 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abasquliyeva Hicra Hidayət qızının adına qeydiyyata alınmış Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, mənzil 6 ünvanına dair ********** nömrəli, **********85-05101-093008 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)356/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlt Reyestri Xidmətinin 1 saylı Bakı Əazi İdarəsinə və Abasquliyva Hicran Hidayət qızına qarşı çıxarışın etibarsız hesab edilməsi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinin 19 may 2021-ci il tarixli 018-6630-1221 №li məktubunda qeyd olunmuşdur ki, 21.07.1975-ci il təvəllüdlü X4 20.06.2005-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Nərimanov rayon Polis İdarəsinin 31.05.2021-ci il tarixli 078-14117-1221 saylı cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş X4 2005-ci il tarixindən Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, mənzil 6 üvanında qeydiyyatdadır, qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün tərəflərindən məhv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin **********91 №li 03.08.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 7, 6 saylı mənzil 10.07.2019-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 078-7432A- 3221 №li 01.04.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri İdarənin səlahiyyəti daxilində olmadığından pasport qeydiyyatında olan X2 qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək məqsədə müvafiqdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı X2 İddiaçı məxsus ünvan 1 ünvanında qeydiyyatda olmaqla yanaşı, onun mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarının olması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İşin araşdırılan hallarından da göründüyü kimi, üçüncü şəxs X2 mübahisəli mənzilə istifadə hüququ yaranmış, həmin istifadə hüququna xitam verilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, məhkəmə qətnaməsi ilə X2 mübahisəli mənzilə dair yaranmış istifadə hüququna xitam verilsə də sonradan qeyd olunan iş üzrə iddiaçının hüquqi varisinin həmin iddiadan imtinaya dair ərizəsinə əsasən, qətnamə ləğv olunmaqla, iş üzrə icraata xitam verilmişdir. Belə olan halda X2 həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 ona məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar