Məhkəmə qərarları › İş №2-1(112)-6186/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6186/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6186/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8na məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massində yerləşən sahəsi 1200 kv. metr olan 3361 bağ torpaq sahəsinin mərhum X12 məxsusluğu haqqında arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1nə dair xx.xx.1996-cı il tarixində mərhum X14 ilə keçmiş X1 və İstismarı Birliyi arasında müqavilə bağlanmışdır. Həmin vaxtan etibarən o, ailə üzvləri ilə birlikdə sözü gedən bağ sahəsindən istifadə edirlər. X8 xx.xx.2001-ci ildə ölmüşdür. Atasının ölümündən sonra vərəsəlik işinin açılması üçün notariusa müraciət edilmişdir. Onlara xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin Bakı şəhəri 24 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 965 nömrəli məktubunda da vərəsəlik işinin açılması qeyd edilmişdir. O, mərhum atasının adına arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubunda, müqavilədə qeyd edilən 1200 kv.m torpaq sahəsi ilə bağlı cizgi mövcud olmadığından sahənin yerləşməsini müəyyənləşdirmək mümkün olmaması qeyd edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, **********24 nömrəli “bağ sahəsinə dair məlumat və sənəd surətinin təqdim edilməsi barədə” məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3361 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X14 arasında xx.xx.1987-ci il tarixli, 13870 saylı müqavilə bağlanılmışdır. Daha sonra icarədarın xx.xx.1996-cı il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 ha hissəsi X3 adına xx.xx.1996-cı il tarixli, 28183 saylı müqavilə ilə keçmişdir. 3361 saylı bağ sahəsinin yerdə qalan 0.12 ha hissəsinə dair isə X11 adına xx.xx.1996-cı il tarixli, 13870 saylı müqavilə bağlanılmışdır. Həmçinin cavabdehin imtinasında qeyd etdiyi torpaq sahəsinə dair cizginin mövcud olmaması onun iradəsində asılı olan məsələ deyil və onun ziyanına şərh edilə bilməz. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, eyni itarixli qərardadla X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Həmçinin tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin və üçüncü şəxsin münasibətləri: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********64 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ərazidə yerləşdiyi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə uyğun hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Üçüncü şəxs - X9 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2024cü il tarixli, **********948 nömrəli ərizədən görünür ki, xx.xx.2001-ci ildə ölmüş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarışın verilməsinə etiraz etmir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən və və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X7 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: X6 və İstismarı Birliyi ilə X14 arasında bağlanmış “Bağların icarəyə verilməsi haqqında” xx.xx.1996-cı il tarixli 13870 №-li müqavilədən görünür ki, Ləhiş qəsəbəsində (bağlar massivi) 0.12 ha bağ sahəsi icarədar X12 icarəyə verilmişdir. AZ-İİ seriyalı 356948 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin 02-ci ayının 28-ci günündə 188 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.2012-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci ildə ölmüş X11 vərəsəsi kimi oğlu – İddiaçı müəyyən olunmuşdur. DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********4 nörməli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3361 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə X14 arasında xx.xx.1987-ci il tarixli, 13870 saylı müqavilə bağlanılmışdır. Daha sonra icarədarın xx.xx.1996-cı il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında bağ sahəsinin 0.12 ha hissəsi X3 adına xx.xx.1996-cı il tarixli, 28183 saylı müqavilə ilə keçmişdir. 3361 saylı bağ sahəsinin yerdə qalan 0.12 ha hissəsinə dair isə X11 adına xx.xx.1996-cı il tarixli, 13870 saylı müqavilə bağlanılmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********28 nömrəli məktubu ilə ünvan 1nə dair bağlanılmış xx.xx.1996-cı il tarixli, 28183 saylı və xx.xx.1996-cı il tarixli, 13870 saylı müqavilərlə bağlı arxiv qovluğunda olan sənədlərin, eləcə müayinə aktının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma kimi əlavə edilmiş sənədlər: - X4 və İstismarı Birliyi ilə X14 arasında bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətə icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli 13870 №-li müqavilədən görünür ki, Ləhiş qəsəbəsindən (bağlar massivi) 0.25 ha sahəsi olan bağ icarədar X12 icarəyə verilmiş və X14 həmin bağ sahəsini icarəyə götürmüşdür (həmin müqavilə xx.xx.1975-ci ildə yenidən bağlanmışdır) - X6 və İstismarı Birliyi ilə X14 arasında bağlanmış “Bağ evlərinin, binalarının uzun müddətə icarəyə verilməsi haqqında” xx.xx.1987-ci il tarixli 13870 №-li müqavilədən görünür ki, Ləhiş qəsəbəsindən (bağlar massivi) 3361 №-li 0.25 ha sahəsi olan bağ icarədar X12 icarəyə verilmiş və X14 həmin bağ sahəsini icarəyə götürmüşdür - X11 xx.xx.1996-cı il tarixdə Bağlar Təsərrüfatı İdarəsinin rəisi R.Zeynalzadəyə ünvanlanmış ərizəsindən görünür ki, onun Ləhiş ərazisində 13870 №-li müqavilə üzə 3361 №-li bağ sahəsində 0.25 ha torpaq yerinin 0.12 ha-nın böyük oğlu X3 adına yeni müqavilə ilə verilməsinə sərəncam verilməsini xahiş etmişdir. Həmin ərizə onun özü və ailə üzvlərinin imzaları ilə təsdiq edilmişdir. - xx.xx.1996-cı il tarixli 1916 qeydiyyat nömrəli X20 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin direktoru R.Zeynalzadəyə ünvanlanmış ərizədə göstərilmişdir ki, X8nun Ləhiş ərazisindəki torpaq-bağ sahəsinin 0.12 ha yerinin özünün və ailə üzvlərinin razılığına əsasən onun adına yeni müqavilə ilə verilməsi üçün razılıq vermişdir. Buna görə də, ona yeni bağ müqaviləsinə sərəncam verilməsini xahiş etmişdir - X6 və İstismarı Birliyi ilə X14 arasında bağlanmış “Bağların icarəyə verilməsi haqqında” xx.xx.1996-cı il tarixli 28183 №-li müqavilədən görünür ki, Ləhiş qəsəbəsində (bağlar massivi) 0.12 ha bağ sahəsi 20 ildən artıq olmayaraq icarədar X5 icarəyə verilmişdir. - xx.xx.2007-ci il tarixli 1500 qeydiyyat nömrəli X20 tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış ərizədə göstərilmişdir ki, onun adına verilmiş 28183 №-li müqavilə itmişdir. Həmin icarə müraviəsinin verilməsi üçün sərəcam verilməsini və müqavilə müddətinin uzadılmasını xahiş etmişdir. - X6 və İstismarı Birliyinin “Lahış ərazisindəki 3361a nömrəli bağın istifadəyə verilməsi haqqında” 28183 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Birlik Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 3361a №-li bağ müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla istifadəçiyə (X5) verir və istifadəçi həmin bağı istifadəsinə götürür. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. - Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivində yerləşən 3361 nömrəli bağ sahəsi faktiki olaraq X11 və Nümayəndə istifadəsindədir. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.metr, faktiki 1250.0 kv. mertdir. Göstərilən sahənin sərhədlərinin bir tərəfinə but daş düzülmüş, digər tərəfləri şərtidir. Sahənin bəzi hissələrində but daş var idi. Sahədə hasarlanma işləri aparılmayıb. Sahədə tikili yoxdur. Aktın qeyd hissəsində göstərilmişdir ki, vətəndaş (X14) 3361a saylı bağ sahəsinin qardaşına (X9) aid olduğunu və bağ sahəsinin yolun həmin hissəsində olduğunu bildirmişdir. Bağ sahəsinin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********64 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatıma alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ərazidə yerləşdiyi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə uyğun hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı məlum olmuşdur. Bundan başqa, müqavilədə qeyd edilən 1200 kv.m torpaq sahəsi ilə bağlı cizgi mövcud olmadığından sahənin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüququ marağı bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün xx.xx.1996-cı il tarixli, 13870 №-li müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0,12 ha bağ sahəsinin mərhum X8na məxsus olması barədə arayışın verilməsinə yönəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X14 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə görə Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Cavabdehin torpaq sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi mübahisəli 0.12 ha torpaq sahəsi ilə bağlı cizginin mövcud olmaması səbəbi ilə sahənin yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmadığını göstərilmişdir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş müayinə aktından görünür ki, mübahisəli bağ sahəsinin ilkin qeydiyyatı var, koordinatları və torpaq sahəsinin faktiki ölçüsü müəyyən edilmiş, bağ sahəsi faktiki iddiaçının istifadəsindədir. Hazırda cizginin mövcud olmaması iddiaçının ziyanına qiymətlərdirilən hal kimi nəzərə alınmamalıdır. Belə ki, cizginin zəruri olmasını səbəbi həmin bağ sahəsinnin yerləşəsinin müəyyən edilməsi olmuşdur və cavabdeh inzibati orqanın öz mütəxəssizləri tərəfindən keçirilən baxış zamanı bağ sahəsinin harada yerləşməsi müəyyən edilmiş və akt tərtib edilmişdir. Üçüncü şəxs X9 mübahisəli bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsinə etirazının yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn iddiaçının mərhum atasına məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin (həmin dövrdə qüvvədə olan redaksiyada) tələblərinə zidd olmaqla qanunsuz olmuşdur. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massində yerləşən sahəsi 1200 kv. metr olan 3361 bağ torpaq sahəsinin mərhum X12 məxsusluğu haqqında arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar