Məhkəmə qərarları › İş №2-1(112)-6187/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6187/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6187/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması nəticəsində ödənilməmiş məbləğin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının dayandırılması nəticəsində ödənilməmiş məbləğin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, 043004 nömrəli pensiya işinə əsasən DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 22 dekabr 2016-cı il tarixli qərarı ilə hazırkı İddiaçı 1 fevral 2016-cı il tarixdən ömürlük 154,95 manat pensiya təyin edilmişdir. Vəsaitin təyin edilməsi proseduru qanunvericiliyinə uyğun aparılmışdır. Lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Arxivinin Ağsu filialında 21 yanvar 1991-ci il tarixdən 28 dekabr 1996-cı il tarixədək olan dövr ərzində Ağsu rayon H.Z.Tağıyev adına Kolxozda onun əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən sənədlərin tapılmaması səbəbindən ümumi iş stajının 20 ildən az (17il 1 ay 9 gün) olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmiş, lakin iddia əsassız olduğundan birinci instansiya və yuxarı instansiya məhkəmələri müvafiq olaraq iddianı və şikayətləri təmin etməmişlər. Cavabdeh tərəfin mütəxəssisləri Ağsu rayonu Çaparlı kənd H.Z.Tağıyev Kolxozunun arxiv kitabını yoxlamış, lakin həmin Kolxozun bazasında yaranan X5 arxiv kitabına baxmamışlar. Həmin Kolxozun arxiv kitabının surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh DSMF Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 30 noyabr 2020-ci il tarixdən 2023-cü ilin yanvar ayınadək olan vəsait ödənilməmişdir. Bununla bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 11 yanvar 2023-cü il tarixli 3-17-1/2-4507/2023 saylı məktubu iddiaçıya göndərərək onun əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmadığını bildirmişdir. Bu səbəbdən 30 noyabr 2020-ci il tarixdən bu günədək olan pensiya ödənişinin təmin edilməsi barədə müvafiq qərar çıxarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respubikası Qanununun 1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 67-ci maddəsinə əsaslanaraq, 30 noyabr 2020-ci il tarixdən ödənilməsi dayandırılmış həmin tarixdən 30 yanvar 2023-cü il tarixədək olan 5.760 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filailının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 aprel 2023-cü il tarixli məktubunda – iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı tələbi rədd edilməlidir. DSMF tərəfindən iddiaçıya qarşı 4 yanvar 2016-cı il tarixdən 30 noyabr 2020-ci il tarixədək olan dövr ərzində artıq ödənilmiş 10.326,42 manat pensiya məbləğinin qaytarılması tələbi ilə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8086/2021 saylı iş üzrə 26 noyabr 2021-ci il tarixli qərarı ilə DSMF-nin iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1222/2022 saylı iş üzrə 1 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhəməsinin qərarı qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarı Ali Məhkəmənin 2-1(102)-1691/2022 saylı iş üzrə 18 oktyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, sözügedən məhkəmə qərarı ilə iddiaçıya ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı Mərkəzi Filialın üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da «İnzibati icraat haqqında» Qanunun 67-ci, xüsusən də 67.5 – 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə, hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin, şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilibödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt «İnzibati icraat haqqında» Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlərdə nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinə, İPM-in 70.1-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı 1960-cı il təvəllüdlüdür. DSMF orqanı tərəfindən ona «Əmək pensiyaları haqqında» Qanunun müddəalarına uyğun olaraq 1 fevral 2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. Ona təyin edilmiş pensiya üzrə ödəniş cavabdeh inzibati orqan tərəfindən 30 noyabr 2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra DSMF orqanı hazırkı iddiaçıya qarşı 2016 – 2020-ci illərdə artıq ödənilmiş 10.326,42 manat pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin iddia inzibati məhkəmənin müvafiq qərarı ilə rədd edilmişdir. Verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilmədiyindən, həmin qərar qüvvəyə minmişdir. İddiaçı bundan sonra ona ödənilməmiş pensiya məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, müvafiü məhkəmə mübahisəsi üzrə məhkəmə qərarında iddiaçıya ödənilən əmək pensiyasının bərpa edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddiaçı hazırda cavbdehin hərəkətərini mübahisələndirir və müvafiq dövr üzrə ödənilməmiş pensiya məbləğini tələb edir. Məhkəmə mübahisə ilə əlaqədar aşağıdakı qanunvericilik normalarını diqqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67 – 69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Əmək pensiyaları haqqında» Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İlk növbədə məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı İddiaçı ilkin pensiya təyin olunması barədə DSMF orqanının qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məhkəmə icraatında məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən və ayrıca qərar qəbul olunmadan ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır və inzibati orqan bu hərəkətini “iddiaçıya əmək pensiyasının səhv hesablanması və artıq ödəmənin aşkar olunması, artıq ödəmə ilə bağlı məhkəmədə qaldırılmış iddia rədd olunsa da, məhkəmə qərarında pensiyanın bərpası barədə öhdəlik qoyulmaması” ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyint üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi məhkəmə qərarı ilə təmin edilməmişdir. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması ilə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının «Əmək pensiyaları haqqında» Qanunun 37.8-ci maddəsinin və «İnzibati icraat haqqında» Qanunun 17-ci maddələrinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması və müvafiq məbləğin ona qaytarılmaması ilə bağlı hərəkətləri qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11.1, 13, 17, 19-cu maddələrinə zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddiaçıya əmək pensiyasının 30 noyabr 2011-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək olan dövr üzrə 5.760 manat ödənilməmiş məbləği qaytarılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı təyin edilmiş görə əmək pensiyasının ödənişinin dayandırıldığı 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2023cü il tarxədək olan dövr üzrə 5.760 manat məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş görə əmək pensiyasının ödənişinin dayandırıldığı 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2023-cü il tarxədək olan dövr üzrə 5.760 manat məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar