Məhkəmə qərarları › İş №2-1(112)-619/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-619/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-619/2024 22.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh firmasına qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh firmasına qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsi) cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7500,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 7500 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh firması (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixə yaranan 55757,76 manat borcuna görə 7500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.Cavabdehin xx.xx.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 7500 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh firmasının iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmədiklərindən, cavabdeh gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən, iddiaçı isə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- ddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. Faktiki hallar və sübutlar: İşin halları: “Vergi borcunun ödənilməsinə dair” **********8 saylı bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh Firmasının (VÖEN: **********) xx.xx.2019-cu il tarixinə ümumilikdə 55,658.48 manat, vergilər üzrə 45,558.71 manat, maliyyə sanksiyaları üzrə 80.00 manat, faizlər üzrə 10,019.77 manat və məhkəmə qərarı ilə təmin edilmiş hissə üzər 0.00 manat borcu var. Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqında” **********14 №-li xx.xx.2019-cu il tarixli qərarın surətindən müəyyən olunur ki, LGBİ tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh Firmasının məxsus əmlak siyahıya alınmışdır. “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” **********1 №-li xx.xx.2019-cu il tarixli protokol və protokola əlavənin surətindən müəyyən olunur ki, Cavabdeh Firmasına məxsus AZ 1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, körpünün yanında yerləşən yanacaq doldurma məntəqəsində 7500 manat dəyərində əmlakı (1 ədədinin qiyməti 2500 manat olan 3 ədəd Türkiyə istehsalı olan yanacaq doldurma məntəqəsinin elektron tabloları) siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2019-cu il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 46 saylı yanacaq doldurma məntəqəsində siyahıya alınmış əmlak məsul saxlama üçün X2 təhvil verilmişdir. Cavabdeh Firmasına (VÖEN: **********) aid xx.xx.2022-ci il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, hesablanmışdır 1.207.636,55 manat, ödənilmişdir 148.673,96 manat, azaldılmış məbləğ 1.010.017,60 manat, çap tarixinə faiz borcu 11.726,75 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 63.346.33 manat, çap tarixinə saldo – 63.346.33 manat, cəmi ödənilməli borc məbləği 63.655,36 manat qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, № 2-1(102)-2069/2024 saylı qərarından müəyyən olunur ki; - İddiaçı Cavabdeh Firması cavabdeh Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsin qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli qərarının, xx.xx.2020-ci il tarixli **********801000 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********567900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının, xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsini və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 57372,06 manatın şəxsi hesab vərəqəsindən silinməsini, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir. - Bakı İnzibati Məhkəmsəinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1009/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2- 1 (103)-120/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********801000 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli **********567900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi hissəsində iddia mümkün sayılmamışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2- 1 (103)-120/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmişdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh firması (VÖEN: **********) tərəfindən vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində dövlət büdcəsinə yaranmış vergi və dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh firmasının (VÖEN: **********) xx.xx.2021-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə 7500,00 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 7500,00 manat dəyərində olan əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən həmin borc tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh firmasına qaytarılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Firmasının (VÖEN: **********) 0103.2021-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 7500,00 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 7500 (yeddi min beş yüz) manat dəyərində olan əmlakı əmlakı (1 ədədinin qiyməti 2500 manat olan 3 ədəd Türkiyə istehsalı olan yanacaq doldurma məntəqəsinin elektron tabloları) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh firmasına (VÖEN: **********) qaytarılsın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar