Məhkəmə qərarları › İş №2-1(112)-6190/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6190/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6190/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladları X2 xx.xx.2022-ci il tarixli, 4472 saylı 1 saylı «Asan xidmət» X4 tərəfindən tərtib edilmiş doğum haqqında qeydin uşaq qrafasında soyadın «Vəliyev» dən «İlqarlı» ya düzəliş edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Vəliyeva (Sultanova) Vəfa Məmməd qızı 14 aprel 2021-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 23 avqust 2022-ci il tarixdə övladları X5 dünyaya gəlmişdir. Ailədaxili məsələlərlə bağlı olaraq oğlanları X7 oğlunun soyadını «Vəliyev»dən «İlqarlı» soyadına dəyişdirmək istəyirlər. Bununla əlaqədar olaraq, Bakı şəhəri Cavabdehnə yazılı qaydada müraciət etmiş, lakin Cavabdeh 22 noyabr 2022-ci il tarixli, 05/9-3309/13 saylı məktubuna əsasən müraciətdən əsassız və qanunsuz olaraq imtina edilmişdir. Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq hər iki valideynin notarial qaydada yazılı razılıq ərizələri də mövcuddur. İddiaçılar Ailə Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi yazılı münasibətində tələbə etiraz etdiyini qey edərək, işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 müraciətinə baxılaraq bildirilmişdir ki, “Ailə qanunvericiliyinə əsasən uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Bu səbəbdən ərizənizi təmin edə bilmirik.” - ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1991-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1990-cı il təvəllüdlüdür. - 2 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 421141 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı1 ilə xx.xx.1990-cı il təvəllüdlü X3 nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir. - ASAN xidmət mərkəzi tərəfindən 29 avqust 2022-ci il tarixdə verilmiş AZ-İV 778801 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 29 avqust 2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 19 avqust 2022-ci il tarixdə 4472 nömrə ilə qeyd edilmişdir. Uşağın atası İddiaçı1, anası İddiaçı2dır. - İddiaçı1 və İddiaçı2 08 dekabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar xx.xx.2022-ci il tarixdə doğulmuş övladları X1 “İlqarlı” olaraq dəyişdirilməsinə razı olduqlarını bildirmişlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, X2 doğumu 1 saylı Bakı “ASAN xidmət” X4 tərəfindən xx.xx.2022-ci il tarixdə 4472 saylı akta əsasən qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı1 ilə İddiaçı2 23 avqust 2022-ci il təvəllüdlü övladları X1 «Vəliyev»dən «İlqarlı»ya dəyişdirilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciəti təmin edilməmişdir. Hazırda iddiaçılar cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi qanunazidd olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsini, valideynlərin soyadları müxtəlif olduqda, onların razılığı ilə atanın və ya ananın soyadının verilməsini nəzərdə tutur. Başqa sözlə, qanunverici, dəyişikliyi labüd edən hal olmadığı halda uşağın öz valideynlərinin soyadını daşımalı olduğunu təsbit edir. Hazırkı mübahisədə isə uşağın valideynlərinin hər ikisinin soyadı “Vəliyev” olduğu halda, iddiaçı tərəf uşağın soyadının babasının adına uyğun olaraq “İlqarlı” soyadına dəyişdirilməsini arzulayır. Məhkəmə belə olan halda hesab edir ki, uşağın soyadı valideynlərinin soyadına uyğun olduğundan və soyadın dəyişdirilməsi üçün zərurətin nədən ibarət olması istər inzibati icraat, istərsə də məhkəmə araşdırması zamanı əsaslandırılmadığından və bununla bağlı mötəbər sübutlar təqdim edilmədiyindən cavabdehin imtinası qanunazidd sayılmamalıdır. Başqa sözlə, cavabdeh qurumun imtinası ilə iddiaçıların bu istiqamətdə qanunla qorunan hər hansı hüquqları pozulmamış, uşağın mənafeyinə zidd hərəkət edilməmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı Qərarının 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə iddiaçıların hüquqi marağını nəzərə alaraq bildirir ki, göründüyü kimi, şəxs 18 yaşına çatdıqdan sonra sərbəst iradə ifadəsi ilə adını, soyadını və ata adını dəyişdirmək imkanına malikdir. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, hazırkı tələblə bağlı cavabdehin imtinası qanunsuz olmadığından iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar