Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6191/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat idarəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək 15 noyabr 1975-ci ildə Ermənistan SSRİ, Sisyan rayonunun Sofulu kəndində doğulmağı, ata adı X1, milliyyətcəazərbaycanlı, ana adı X4, milliyyətcə-azərbaycanlı olması barədə Ermənistan SSRİ, Sisyan rayon VVAQ İdarəsində qeydə alınmış 25 noyabr 1975-ci il tarixli 38 nömrəli doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15 noyabr 1975-ci ildə Ermənistan SSRİ, Sisyan rayonunun Sofulu kəndində anadan olub. Bu barədə müvafiq doğum haqqında şəhadətnamə alıb. Ermənistanda qeydə alınmış doğum haqqında akt qeydinin bərpa edilməsi barədə cavabdeh orqana etdiyi müraciətdən əsassız imtina edilmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Doğumu Ermənistan SSRİ-də qeydə alınıb. Bu səbəbdən də doğum akt qeydinin Azərbaycanda bərpa olunmasını istəyir. Bu cür bərpa üçün doğum akt qeydinin bərpasına əsas olan doğum haqqında şəhadətnaməsi var. Hamıya bəlli olan faktdır ki, Azərbaycanla Ermənistan arasında hər hansı rəsmi diplomatik münasibətlər yoxdur. Məhz bu səbəbdən doğum haqqında akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir.
3. Məhkənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı şəhəri Xəzər rayon qeydiyyat idarəsi məhkəmə hazırlıq iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
8. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 09.03.2021-ci il tarixli cavabında bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən qeyd edilmişdir ki, şöbəyə daxil olmuş müraciətin həyata keçirilməsi mümkün deyildir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
9. Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında haqqında şəhadətnamədən görünür ki, İddiaçı 15.11.1975-ci ildə Ermənistan SSRİ-nin Sisyan rayonu Sofulu kəndində anadan olması, atası X1, anası X4, milliyyəti azərbaycanlı olması barədə 25.11.1975-ci ildə 38 nömrə ilə qeydiyyat aparılmış, buna dair Ermənistan SSRİ-nin qeydiyyat idarəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir (doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir).
10. Azərbaycan Respublikası Abşeron rayon icraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən 15.11.1975-ci ildə Ermənistan SSRİ-nin Sisyan rayonu Sofulu kəndində anadan olmuş İddiaçı 15.01.1992-ci il tarixdə sovet vətəndaşının pasportu verilmişdir. Pasportun əsli məhkəmə iclasında tədqiq edilmişdir.
11. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 12.08.1968-ci ildə doğulmuş X2 ilə Ermənistan SSRİ, Sisiyan rayonunda 15.11.1975-ci ildə doğlulmuş İddiaçı arasında bağlanmış nikah Bakı şəhəri Əzizbəyov (hazırda Xəzər) rayon VVAQ şöbəsində 31.05.1996-cı il tarixdə qeydə alınmışdır. Nikahdan sonra arvada “Nəbiyeva” soyadı verilmişdir (Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilmişdir).
12. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 13.02.2021-ci il tarixli ******* nömrəli Qərardan görünür ki, vətəndaşın sorğusuna cavab olaraq 15 noyabr 1975-ci il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
13. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.
14. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
15. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlıdır.
16. İddia mümkündür.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”dan: - 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
19. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir (bax: İİİ. Məhkəmə tərəfindən təqdim edilən sübutlar). Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının 15 noyabr 1975-ci ildə Ermənistan SSRİ, Sisyan rayonunun Sofulu kəndində doğulmağı, ata adı X1, milliyyətcə-azərbaycanlı, ana adı X4, milliyyətcə-azərbaycanlı olması barədə Ermənistan SSRİ, Sisyan rayon qeydiyyat idarəsində qeydə alınmış 25 noyabr 1975-ci il tarixli 38 nömrəli doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 15 noyabr 1975-ci ildə Ermənistan SSRİ, Sisyan rayonunun Sofulu kəndində doğulmağı, ata adı X1, milliyyətcə-azərbaycanlı, ana adı X4, milliyyətcə-azərbaycanlı olması barədə Ermənistan SSRİ, Sisyan rayon qeydiyyat idarəsində qeydə alınmış 25 noyabr 1975-ci il tarixli 38 nömrəli doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat idarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva