Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6192/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1rşı “sığorta haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup Çernobıl əlili olub, sağlamlığına dəyən ziyana görə sığorta haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 oktyabr 1986 - 29 noyabr 1986-cı il tarixləri ərzində Belorus SSR-nin Moqilyov şəhərindəki milis məktəbindən Çernobıl qəzasının nəticələrini aradan qaldırmaqdan ötəri hadisə yerinə ezam edilmişdir. Səhhətində yaranmış problemlər əsasında Xəstəliklərin Səbəbinin və X2 Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə ələqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası xx.xx.2013-cü il tarixli ekspert rəyi ilə xəstliyinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi zamanı almış olduğu şüalanma ilə əlaqələndirilmişdir. xx.xx.2015-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona ömürlük 2-ci qrup Çernobıl əlili statusu vermişdir. Xidməti vəzifələrini yerinə yetirərkən ona ödənilməli olan sığorta haqqı həyata keçirilməmişdir. Sığorta haqqının ödənilməsinə dair müraciətinə cavab olaraq cavabdeh 23 dekabr 2021-ci il tarixli 1513 saylı Fərmana istinad edərək, həmin qanunda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının müstəqiliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan şəxslərə sığorta ödənilməsi şamil edildiyini əsas tutub ona sığorta ödənilməsindən imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı elektron poçt vasitəsilə müraciət edərək, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ömürlük ikinci qrup əlil olduğuna görə orqanizminə dəyən ziyanın sığortasının ödənilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2024cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və bu barədə iddiaçıya xx.xx.2024-cü il məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. İddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar deyil, Çernobıl AES-də qəza ilə əlaqədar olduğundan ona birdəfəlik ödəmənin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan iddiaçıya məxsus əlillik vəsiqəsinə əsasən iddiaçıya X4 Stansiyasınında qəzanın ləğvi ilə əlaqədar hərbi vəzifələrinin icrası zamanı müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 27 dekabr 2012-ci il tarixli, Ə2727ş/h-001-12 nömrəli əmrindən çıxarışdan görünür ki, polis mayoru İddiaçı, DİN-nin nəqliyyatda Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik söbəsinin inspektoru, “istefada olan polis mayoru” sayılmaqla, 28 dekabr 2012-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqına Əsasnamə”yə müvafiq olaraq 135-ci maddənin 1-ci bəndi ilə (öz arzusu ilə) xidmətdən xaric edilmişdir. 25 dekabr 2012-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 32 il, 04 ay, 06 gün, imtiyazlı hesablama ilə - 38 il, 08 ay, 18 gün təşkil edir. İddiaçının müraciətinə cavabdehin 06 noyabr 2024-cü il tarixli imtina məktubunda iddia ərizəsinə yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup Çernobıl əlili olub, sağlamlığına dəyən ziyana görə sığorta haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İddiaçı hazırda məhkəməyə müraciət edərək xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup Çernobıl əlili olub, sağlamlığına dəyən ziyana görə sığorta haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin imtinasının və etirazının dəlili ondan ibarət olmuşdur ki, iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar deyil, Çernobıl AES-də qəza ilə əlaqədar olduğundan ona birdəfəlik ödəmənin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu zaman cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarına istinad etmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il il tarixli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, 1997-ci il avqustun 2dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 1.4. bu Fərmanın 1-ci hissəsində göstərilən kateqoriyadan olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə – vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Fərmanın 1.1–1.3-cü bəndlərində nəzərdə tutulan məbləğdə. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun ç) bəndində sığorta hadisəsi hesab edilən və əsasında sığorta ödənişi verilən hallardan biri kimi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” qeyd edilmişdir. Göründüyü kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun və qeyd edilən Fərman hərbi qulluqçuların sığortası ilə bağlı məsələləri tənzimləyir. Bu baxımdan hərbi qulluqçu anlayışına qanunvericilik baxımından aydınlıq gətirilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Qanunun qeyd edilən müddəasından göründüyü kimi hərbi qulluqçu dedikdə yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan şəxslər başa düşülür. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hərbi qulluqçu deyil, daxili işlər orqanı əməkdaşı olmuşdur. O, xidməti vəzifələri ilə əlaqədar Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və ona bununla bağlı ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı hərbi qulluqçu olmadığından, hazırkı mübahisəyə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunu tətbiq edilə bilməz. Belə ki, hazırkı mübahisəyə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun giriş hissəsində göstərilmişdir ki, bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hüquqi təyinatı nəzərə alınaraq qeyd edilməlidir ki, bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının icbari formada sığortası ilə bağlı münasibətləri tənzimləyir. Qeyd olunan Qanunla qanunverici təhlükəsizliklərinə qarşı qəsdlərə səbəb ola biləcək funksiyaları yerinə yetirən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsini təmin etmək, habelə sosial müdafiələrini gücləndirmək məqsədilə onların icbari qaydada dövlət tərəfindən sığortalanmalı olmasını təsbit etmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda həmçinin gösətrilmişdir ki, sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləridir (2.1.3). Sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir (2.1.5). Sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır (2.1.6). Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir (2.1.9). Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir (4.1). Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz; ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Göründüyü kimi iddiaçı daxili işlər orqanlarının əməkdaşı olmuş və o, xidmət vəzifələrini icra edərək Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işlərində iştirak etmiş və bununla bağlı ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Belə olan halda ona keçmiş hüquq mühafizə orqanı işçisi olaraq “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməklə, həmin Qanunda nəzərdə tutulmuş sığorta haqqı hesablanaraq ödənilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup əlil olması səbəbindən sağlamlığına dəyən ziyana görə sığorta haqqının hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6192/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6192/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver