Məhkəmə qərarları › İş №2-1(112)-6194/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6194/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6194/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X5 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 07.03.2002-15.01.2015-ci illərdə Xüsusi Təyinatlı Təsərrüfat Birliyinin 10 saylı Mənzil Kommunal İstismar sahəsində mühasib vəzifəsində işlədiyini nəzərə alıb ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə anadan olub. 2006-cı ildən 51 yaşında 3 (üç) uşaq anası olması ilə əlaqədar pensiya alır. 07.03.2002-ci ildən 15.01.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil təsərrüfat birliyinin 10 saylı mənzil kommunal istismar sahəsində mühasib vəzifəsində işləyib. Bütün bunlarla əlaqədar bildirir ki, pensiyası hesablanarkən həmin işlədiyi dövr nəzərə alınmayıb. Ona məxsus pensiyanın yenidən hesablanması üçün cavabdeh quruma müraciət edib. Lakin imtina cavabı alıb. Bildirilib ki, 07.03.2002-ci ildən 01.01.2006-cı illər üzrə sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün və 01.01.2006-01.09.2013-cü illər üzrə pensiya kapitalı pensiya altsistemində əks olunmadığı üçün pensiyasının yenidən hesablanması mümkün olmamışdır.

3. 3 saylı Bakı DOST Mərkəzi tərəfindən iddiaçının müraciətinə 17.12.2020-ci il tarixdə verilmiş cavabda bildirilmişdir ki, əmək pensiyasının yenidən hesablanması haqqında ərizəsi baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.

4. İddiaçının əvvəlki müraciətlərinə 24.12.2015-ci və 29.02.2016-cı il tarixlərdə cavab olaraq bildirilmişdir ki, 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən təqdim olunmuş 2013- 2014-cü illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (forma B№) uyğunsuzluq aşkar olunduğu, həmçinin müəssisə tərəfindən təqdim olunmuş 2006-2012-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən vətəndaş İddiaçı fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmadığı üçün həmin dövr üzrə vətəndaşın adına sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı barədə 4 saylı əlavənin verilməsi mümkün olmamışdır.

5. İddiaçının pensiya işindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 12.12.2006-cı il tarixdə yaşa görə pensiya təyin edilmişdir.

6. İddiaçının əmək kitabçasından görünür ki, əmək fəaliyyətinə 19.04.1973-cü ildə başlamış, 07.03.2002-ci ildən 05.01.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsinə mühasib vəzifəsində işləmişdir.

7. İddiaçı tərəfindən məhkəmətə təqdim edilmiş 11.02.2016-cı il tarixli ödəniş tapşırığının kserosurətinə əsasən, “X4 2006-cı ilin noyabrından 2013-cü ilin avqust ayınadək əmək haqqının 3% tutulmasının DSMF-ə köçürülməsi” təyinatı ilə 1 saylı XT MKTB tərəfindən 189,97 manat köçürülmüşdür.

8. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı 2006-cı ildən 3 uşaq anası olması ilə əlaqədar yaşa görə əmək pensiyası alır. O, pensiyasının yenidən hesablanması üçün müraciət etmiş, lakin filial tərəfindən 07.03.2002-ci ildən 05.01.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsinə mühasib vəzifəsində işlədiyi illərə aid sığorta stajını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən pensiyanın yenidən hesablanması mümkün olmamışdır. İddiaçıya hüququnun yarandığı 03.12.2006-cı il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan 07.03.2002-01.01.2006-cı illər üzrə sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün və 01.01.2006-01.09.2013-cü illər üzrə pensiya kapitalı pensiya alt sistemində əks olunmadığı üçün pensiyanın yenidən hesablanması mümkün olmamışdır. Həmçinin daha əvvəl verilmiş imtinaya uyğun olaraq bildirilmişdir ki, “X1 Sistemi”nin “Sığortaolunanların hesabları” bölümündə İddiaçı ödənilmiş məcburi dövlət sığorta haqları yalnız 2013-2015-ci illərdə ödənilmiş və əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmışdır. müəssisə tərəfindən təqdim olunmuş 2006-2012-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən vətəndaş İddiaçı fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat öz əksini tapmadığı üçün həmin dövr üzrə vətəndaşın adına sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı barədə 4 saylı əlavənin verilməsi mümkün olmamışdır.

9. Cavabdeh tərəfindən təqdim edilmiş 16.09.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında akta əsasən, 2 saylı xüsusi təyinatlı MKTB-də İddiaçı 07.03.2002-ci ildən 31.12.2003-cü ilədək fasiləsiz olaraq əmək haqqı alması və həmin əmək haqlarından məcburi dövlət sığorta ayırlmaları tutulmuşdur. 2004-2005-ci illərin əmək haqqı cədvəlləri müəssisədə aşkar edilməmişdir.

10. Cavabdeh tərəfindən daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş xidməti məktuba əsasən, İddiaçı 01.01.2006-cı il tarixinədək 30 il sığorta stajı (1 il 7 ay 4 gün sığorta stajını müəyyən etmək mümkün olmamışdır) nəzərə alınmaqla 03.12.2006-cı il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 17.12.2020-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” müraciətinə əsasən onun 07.03.2002-01.01.2006-cı illər üzrə sığorta stajını müəyyən etmək mümkün olmadığı üçün (zəruri olan əmək haqqı barədə arayış əlavə edilmədiyi üçün), eyni zamanda 01.01.2006-01.09.2013-cü il illər üzrə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün pensiya məbləğinin yenidən hesablanması mümkün olmamışdır. Bildirilmişdir ki, İddiaçı əmək pensiyası 31 il 7 ay 4 gün əmək stajı və fərdi hesabın sığorta hissəsində 01.09.2013-cü il tarixindən sonra qeydə alınmış 73,87 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablansa, onun pensiyasının məbləği 270, 46 manat müəyyən edilər. Hazırda İddiaçı 264,53 manat pensiya ödənilir.

11. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

12. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

15. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

16. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilib. İddiaçının əmək kitabçasında 07.03.2002-ci ildən 05.01.2015-ci ilə qədər xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsinə mühasib vəzifəsində işləməsinə dair müvafiq qeyd var.

19. Cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş 16.09.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında akt, eləcə də daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş 13.09.2021-ci il tarixli xidməti məktub iddiaya yazılı etirazın dəlilləri ilə uyğunsuzluq təşkil edir.

20. Belə ki, 16.09.2021-ci il tarixli qarşılıqlı araşdırma haqqında aktda 07.03.2002-ci ildən 31.12.2003-cü ilədək fasiləsiz olaraq əmək haqqı alması və həmin əmək haqlarından məcburi dövlət sığorta ayırlmaları tutulmuşdur. 2004-2005-ci illərin əmək haqqı cədvəlləri müəssisədə aşkar edilmədiyi bildirilsə də, iddiaya yazılı etirazda 07.03.2002- 01.01.2006-cı illər üzrə sığorta stajını müəyyən etməyin mümkün olmadığı; iddiaya yazılı etirazda təqdim olunan sığortaolunan hesabına əsasən 01.09.2013-05.01.2015-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqının ödəndiyi müəyyən olunsa da, 13.09.2021-ci il tarixli xidməti məktubda bildirilmişdir ki, nəzərə alınmamış 1 il 07 ay 04 gün sığorta stajı (2004-2005-ci illərdə) və fərdi hesabın sığorta hissəsində 01.09.2013cü ildən sonra qeydə alınmış 73,87 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablansa (bu o deməkdir ki, hazırda hesablanmır), onun əmək pensiyasının məbləği 270,46 manat müəyyən edilər. Hazırda İddiaçı 264,53 manat pensiya alır.

21. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

23. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (07.03.2002-01.01.2006) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir.

24. 2006-cı ilin noyabrından 2013-cü ilin avqust ayınadək əmək haqqının 3% tutulmasının DSMF-ə köçürülməsi” təyinatı ilə 11.02.2016-cı il tarixli ödəniş tapşırığına münasibətdə məhkəmə qeyd edir ki, həmin ödəniş tapşırığı kserosurət olmaqla lazımi qaydada məhkəməyə təqdim edilməmişdir. Müəyyən olunur ki, 01.01.2006-01.09.2013-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməyib (yaxud ən yaxşı halda vaxtında ödənməyib). Məhkəmə bunu qeyd edərkən həm də nəzərə alır ki, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənməsinin təmin edilməsi bir mühasib kimi (iddiaçı həmin müəssisədə mühasib vəzifəsində işləmişdir) onun vəzifə funksiyalarına daxildir. Odur ki, məhkəmə iddiaçının həmin hissədə sübutetmə vəzifəsini yerinə yetirdiyi, yəni yenidən hesablamanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyi qənaətinə gəlmir.

25. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

26. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

27. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə əsasən, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti Sığortaolunanın sığorta stajına daxil edilir.

29. 01.09.2013-05.01.2015-ci illər üzrə isə məcburi dövlət sosial sığorta haqları ödənilsə də, daxili araşdırmanın nəticəsi olaraq təqdim edilmiş 13.09.2021-ci il tarixli xidməti məktuba əsasən pensiyanın hesablanması zamanı nəzərə alınmadığı müəyyən olunur.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsinə mühasib vəzifəsində işlədiyi 07.03.2002-01.01.2006 və 01.09.2013- 05.01.2015-ci illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı xüsusi təyinatlı mənzil kommunal təsərrüfat birliyi 10 saylı mənzil kommunal istismar sahəsinə mühasib vəzifəsində işlədiyi 07.03.2002-01.01.2006 və 01.09.2013- 05.01.2015-ci illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar