Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6195/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 47/2-N- 34642 saylı imtinasının əsassız hesab edilərək onun Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1998-ci il tarixdə X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları vardır. Həmin tarixdən yuxarıda göstərilən ünvanda yaşayır. Daimi yaşayış yeri olmuşdur. Tofiq Əliyevlə münasibəti pisləşmişdir. Artıq birlikdə yaşamaları dözülməz hala gəlib çıxmışdır. Buna görə də, X6 iddiaçıya qarşı mənzildə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli 2(009)-2355/2012 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş Bakı şəhəri, Səbail rayonu, (Bibi-Heybət) Salyan şossesi, 2-ci dalan 14A saylı fərdi evinin sahəsi 12,42 kv.m olan iki otağı və həmin otaqların qarşısında sahəsi 8.9 kv.m olan iki ədəd mətbəx və sahəsi 16.0 kv.m olan zal X3, sahəsi 16.0 kv.m olan üç otağı, sahəsi 9.5 kv.m olan mətbəx, sahəsi 12.0 kv.m olan dəhliz, sahəsi 2.25 kv.m olan dəhiz və sahəsi 28.71 kv.m olan açıq eyvan İddiaçı, yəni iddiaçının istifadəsinə verilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə iddiaçının istifadə hüquqları müəyyən edilmişdir. Həmin yaşayış sahəsi iddiaçının daimi yaşayış yeridir. O, hesab edir ki, daimi yaşayış yerində də qeydiyyata alınmalıdır. Ümumiyyətlə, daimi yaşaması MKİS tərəfindən verilmiş arayışla da təsdiq olunur. Cavabdehin imtinası əsassızdır. Çünki cavabdeh orqana məhkəmə qətnaməsi təqdim olunmuş və iddiaçının həmin qətnamədə daimi və daha çox yaşayış yeri olduğu ünvan təsdiq edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı ilə ailə münasibətləri pozulmuşdur, lakin faktiki olaraq hər ikisi sözügedən ünvanda yaşayırlar və həmin ünvanda qeydiyyatda olan yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciəti təmin edilməmiş, ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. -AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 2-ci dalan, ev 14A ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. -Tovuz Rayon İcra Hakimiyyəti başçısının Çatax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Tovuz rayonu, Çatax kəndində qeydiyyatda olan Hüseynova X1 İcra nümayəndəliyində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, Nümayəndəlik ərazisində yaşamır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci dalan ünvanında yerləşən 14A saylı fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. -Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, İddiaçı Səbail rayonu, Salyan yolu dalan 2, özü tikmə 14A ünvanında deyil Səbail rayonu, Salyan yolu, özü tikmə 14 ünvanında hal-hazırda qeydiyyatsız yaşayır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2355/2012 sayı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, X2 İddiaçı qarşı iddia tələbi təmin olunmuş, Bakı şəhəri, Səbail rayonu, (Bibi-Heybət) Salyan şossesi, 2-ci dalan 14A saylı fərdi evinin sahəsi 12,42 kv.m olan iki otağı və həmin otaqların qarşısında sahəsi 8.9 kv.m olan iki ədəd mətbəx və sahəsi 16.0 kv.m olan zal X3, sahəsi 16.0 kv.m olan üç otağı, sahəsi 9.5 kv.m olan mətbəx, sahəsi 12.0 kv.m olan dəhliz, sahəsi 2.25 kv.m olan dəhiz və sahəsi 28.71 kv.m olan açıq eyvan İddiaçı istifadəsinə verilmişdir. -Səbail Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, 2(009)-2355/2012 sayı, xx.xx.2012-ci il tarixli qətnaməsi xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda-bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci bənddə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini vermək hüququ olan şəxsin iradə ifadəsi olduqda. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı qeydiyyata alınmaq istədiyi fərdi yaşayış evinə dair yuxarıda istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən heç birini nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin ev dövlət qeydiyyatına alınmamış, evə rəsmi ünvan verilməmiş və həmin ünvanda yaşayış yeri üzrə hər hansı şəxsin qeydiyyatı aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi Səbailı Rayon Məhkəməsinin 2(009)-2355/2012 sayı, xx.xx.2012-ci il tarixli qətnaməsinə istinad edir. Həmin qətnamə iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş sənəd kimi qəbul edilə bilməz. Çünki sözügedən qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ müəyyən edilməmiş, yalnız münasibətləri pozulmuş və bir yerdə yaşayan ər-arvadın fərdi yaşayış evindən istifadə qaydaları müəyyən edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi isə yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Məhkəmə qətnaməsi ilə bu hüquq tanındığı halda, həmin qətnamə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsas kimi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənəd kimi qiymətləndirilə bilərdi. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı evə qeydiyyata alınmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş zəruri sənədləri təqdim etmədiyindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6195/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6195/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver