Məhkəmə qərarları › İş №2-1(112)-6197/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6197/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6197/2021 28.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat X8 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun hüququnun yarandığı vaxtdan 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Filiala ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin Filialdan ona 08 aprel 2021-ci il tarixli məktubda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edillmişdir. “X6” LTD şirkətinin 01.02.2021-ci il tarixli, 06 saylı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışında onun həmin şirkətdə ümumi iş stajı 35 il 01 ay 14 gün, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 25 il 11 ay 13 gün təşkil edir. İşlədiyi peşə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tağmışdır. Lakin Filial ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edir. Belə olan halda onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının əmək kitabçasının surətində qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 4 ay 22 gün) təşkil edir. Belə olan halda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 295 №-li, 10.02.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı 25.05.1982-ci il tarixdən 25.06.1984-cü il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 25.05.1982-ci ildən 25.06.1984-cü ilə qədər (2 il 1 ay 1 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 №-li, 18.02.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı keçmiş M.Müşviq kolxozunda 1980-cı ildə 292 adam günü, 1981-ci ildə 301 adam günü, 1982-ci ildə 130 adam günü işləyərək əmək haqqı qazanmışdır. - “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 06 №-li, 01.02.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışın surətindən görünür ki, İddiaçı həqiqətən də “Şirvanneft” NQÇİ-də, "xxxx" X4 Müəssisəsində, “X5 Ltd'’ Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işləmişdir. Belə ki, 16.12.1985-ci il tarixli, 112/k saylı əmrlə 17.12.1985-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə işə qəbul edilmişdir. 01.09.1988-ci il tarixli, 95/k saylı əmrlə 01.09.1988-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin 1 №-li neftqazçıxarma sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. 19.07.1995-ci il tarixli, 117/k saylı əmrlə 20.07.1995-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin 2 №-li neftqazçıxarma sexinə 4-cü dərəcəli hazırlıq briqadası operatoru peşəsinə keçirilmişdir. 19.05.1997-cı il tarixli, 83/k saylı əmrlə 19.05.1997-ci il tarixdən “Şirvanneft” NQÇİ-nin 2 №-li neftqazçıxarma sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli, 158 saylı əmri ilə Şirvanneft NQÇİ-si 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" X4 Müəssisə yaradılmışdır. 01.09.1997ci il tarixli, 01/k saylı əmrlə 01.09.1997-ci il tarixdən "xxxx" BMMM-nin 2 №-li neftqazçıxarma sexində 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsində işini davam etdirir. 02.07.2001-ci il tarixli, 96k-a saylı əmrlə 01.07.2001-ci il tarixdən “Şirvan OYL" BMMM-nin Quyuların yeraltı təmiri sexinin 2-ci sahəsinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. 06.06.2002-ci il tarixli, 85k-a saylı əmrlə 06.06.2002-ci il tarixdən "xxxx" BMMM-nin 2 №-li neftqazçıxarma sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmişdir. 29.12.2005-ci il tarixli, 203/k-a saylı əmrlə 28.12.2005-ci il tarixdən "xxxx" BMMM-nin Quyuların əsaslı və yeraltı təmiri sexinin 2-ci sahəsinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə keçirilmiş və 04.10.2009-cu il tarixədək həmin peşədə işləmişdir. Həmin peşələrdə iş stajı 23 il 09 ay 17 gündür. 05.10.2009-cu il tarixli əmək müqaviləsi ilə 05.10.2009-cu il tarixdən “X5 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru peşəsinə işə qəbul edilmiş, 29.11.2011-ci il tarixli, 413/k saylı əmrlə 01.12.2011-ci il tarixdən Texnikitəchizat qrupuna 6-cı dərəcəli yükdaşıyan peşəsinə keçirilmişdir. 16.01.2013-cü il tarixli, 24/k saylı əmrlə 16.01.2013-cü il tarixdən Texniki təzhizat qrupunun adı dəyişdirilərək Anbar təsərrüfatı xidməti adlandırılır. Hal-hazırda (01.02.2021-ci il) həmin peşədə işləyir. Həmin peşələrdə iş stajı 11 il 03 ay 27 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr-quyuların yeraltı təmiri üzrə operatorlar, quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar peşəinə uyğundur. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 09.09.1984-cü ildən 09.12.1985-ci ilədək Əli-Bayramlı Sovxozunda mühafizəçi, 17.12.1985-ci ildən 05.10.2009-cü ilədək “Şirvanneft” NQÇİ-nin 1 №-li neftqazçıxarma sexinə 4-cü dərəcəli yeraltı təmir operatoru vəzifələrində işləmişdir, 05.10.2009-cü ildən hal-hazıradək “X6 Limited” şirkətində 4-cü dərəcəli YAT operatoru vəzifəsində işləyir . - Filial tərəfindən iddiaçının ərizəsinə cavab olaraq ünvanladığı 08.04.2021-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, mərkəzi Filiala təqdim etdiyi 10 dekabr 1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 4 ay 22 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı İddiaçı 01.01.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən az, hərbi xidmət və əmək fəaliyyəti nəzərə alınmaqla 23 il 4 ay 17 gün olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaranmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar