Məhkəmə qərarları › İş №2-1(112)-6198/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6198/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6198/2020 03.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmək haqqından artıq tutulan gəlir vergisinin, dgər tutulmaların və eləcə də, dəymiş maddi və mənəvi zərərin hesablanaraq əvəzinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar İdarəsinin, Maliyyə-Plan İdarəsinin səhlənkarlığı səhvi ucbatından 2001-2020-ci illər ərzində əsassız olaraq əmək haqqından tutulmuş gəlir vergisinin, digər tutulmaların, eləcə də, ona dəymiş maddi və mənəvi zərərin hesablanaraq əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1972-ci il tarixdə Ermənistan SSR, İcevan rayonu, Salah kəndində anadan olmuşdur. 26 dekabr 1990-cı ildən Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq 12 avqust 1996-cı il tarixə kimi Azərbaycan Respublikası ərazisində müxtəlif qoşun növlərinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. Xidməti dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, eləcə də, ölkə daxilində separatçı, dağıdıcı qüvvələrə qarşı aparılan əməliyyatlarda iştirak etmişdir. Bununla əlaqədar, hərbi biletində müvafiq qeydlər aparılmışdır. 12 avqust 1996-cı ildə ordudan tərxis edildikdən və Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığında qeydiyyata düşdükdən sonra Komissarlığın müvafiq göndərişinə əsasən (arayış № 556) Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyində üzv kimi qeydiyyata alınaraq, müvafiq vəsiqə ilə təmin edilməklə verilmiş imtiyazlardan həmin imtiyazlar ləğv edilənə qədər istifadə etmişdir (vəsiqə № 22381). 1998-ci ildə X2 xidmətə qəbul edildikdən sonra həmin imtiyazlardan istifadə etmək üçün vəsiqəsinin surətini Azərbaycan Respublikası Cavabdeh Maliyyə Şöbəsinə təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə 2001-ci ildə edilən dəyişiklə bağlı məlumatsız olduğundan, eləcə də, DİO-da xidmət etməsinə baxmayaraq aidiyyatı xidmət sahəsi tərəfindən məlumatlandırılmadığından müharibə veteranı vəsiqəsi ilə təmin edilməsi ilə bağlı vaxtında aidiyyəti üzrə müraciət etməsi mümkün olmamışdır. Bununla yanaşı, qeyd edir ki, daxili işlər orqanlarında xidmət edən əməkdaşların şəxsi işləri həmin orqanın kadrlar idarə, şöbə, bölmələrində saxlanılır və bu kimi məsələlər həmin orqanlar tərəfindən icra edilir. Yuxarıda qeyd etdiyi kimi, həmin orqan tərəfindən qanunvericilikdə müvafiq dəyişiklik edilməsinə baxmayaraq üzərinə düşən vəzifəsini icra etməyərək şəxsi işində olan hərbi biletində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, eləcə də, ölkə daxilində separatçı, dağıdıcı qüvvələrə qarşı aparılan əməliyyatlarda iştirak etməsi barədə məlumatlar olduğu halda yeni veteran vəsiqəsi ilə təmin edilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Sonradan dəfələrlə aidiyyəti üzrə müvafiq tələb edilən sənədləri təqdim etməklə müharibə veteranı vəsiqəsi ilə təmin edilməsi ilə bağlı Nəqliyyatda Baş Polis İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə müraciət etsə də, yuxarıda qeyd etdiyi məsələlər araşdırılmadan, Azərbaycan Respublikasının suverenliyi və ya ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirakını təsdiq edən sənədləri vaxtında Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq komissiyaya təqdim etmədiyindən, qaldırdığı məsələnin öz müsbət həllini tapmadığını bildirməklə kifayətlənilmiş, (Nəqliyyatda Baş Polis İdarəsinin xx.xx.2004-cü il tarixli, 14/6-1644 nömrəli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2004-cü il tarixli, 23ş-34/2, xx.xx.2005-ci il tarixli, 23/708-Ş-46 məktubları) nəticəsində Azərbaycan Respublikasının müharibə veteranlarına verilən imtiyazlarından istifadə etməkdən kənarda qalmışdır. Daxili İşlər Nazirliyinə ünvanladığı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiqləyən sənədlər də, əlavə edilməklə 17 dekabr 2019-cu il tarixli, 209-8585ş-3119 nömrəli müraicətindən sonra Daxili İşlər Nazirliyi tərəfindən veteranlar üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadəyə dair vəsiqə ilə təmin edilmişdir (vəsiqə № 033768). Qeyd edilən vəsiqəni aldıqdan sonra yuxarıda qeyd edilən və ona məlum olmayan digər səbəblərdən 2001-ci ildən 2020-ci ilin fevral ayına kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və itmiyazlardan istifadə etmək hüququ olduğu halda dəfələrlə yazılı və şifahi şəkildə müraciətləri araşdırılmadan aylıq məvacibindən müxtəlif məbləğlərdə tutulmaların hesablanaraq özünə qaytarılması barədə Cavabdehnə müraciət etməsinə baxmayaraq imtina edilmişdir. Cavabdeh tərəfindən 2001-ci ildən 2020-ci ilin fevral ayına qədər işlədiyi dövr ərzində onun əmək haqqından gəlir vergisi tutulmuş, bu sahədə müharibə veteranlarına tətbiq edilən güzəştlər ona şamil edilməmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər gəlir vergisindən azad olunur. Qeyd olunan güzəşt “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən müharibə veteranı sayılan şəxslərə, o cümlədən Qarabağ müharibəsinin veteranlarına şamil olunur. Onun əsas iş yeri sayılan DİNin Nəqliyyatda Baş Polis İdarəsinin, X3 Polis İdarəsində xidmət etdiyi müddət ərzində dəfələrlə subordinasiya qaydalarına riayət etməklə mütəmadi olaraq aidiyyatı üzrə müraciətlər ünvanlamışdır. Lakin, bütün müraciətlərinə biganə yanaşılmış, qanun üzrə ona şamil edilməli olan güzəştlər tətbiq edilməmiş, veteran vəsiqəsinin verilməsi və bu kimi imtiyazlardan istifadə etməsi üçün heç bir addım atılmamışdır. Yuxarıda qeyd etdiyi kimi, işinə məsuliyyətsiz yanaşan şəxslərin səhlənkarlığından dövlətin və qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan, qayğıdan kənarda qalaraq bu günə kimi Qarabağ müharibəsi iştirakçılarının sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması kimi imtiyazlardan kənarda qalması ilə yanaşı, xidmət etdiyi müddətdə, yəni 2001-2020-ci ilin fevral ayı ərzində əsassız şəkildə əmək haqqından gəlir vergisi tutulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəmə iddia ərizəsinə qarşı etiraz (mülahizə) təqdim edilərək bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi, Azərbaycan Respublikasının “Vergi Məcəlləsi”nin 102.8ci maddəsində əmək haqqından tutulan vergi güzəştləri hüququnun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi gündən yarandığı təsbit edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarına əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Ədliyyə və Fövqəladə Hallar Nazirlikləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı tərəfindən müvafiq qərarla təsdiq edilmiş formada vəsiqənin surəti təqdim edilmədiyindən ona vergi güzəştinin tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə müharibə veteranı adı almış şəxslərə ödənilən təqaüdün alınması üçün isə hazırda xidmətdə olan DİO-nun hərbi qulluqçuları, xüsusi rütbəli əməkdaşları və işləyən mülki işçiləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsinə (qeydiyyatda olduqları ərazi üzrə) müraciət etməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Vətən Müharibəsi Birliyi tərəfindən verilmiş 22381 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olduğuna görə vəsiqə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2004-cü il tarixli, xx.xx.2004-cü il tarixli, 28 sentyabr 2005-ci il tarixli məktubların surətindən görünür ki, onun “Müharibə veteranı” vəsiqəsinin verilməsi barədə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə Respublikanın güc Nazirliklərində yəni, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi orqanlarında işləmiş, işləyən əməkdaşların müharibədə iştirak etmələrinə görə təsdiqedici sənədlər təqdim edilmiş, ümumi siyahılarda göstərilməklə hər bir əməkdaşa müharibə iştirakçısı kimi təsdiqedici sənəd, vəsiqə verilmişdir. Onda isə bu sənəd yoxdur. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı Daxili İşlər nazirinin 1995-ci il 04 dekabr, 630 saylı əmri ilə elan olunmuş müharibədə iştirak edən əməkdaşlara DİN-in vəsiqələri verilmişdir. Onun müharibə iştirakçısı olması haqda məlumat Daxili İşlər Nazirliyinin tərtib etdiyi siyahısında yoxdur, olmamışdır. Beləliklə, o, hərbi əməliyyatlarda iştirakını təsdiq edən sənədləri vaxtında DİN-də fəaliyyət göstərən müvafiq komissiyaya təqdim edilməmişdir. Odur ki, qaldırdığı məsələ öz müsbət həllini tapmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 033768 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən iddiaçının 12 fevral 2020-ci il tarixli raportuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, 14/6-015-752-1220 nömrəli məktubdan görünür ki, onun raportuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulmalarda ona güzəşt veteran vəsiqəsinin Daxili İşlər Nazirliyi tərəfindən verilən gündən tətbiq ediləcəkdir. Eyni zamanda ona ödəniləcək müavinətlə bağlı isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydiyyatda olduğu rayon şöbəsinə və yaxud “Dost” mərkəzinə müraciət etməsi lazımdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən iddiaçının 03 noyabr 2020-ci il tarixli raportuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli, 14/6-015-4868-1220 nömrəli məktubdan görünür ki, onun raportuna cavab olaraq bildirilmişdir ki, ona 1998-ci ilin yanvar ayından 2000-ci ilin yanvar ayınadək 37 manat 75 qəpik (bu məbləğ hazırki AZN dəyərində göstərilmişdir), həmin ilin yanvar ayından iyul ayınadək 35 manat 95 qəpik, iyul ayından 2000-ci ilin sonunadək isə 41 manat 91 qəpik aylıq məvacib hesablanmış və bu məbləğlərdən əlavə gəlir vergisi tutulmamışdır. Lakin, onun veteran vəsiqəsi Daxili İşlər Nazirliyində qeydiyyatdan keçmədiyinə görə 2001-ci ildən başlayaraq aylıq məvacibindən əlavə dəyər vergisinin tutulması təmin olunmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” vəsiqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir. İddiaçı hesab edir ki, ona sözügedən vəsiqənin uzun illərdən sonra, yəni xx.xx.2020-ci il tarixdə verilməsi cavabdehin səhlənkarlığı ucbatından olmuş və bu səbəbdən də, o, vaxtında müharibə veteranlarına verilən güzəşt və imtiyazlardan məhrum olmuş, eləcə də, 2001-ci ildən 2020-ci ilin fevral ayına kimi aylıq məvacibindən qanunsuz tutulmalar olmuşdur. Cavabdehin qənaətinə görə isə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi, Azərbaycan Respublikasının “Vergi Məcələsi”nin 102.8-ci maddəsində əmək haqqından tutulan vergi güzəştləri hüququnun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi gündən yarandığı təsbit edilmişdir. İddiaçı tərəfindən müvafiq vəsiqənin surəti təqdim edilmədiyindən ona vergi güzəştinin tətbiq edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarına uyğun olan “Müharibə veteranı” vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verildiyindən, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdən sonra həyata keçirildiyindən, iddiaçıya xx.xx.2020-ci il tarixdən əvvəl “Vergi Məcəlləsi”nin 102.8-ci maddəsində əmək haqqından tutulan vergi güzəştlərinin edilməsi mümkün deyildir. Bu səbəbdən də, iddiaçının hazırki tələbi əsassızdır. Məhkəmə eləcə də, qeyd edir ki iddiaçının ilk tələbi əsassız olduğundan, hüquqi müqəddaratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər törəmə tələbləri də (maddi və mənəvi zərərin ödənilməsi), belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar