Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6198/2022 08.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı X2, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı X10 (bundan sonra –İddiaçı) xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, onun 15 ildən artıq hərbi qulluqçu kimi xidmət etməsi və yaşayış sahəsinin olmaması nəzərə alınaraq qanunla müəyyən edilmiş yaşayış sahəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/133 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 ildən artıq müddətdə hərbi qulluqçu kimi xidmət etməsi nəzərə alınaraq ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməsinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 4 nəfər ailə üzvü (arvadı X11, uşaqları X12, X9 və X13) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddanın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi xidmətə daxil olmuş və xx.xx.2021-ci il tarixədək müxtəlif vəzifələrdə xidmət etmişdir. 15 iyul 2021-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusuna görə) və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə (hərbi geyim formasını daşıma hüququ verilməklə) müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Səfərbərlik hazırlığı, səfərbərlik və ehtiyatda olan şəxsi heyətin qeydiyyatı şöbəsinin baş zabiti rütbəsindən ehtiyata buraxılmışdır və hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. İddiaçı ümumilikdə 20 ilə yaxın hərbi qulluqçu kimi xidmət etmiş, xidmət etdiyi dövrdə ev (yaşayış sahəsi) ilə təmin edilməmişdir. Hazırda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsi, ev 15, mənzil 25-də kirayə yaşayır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi qanunvericilikdə 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata buraxılmış hərbi qulluqçuların 6 ay müddətində yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi almaq hüququ vardır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən təqdim olunmuş 133 saylı xx.xx.2021-ci il tarixli arayışdan məlum olmuşdur ki, kapitan X10 xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2004-cü il tarixindən xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 011 nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, X10 “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7ci hissəsində göstərilən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu kimi qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. Belə ki, 25 dekabr 1991-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsi aşağıdakı redaksiyada verilmişdi: “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətli xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları göstərilən hərbi qulluqçuların mənzil almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil növbədənkənar verilir.” Qanunun həmin maddəsinin ilk variantında yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş) və ya ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətli xidmət hərbi qulluqçularının daxil edilməsi nəzərdə tutulmuşdu. “Azərbaycan Respublikasının bəzi hərbi qanunlarında dəyişikliklər edilməsi haqqında” 7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Qanununa əsasən həmin Qanunun 12-ci maddəsinin ikinci bəndinə aşağıdakı redaksiyada birinci və ikinci abzaslar əlavə edildi: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar”. Həmçinin həmin Qanunla 12-ci maddəsinin ikinci hissəsinin birinci abzasında “müddətindən artıq xidmət hərbi qulluqçuları” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə əvəz edildi. Bu dəyişikliklə qanunvericiliyə daxil edilmiş müddəaya əsasən 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan hərbi qulluqçuların, yəni hələ də həqiqi hərbi xidmətdə olan şəxslərin yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ təsbit edildi. Daha sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” 6 aprel 2004-cü il tarixli 620-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında "hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra ", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri əlavə edilmiş, bununla da Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzası aşağıdakı redaksiyada verilmişdir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır”. Beləliklə, əgər 7 oktyabr 1997-ci il tarixli qanunla yalnız 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan həqiqi hərbi xidmətdə olan şəxslərin (hərbi qulluqçuların) yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi hüququ müəyyən olunurdusa, 06 aprel 2004-cü il tarixli Qanunla bu hüquq həm də 15 təqvim ili və daha çox xidmət etmiş və yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara da verildi. Beləliklə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun, o cümlədən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. İşdən görünür ki, iddiaçı birinci tələbi ödəyir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 133 nömrəli arayışdan görünür ki, iddiaçı 09 08 1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 011 nömrəli əmri və “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.9-cü maddəsinə (öz arzusu ilə) və "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçının ehtiyata buraxıldığı tarixə 15 ildən artıq hərbi xidmət müddəti olmuşdur. İddiaçının yaşayış sahəsinin olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, hərbi qulluq haqqında qanunvericilik nə yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, nə də həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi və yaşayış sahəsi ilə təmin olunması qaydasını tənzimləyir. Bu hallar Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra –MM): - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdə olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya verilən 187 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X10 həqiqətən həqiqi hərbi xidmətdə olduğu dövrdə dövlət tərəfindən xidməti və daimi mənzillə təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, X2 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Nəsimi Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, mövcud baza-uçot məlumatlarında X6 Nəsimi rayon ərazisində bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması və ya icarəyə verilməsi barədə məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, X2 adına ölkə ərazisi üzrə mülkiyyət və ya digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan 355877 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 və X10 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. 620203 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur, atası X10, anası isə X7r. 537252 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2016-cı ildə anadan olmuşdur, atası X10, anası isə X7r. AA0501906 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X12 xx.xx.2002ci ildə anadan olmuşdur, atası X8r. Məhkəmə iddiaçının ailə üzvləri olan X3, X4, X1 və X5 adlarına Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakın olub-olmaması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu ünvanlamış, həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli **********30 saylı məktubda sorğuda qeyd olunan şəxslərin adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi göstərilmişdir. Beləliklə, işin sadlanan halları ilə iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması müəyyən olunmamışdır. Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən onun öz arzusuna görə ehtiyata buraxılmasına istinad etsə də, məhkəmə bu imtinanı yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edir. Belə ki, bir daha qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsində qanunverici konkret iradəsini ifadə etmiş və hərbi qulluqçunun mənzillə təmin olunmasının tərxis olunma əsasından asılı olmayaraq bütün hərbi qulluqçulara tətbiqinin mümkünlüyünü vurğulamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.2ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materialları ilə iddiaçının 15 ildən artıq xidmət etməsi və yaşayış sahəsinin olmaması tam sübuta yetirildiyindən, cavabdeh bu halı təkzib edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X2 4 nəfər ailə üzvü (arvadı X11, uşaqları X12, X9 və X13) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6198/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6198/2022
08.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver