Məhkəmə qərarları › İş №2-1(112)-6200/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6200/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6200/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “pul tələbi və mənzilin qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək pul tələbi və mənzilin qaytarılması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, onun adına 14.08.2015-ci ildə № 2015/00139-1 istehlak krediti müqaviləsi ilə 17000 (on yeddi min) manat kredit sənədləşdirilib. Sonradan bilib ki, müqavilə 17000 (on yeddi min) ABŞ dolları ilə sənədləşdirib. Bankdan yalnız 13500 (on üç min beş yüz) manat pul alıb, lakin bunun əvəzinə 25200 (iyirmi beş min iki yüz) manat pul ödəyib. Qaradağ rayon məhkəməsinin 2(002)-3465/2017 nömrəli iş üzrə qəbul etdiyi 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə 15.332 ABŞ dolları 09 sent məbləğində kredit borcu, 5.902 ABŞ dolları 25 sent məbləğində faiz və 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 21.284 ABŞ dolları 34 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 1 manat bank xidməti haqqı İddiaçı tutularaq Cavabdeh BOKT ASC-yə ödənilməsi; Tələb üzrə tutmanın İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; Mənzilin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməsi; Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Cavabdeh BOKT ASC-yə ödənilməsi; BOKT-un tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması; Mənzilin satışından əldə edilmiş vəsaitin borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin İddiaçı tutularaq Cavabdeh BOKT ASC-yə ödənilməsi; Mənzil satıldıqdan 1 ay sonra İddiaçı mənzildən çıxarılması qət edilmişdir. Qaradağ rayon məhkəməsinin 2(002)-2971/2018 nömrəli iş üzrə 10.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 2 ünvanından istifadə hüququna xitam verilmişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

II. İddianın mümkünlüyü

4. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

6. Cavabdeh BOKT ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil.

7. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

8. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə tələb mülki xarakterlidir. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə (Qaradağ rayon məhkəməsinə) müraciət etmək və ya Qaradağ rayon məhkəməsinin 2(002)-3465/2017 nömrəli iş üzrə 30.08.2017-ci il tarixli və 2(002)-2971/2018 nömrəli iş üzrə 10.10.2018-ci il tarixli qətnamələrindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair əsaslandırılmış ərizə(lər) ilə birlikdə apelyasiya şikayəti vermək hüququ izah olunsun.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar