Məhkəmə qərarları › İş №2-1(112)-6202/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6202/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6202/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı 3 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə gömrük orqanlarında xidmət illəri nəzərə alınmaqla pensiyaya çıxmışdır. Dövlət Sosial Müdafiə Fonduna göndərilən sənədlərdə ümumi iş stajı 30 il 7 ay göstərilmiş, gömrük orqanlarında xidmət illəri əsas götürülməklə ona 4 dekabr 2018-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 dekabr 2019-cu il tarixli 470 saylı qərarına əsasən aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq 2.406,62 manat olmuşdur. "xxxx" ASC-dən aldığı arayışa əsasən 2020-ci ilin fevral – sentyabr aylarında pensiya kartına stabil olaraq 2.406,62 manat əmək pensiyası köçürülsə də, sonradan 2020-ci ilin oktyabr ayından hazırkı tarixədək əmək pensiyam 190,77 azalmışdır. Bu barədə dəfələrlə yazılı şəkildə etdiyi müraciətlər araşdırılmamış, yalnız bir dəfə «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə istinad edilməklə cavab verilmişdir. Həmin istinada əsasən onun (iddiaçının) əmək pensiyamın məbləğində azalma yox, artım olmalı idi. Belə ki, iddiaçı 8 aprel 2019-cu il tarixdən 8 iyul 2019-cu il tarixədək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsində işləmiş və bu zaman əmək pensiyasının verilməsi dayandırılmış, işlədiyi aylarda DSMF-yə köçürülmüş əlavə vəsaitlər hesabına əmək pensiyasında artım olmuş və 2020-ci ilin sentyabr ayında bu nəzərə alınmışdır. Müraciətdə ona təyin edilən əmək pensiyasının iştirakı ilə yenidən hesablanması, həmçinin pensiyanın 190,77 manat azalmasının səbəbləri barədə məlumat verilməsini xahiş etsə də, hər hansı cavab verilməmişdir. İlkin əmək pensiyası təyin edilərkən səhv olaraq 2017-ci il iyulun 1-dən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunun 20.14.1-ci maddəsinə istinad edilmiş, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla hesablanmışdır. Belə ki, gömrük orqanlarında 20 xidmət ilindən 10 il 7 ay əlavə illərin hesablanmasında yanlışlığa yolverilmişdir. Pensiya təyin edilərkən 10 il 7 ay xidmət illəri bütövlükdə 2 faizə vurulmaqla hesablanılmışdır. Əslində, 10 il 7 ay əlavə xidmət illərindən 1 iyul 2017-ci il tarixdən sonrakı xidmət illəri, yəni 1 il 5 ay xidmət illəri çıxılmaqla əvvəlki xidmət illəri, yəni 9 il 2 ay xidmət illəri 3 faizə, 1 il 5 ay xidmət illəri isə 2 faizə vurulmaqla dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə pensiya təyin edilməli idi. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən sonradan bu səhv aradan qaldırılmış, qeyd olunan Qanun qüvvəyə minənədək dövr üçün 3 faiz əlavələr bərpa olunmuş və pensiya məbləğində artım olmuşdur. 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyam 3 faiz əlavələr yenidən qanunsuz olaraq 2 faizlə əvəz olunduğundan, iddiaçının əmək pensiyasında 190,77 manat məbləğində azalma olmuşdur. Onun əmək pensiyası kartına 2020 – 2021-ci il ərzində köçürülən vəsaitlərlə bağlı məlumat verilməsi üçün "xxxx" ASC-yə 29 mart 2021-ci il tarixdə müraciət olunmuş, 31 mart 2021-ci il tarixli cavab məktubunda 15 yanvar 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək pensiya kartına hər ay 2.215,85 manat olmaqla vəsait köçürüldüyü qeyd olunmuşdur. "xxxx" ASCnin Yasamal rayon filialına etdiyi şifahi müraciət əsasında 2019-cu ilin mart ayından 2021ci ilin mart ayına pensiya kartı üzrə çıxarış verilmiş, 2020-ci ilin fevral – sentyabr aylarında pensiya kartına 2.406,62 manat köçürüldüyü qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanun 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasınin Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyasının hər təqvim ayı üzrə 190,77 manat azalmasının səbəbləri barədə məlumat verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış müraciətlər araşdırılmamışdır. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayı da daxil olmaqla hər ay 190,77 manat olmaqla 1.335,39 manat real ziyan vurulmuşdur. Göstərilənlərə əsaslanaraq, sonuncu bütün artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və 2020-ci ilin oktyabr ayından etibarən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faiz – cəmi 79,83 faiz və sonuncu vəzifə maaşının 850 manat olması əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Ərizədə bildirilir ki, Bakı İnzibati Məhkəməsində qaldırılmış iddiaya dəqiqləşdirmə təqdim olunur. Belə ki, iddia ərizəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna göndərilən sənədlərdə cəmi xidmət müddəti 30 il 7 ay 2 gün göstərilməklə 4 dekabr 2018-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmiş, əmək pensiyası hesablanarkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunun 20.14.1-ci maddəsinə istinad edilmiş, 20 ildən yuxan hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi miqdarında əlavə olunmaqla hesablanmışdır. İddiaçının 12 iyul 2021-ci il tarixli müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 avqust 2021-ci il tarixli **********7 saylı məktubunun 4-cü bəndində təminat xərcliyinin qanunamüvafiq qaydada (50 + 27 + 2 + 0.83 + 79,83 faiz) hesablanıldığı göstərilsə də, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanına istinad etməklə 20 ildən artıq xidmət müddətinin hər ili üçün 2 faiz hesablanıldığı göstərilmişdir. Azərbaycan Respublikasmin Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunan məktubda göstərilənlər Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının Konstitusiyasını deyil, qanun qüvvəli aktı əldə rəhbər tutmaqla pensiya təyin edilməsi və yenidən hesablanılmasında səhvə yol vermişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanun 2017-ci ilin iyulun 1-dən qüvvəyə minmişdir. 01 iyul 2017-ci il tarixinədək 20 ildən yuxarı 9 il 2 ay əlavə xidmət illərimin hər ili 3 faizə vurulmaqla cəmi 27,16 faiz, 1 iyul 2017-ci il tarixindən sonrakı 1 il 5 ay 2 gün əlavə xidmət illəri isə, 2 faizə vurulmaqla cəmi 2.83 faiz – cəmi 29,99 faiz hesablanılmalıdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın yuxarıda qeyd olunan cavab məktubunda 1 yanvar 2020-ci il tarixdən iddiaçının sonuncu xidmət keçdiyi orqan, yəni Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşının 705 manat olduğu qeyd olunsa da, əvvəlki yazılı müraciətlərə məhəl qoyulmamışdır. Belə ki, AR Nazirlər Kabinetinin 10 dekabr 2019-cu il tarixli 470 saylı qərarına əsasən AR Dövlət Gömrük Komitəsinin büdcədən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləği təsdiq edlmişdir – Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsi üçün aylıq 850 manat vəzifə maaşı təsdiq olunmuşdur (705 manat aylıq vəzifə maaşı isə, yuxarıda qeyd olunan qərarla Ərazi Baş Gömrük İdarəsinin tərkibində İdarə rəisinin aylıq vəzifə maaşı təsdiq olunub). İddiaçı Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsindən pensiyaya çıxdığından vəzifə maaşı 850 manat olmaqla pensiya məbləği yenidən hesablanılmalıdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın yuxarıda qeyd olunan cavab məktubunda sonuncu xidmət keçdiyi vəzifə barədə göstərilən səhvlərin aradan qaldırılması üçün əmək kitabçasından çıxarışın notarial qaydada təsdiq olunmuş bir surəti yazılı şəkildə poçtla Mərkəzi Filiala göndərilmişdir, bir nüsxəsi isə məhkəməyə təqdim olunmuşdur. Qeyd olunalara əsasən 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə vurulmaqla cəmi 79,83 faiz, sonuncu vəzifə maaşının 850 manat olduğu əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması, həmçinin əvvəlki illərdə ödənilməli olan, lakin ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə dair iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız olduğundan, rədd edilməlidir. İddiaçı 23 avqust 2021-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında müəyyən edilməklə əmək pensiyası hesablanır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 4 dekabr 2018-ci il tarixli məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 4 dekabr 2018-ci il tarixindən «Əmək pensiyaları haqqında» AR Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 30 il 7 ay 2 gün xidmət müddəti üçün təminat xərcliyinin (2.222,80 manat) 71,17 faizi – 1.581,97 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: 1 iyul 2017-ci il tarixədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 1 iyul 2017-ci il tarixdən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. İddiaçının xidmət etdiyi orqandan 3 dekabr 2018-ci il tarixdə tərxis olunması ilə əlaqədar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsində təqvimi xidmət illəri 28 il 2 ay 10 gün, ali təhsili 2 il 4 ay 22 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 30 il 7 ay 2 gün göstərilmişdir. Bu halda əmək pensiyası 2020-ci ilin yanvar ayında aşağıdakı qaydada hesablanmışdır: 1) Təqvim illəri üzrə (ali təhsil ilə birlikdə) stajından 1 iyul 2017-ci il tarixdən 3 dekabr 2018-ci il tarixədək olan dövr ərzindəki staj (1 il 5 ay 2 gün) çıxılır: 30 il 7 ay 2 gün (təqvim ili) -1 il 5 ay 2 gün = 29 il 2 ay. Bununla da iddiaçının 1 iyul 2017-ci il tarixədək stajı ümumilikdə 29 il 2 ay təşkil edir; 2) 1 iyul 2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün təminat xərcliyinin 50 faizi; - 9 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (9 x 3) təminat xərcliyinin 27 faizi; 3) 1 iyul 2017-ci il tarixdən 3 dekabr 2018-ci il tarixədək dövr (1 il 5 ay 2 gün) üçün isə, - 1 ilə görə təminat xərcliyinin 2 faizi miqdarında; 5 aya görə təminat xərcliyinin 0,83 faizi miqdarında müəyyən edilir. 4) Əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (2.222,80 manat) 79,83 (50 + 27 + 2 + 0,83) faizi – 1.774,46 manat məbləğində hesablanmışdır. 1 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1.850,18 manat hesablanmışdır. 1 yanvar 2020-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 705,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi - 345,60 manat, digər növ əlavəsi -1.601,40 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 2.843,00 manat təşkil etmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmana əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci mgddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (10 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (10 x 2) təminat xərcliyinin 20 faizi; - natamam ildəki iş stajı aylarının sayına (7 ay) mütənasib olaraq təminat xərcliyinin faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,17 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (2.222,80 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı təminat xərcliyi (2.843,00 manat) arasındakı fərq məbləğinin (620,20 manat) 71,17 faizi - 441,40 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1.774,46 manat) üzərinə əlavə olunmaqla 2.215,85 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş dövr üçün hesablanmış 1.907,70 manat fərq məbləğinin 1.526,16 manat hissəsi 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək olan dövr ərzində hər ay 190,77 manat pensiyanın (2.215,85 manat) üzərinə əlavə olmaqla, qalan 381,54 manat hissəsi isə 2020-ci ilin sentyabr ayında pensiyasının (2.215,85 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyasından hər hansı növ tutulma həyata keçirilməmişdir. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. İddiaçının müraciətilə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya cavab verildikdən sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda göstərlənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 133-cü bəndinə görə gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan tələblərinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.14.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 saylı Fərmanı ilə «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası» təsdiq edilmişdir. Həmin Qaydanın 1.1-ci maddəsinə görə bu Qayda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 2.3-cü bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əməkhaqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə – orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Həmin Qaydanın 2.5-ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – AR Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – AR Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir: - (3-cü bənd) bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF-yə təqdim edilir. Göründüyü kimi, İddiaçı iddiası üç tələbdən ibarətdir: - 20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə vurulmaqla cəmi 79,83 faiz əsas götürülməklə əmək pensiyasının yenidən hesablanması; - sonuncu vəzifə maaşının 850 manat olduğu əsas götürülməklə (əvvəlki artımlar nəzərə alınmaqla) əmək pensiyasının yenidən hesablanması; - əmək pensiyasının yenidən hesablanması üzrə keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi. Məhkəmənin qənaəti belədir ki, iddiaçının birinci tələbi əsassızdır. Bu qənaət ondan irəli gəlir ki, hazırkı iddiaçıya əmək pensiyası gömrük orqanlarının vəzifəli şəxsi kimi təyin edilmişdir. Mövcud qanunvericilik normaları gömrük orqanlarının vəzifəli şəxslərinə (rəsi və sıravi heyəti) hərbi qulluqçular kimi pensiya təminatını onların qulluq etdiyi orqanlarda xidmətdən buraxıldığı günə aldıqları vəzifə maaşı və digər müvafiq əlavələrlə müəyyən edilən təminat xərcliyi ilə müəyyən olunan məbləğlə şərtləndirir və həmin vəzifə maaşı və əlavələr aidiyyəti qurum tərəfindən DSMF orqanına təqdim olunmuş “məlumat vərəqəsi”ndə əksini tapır. Məhkəmə birinci tələbə münasibətdə qeyd edir ki, ona müvafiq (20 ildən artıq) xidmət illərinə görə əlavələrin hansı həddə, yəni 2 faiz və ya 3 faiz olması xidmət etdiyi orqan tərəfindən onun barəsində tərtib edilmiş “məlumat vərəqəsi”ndə əks olunduğu halda, əmək pensiyasında nəzərə alına bilər. Lakin işin hallarına görə (bunu iddiaçı da təkzib etmir) həmin əlavələr “məlumat vərəqəsi”ndə göstərilməmişdir. Digər tərəfdən, iddiaçının arzuladığı əlavə həddi, yəni “20 ildən artıq 9 il 2 ay əlavə xidmət illərinin hər ili 3 faizə vurulmaqla cəmi 79,83 faiz əsas götürülməklə” əsas götürülməklə hesablanma, müvafiq tarixdə qüvvədə olan pensiya qanunvericiliyinin müddəalarına uyğun deyil. Müvafiq əmək stajını tam toplamış şəxslərə əmək pensiyasının əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi «Əmək pensiyaları haqqında» AR Qanununun yalnız 9.8-ci maddəsində nəzərdə tutulmuşdur və iddiaçı həmin müddəada göstərilən şəxslərin sırasına daxil deyil. İddiaçıya əmək pensiyası 3 dekabr 2018-ci il tarixdə, yəni 1 iyul 2017-ci il tarixdən sonrakı dövrdə təyin edilmişdir İddiaçının ikinci tələbinə gəldikdə isə, məlumdur ki, gömrük orqanlarının vəzifəli şəxsi kimi onun təminat xərcliyində vəzifə maaşı nəzərə alınan elementdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin 15 oktyabr 2021-ci il tarixli 1000-240/240- 24/015882 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 25 avqust 2018-ci il tarixdən 2 dekabr 2018-ci il tarixədək Cənub Ərazi Baş İdarəsinin rəis müavini vəzifəsində işləmiş və 283 manat olmuşdur. Hal-hazırda Cənub Ərazi Baş İdarəsinin rəis müavininin vəzifə maaşı 850 manat təşkil edir. Belə olan halda, iddiaçıya əmək pensiyası onun xidmətdən buraxıldığı günə aldığı vəzifə maaşının artımla həddi qismində “850 manat” əsas götürülməklə yenidən hesablanmalıdır. Odur ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. İddianın üçüncü tələbi əmək pensiyasının yenidən hesablanması üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsidir ki, belə hal, yəni yenidən hesablanma halı yarandıqda, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq, 3 il əvvəlki dövr üzrə ödənilməmiş məbləğ müvafiq qaydada ödənilməlidir. Odur ki, iddiadakı bu tələb qismən, yəni pensiyanın vəzifə maaşı 850 manat nəzərə alınmaqla yenidən hesablanması ilə yaranan fərqin ödənilməsi hissəsində əsaslıdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qismən qanuna zidd sayılmalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı sonuncu aldığı 850 manat vəzifə maaşı (əvvəlki artımlar nəzərə alınmaqla) əsas götürülməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması üzrə keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı sonuncu aldığı 850 manat vəzifə maaşı (əvvəlki artımlar nəzərə alınmaqla) əsas götürülməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının yenidən hesablanması üzrə keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar