Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6203/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququmun yarandığı 15 oktyabr 2022-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yamnda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 57 yaşının tamam olduğu 15 oktyabr 2022-ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 29 dekabr 2022-ci il tarixli **********3 nömrəli məktubla iddiaçının xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər topladığım ümumi is stajı staj 25 ildən az təşkil edir və eyni səbəblə qanunvericilivin tələbləri baxımından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı xx xxxxxxx 1965-ci ildə Bakı şəhərində doğulmuşam və hal-hazırda ünvan 1 ünvanında yaşayır. Natamam orta təhsilin bitirdikdən sonra 01 sentyabr 1981-17 iyul 1984-cü ildə Bakı şəhəri 16 nömrəli orta texniki peşə məktəbində əyani təhsil almışdır. 30 iyul 1984-18 oktyabr 1984-cü ildə RSFSR-də Baş Şimal Qərb Tikinti Trestinin Tikinti Konstruksiyaları Kombinatında elektrik qaynaqçısı işləmişdir. 03 yanvar 1985-08 aprel 1985-ci il tarixlərində Bakı Dəniz Limanında elektrik qaynaqçısı işləmişdir. 15 aprel 1985-05 may 1987-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 23 iyun 1987-ci ildə təkrarən Bakı Dəniz Limanında elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir və 08 iyul 2004-cü il tarixinə kimi həmin vəzifədə orada çalışmışdır. 05 oktyabr 2004- 30 mart 2006-cı il tarixində X4 LTD şirkətində elektrik qaynaqçısı işləmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, əmək kitabçasındakı qeydlərə əsasən 20 il 9 ay 25 gün ümumi (həmin qədər də elektrik qaynaqçısı vəzifəsində topladığı güzəştli iş stajı) iş stajı (həqiqi hərbi xidmət də daxil olmaqla) öz əksini tapmışdır. Əlavə olaraq, iddiaçı 01 sentyabr 1981-17 iyul 1984-cü il tarixində Bakı şəhər 16 nömrəli orta texniki peşə məktəbində əyani təhsil almışdır ki, həmin dövrü də qeyd edilən stajın üzərinə topladıqda, ümumilikdə, 23 il 8 ay 10 günlük staj ortaya çıxır. Hazırki iddia üzrə mübahisə doğuran yeganə məsələ isə, iddiaçının 15 avqust 1993-12 may 1994-cü (atəşkəsə qədər) tarixləri arasında döyüş bölgəsində xidmət dövrünün güzəştli şərtlərlə hesablanmasındadır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinin -Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir-müddəasına əsasən, 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən, iş stajının hesablanmasında güzəştlər maddəsinin birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının 01 sentyabr 2005-ci il tarixindən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə iddiaçının ümumi iş stajının 25 ildən az olması qənaətinə gəlmişdir. Halbuki, cavabdeh, iddiaçı 15 avqust 1993-12 may 1994-cü il tarixlərində döyüş bölgəsində olduğu müddətin ümumi iş stajına üçqat ölçüdə daxil edildiyi dövrdə bu hüququ qazandığım üçün məhz 01 sentyabr 2005-ci il tarixinə kimi qüvvədə olmuş tələblərə uyğun staj hesablanması aparmalı idi. Cavabdehin imtina məktundan aydın olur ki, o; -güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ən azı 12 il 6 aylıq iş stajımın olmasını mübahisələndirmir; -pensiya kapitalı ilə bağlı heç bir iradı yoxdur; -özünün qəbul etdiyi ümumi iş stajının (cavabdehin mülahizəsinə görə - 24 il 4 ay 17 günlük) olmasını qəbul edir, bu stajı onun ilkin sübutetmə yükü çərçivəsində sübut etdiyini qəbul edir. Yuxanda sadalanan bu hallar işin mübahisələndirilməyən halları kimi qəbul edilməlidir. Hazırki iddiada mübahisələndirilən yeganə məsələ-döyüş bölgəsində aktiv döyüşlər gedən dövrdə əmək stajının güzəştli şərtlərlə hesablanmasında qanunvericilik tələblərinə cavabdehin qeyri-hüquqi və qeyri-qanuni olaraq fərqli yanaşmasıdır.
3. Güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007- ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (21 il 6 ay 17 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il (döyüşən ordunun tərkibində olduğunuz dövr ikiqat ölçüdə), xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala 1981-1984-cü illər ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, həmin illəri iş stajınıza daxil etmək mümkün olmamışdır. Eyni zamanda, təhsil aldığı müddətin əyani olması barədə sənədi təqdim etdiyi təqdirdə belə sizin ümumi stajın 25 ildən az (24 il 4 ay 17 gün) təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 15 oktyabr 2022-ci il tarixdən 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı haqlı olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından etmişdir. İmtinanın əsası odur ki, İddiaçı “Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlərdən biri - Bu qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) 25 il sosial sığorta stajı mövcud deyildir. İddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən, 01 yanvar 2006-cı il tarixədək ümumi sosial sığorta stajı aşağıdakı kimidir: xx.xx.1984 – xx.xx.1984; xx.xx.1985 – xx.xx.1985; xx.xx.1985 – xx.xx.1987; xx.xx.1987 – xx.xx.1993; xx.xx.1993 – xx.xx.1994 (döyüşən ordunun tərkibində olduğu üçün ikiqat ölçüdə); xx.xx.1994 – xx.xx.2004; xx.xx.2004 – xx.xx.2005. Cəmi 21 il 6 ay 17 gün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir. İddiaçı 1981-1984-cü illər ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edilməmişdir. Bu səbəbdən də, həmin illəri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda, təhsil aldığı müddətin əyani olması barədə sənədi təqdim etdiyi təqdirdə belə İddiaçı ümumi stajı 25 ildən az (24 il 4 ay 17 gün) təşkil edəcəkdir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
5. “X5 Ltd.” Şirkətində xx.xx.2007-ci il tarixli arayışa əsasən X3 xx.xx.2004-cü il tarixindən 30.03.06-cı il tarixinədək Argon Qaynaqçısı vəzifəsi üzrə çalışıb.
6. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli İRD 108 nömrəli arayışda qeyd edilir ki, o həqiqətən xx.xx.1985-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 9/n saylı əmrə əsasən Liman emalatxanasına əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və çalışdığı dövr ərzində aşağıdakı vəzifələrdə çalışmışdır: 1) 550/л saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin-nin 36-cı maddəsinin 3-cü hissəsinə əsasən xitam verilib. 2) 13.04.1985-ci ildən xx.xx.1987-ci ilə qədər hərbi xidmətdə olmuşdur. 3) xx.xx.1987-ci ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 1161/n tarixli əmrə əsasən Liman emalatxanasına 4-cü dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir; 4) 530/л saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən 4-cü dərəcəli elektrik qazqaynaqçısı vəzifəsinə keçirilmişdir; 5) 1435/n saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən 5-ci dərəcəli elektrik qazqaynaqçısı vəzifəsinə keçirilmişdir; 6) 83/л saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən 6-cı dərəcəli elektrik qazqaynaqçısı vəzifəsinə keçirilmişdir; 7) 493/ш saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Azərbaycan Milli Ordu qüvvələrinə çağırıldığı üçün Azərbaycan Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 67 N-li qərarına əsasən orta əmək haqqı ödənilsin; 8) 22/ш saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci ildən xx.xx.1995-cü ilədək Azərbaycan Milli Ordu qüvvələrində iştirakı üçün Azərbaycan Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 67 N-li qərarına əsasən orta əmək haqqı ödənilsin; 9) 171 /ш saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək hərbi təlim toplanışında olduğu üçün Azərbaycan Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 67 N-li qərarına əsasən orta əmək haqqı ödənilsin; 10) 235/ш saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək təlim toplanışında olduğu üçün Azərbaycan Nazirlər Kabinetinin xx.xx.1994cü il tarixli 67 N-li qərarına əsasən orta əmək haqqı ödənilsin; 11) 308/ш saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək Milli Orduda hərbi xidmətdə olmuşdur. xx.xx.1995-ci ildən hərbi xidmətdən qayıdıb öz iş yerində hesab edilsin; 12) 12.39/n saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası ƏM- nin 69cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilib. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında 35 saylı bölməsində əlavə edilən “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” qeydlərinə görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ümumi iş stajı 15 il 3 ay 21 gün təşkil edir. Liman üzrə ümumi iş stajı 19 il 4 ay 5 gün təşkil edir.
7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 411 nömrəli arayışda qeyd edilir ki, 1965-ci təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədədk keçmiş SSR-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixində 16 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Əl ilə elektrik qaynaqçısı, qaz qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış D № 410055 nömrəli diplom Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
4. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi.
5. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
11. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
12. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
13. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
15. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
17. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
18. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
19. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür.
20. İddiaçının mübahisələndirilməyən ümumi stajı 21 il 6 ay 17 gündür.
21. İddiaçının əyani olaraq peşə təhsili aldığı müddət nəzərə alınmamış və döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi müddət ikiqat ölçüdə nəzərə alınmışdır.
22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.;
23. Beləliklə, məhkəmə müəyyən edir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdim etdiyi arayışa əsasən xx.xx.1981-ci il tarixində 16 nömrəli Bakı Texniki Peşə Məktəbini “Əl ilə elektrik qaynaqçısı, qaz qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixində həmin ixtisası əyani bitirmişdir.
24. Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsinin 1ci hissəsinin ikinci abzasına uyğun olaraq ikiqat ölçüdə hesablanmışdır.
25. Lakin məhkəmə qeyd edir ki, 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə;
26. Odur ki, məhkəmə hesab edir ki, döyüş əməliyyatları dövründə (yəni xx.xx.1994-cü ilə qədər) iddiaçının xidmət etdiyi dövr o zaman qüvvədə olan (xx.xx.2005-ci il tarixə qədər) qanunvericiliyin tələbinə uyğun olaraq üçqat ölçüdə nəzərə alınmalı və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər olan dövr (8 ay 25 gün) üçqat ölçüdə nəzərə alınmalıdır.
27. Odur ki, iddiaçının əyani təhsil aldığı müddət və döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi dövr üçqat hesablandıqda ümumi stajl ən azı 25 il təşkil edir.
28. İddiaçının əmək şəraiti ağır və zərərli işlərdə stajı mübahisələndirilmir.
29. İddiaçının peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXXİİİ bölməsində. (Ümumi peşələr) kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları (kod 23200000—19756) uyğun olmaqla əmək şəraiti ağır və zərərli işlərdə stajı ən azı 12 il 6 aydır. Qeyd edilən hal iş yerindən verilən güzəştli arayışlarla təsdiq edilmişdir.
30. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
31. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
33. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmış, xx.xx.2022-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, lakin hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.
34. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2022-ci tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva