Məhkəmə qərarları › İş №2-1(112)-6206/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6206/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6206/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı “veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı “Qarabağ veteranı adı və vəsiqənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nəsimi Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, xx.xx.1989-cu ildən xx.xx.N1-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Daha sonra torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Qubadlı rayonunda yerləşən N №-li hərbi hissədə könüllü olaraq xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilə kimi döyüşlərdə iştirak etmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan imtina vermişdir. Cavabdeh orqan tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Çünki Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 71-ci maddəsinə görə insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. N2-ci ildə Qarabağ əlilləri və Veteranlar haqqında Qanuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş bütün şəxslərə sosial imtiyazlar (veteran vəsiqələri, avtomobil, əlillik, evlər və s.) aid edilir. Belə ki, dövlət başçısının bu istiqamətdə müvafiq Fərman və Sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Başqa sözlə, dövlət tərəfindən xüsusi qayğı ilə ehtiyacı olan insanlann sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış 2/2-/2s37 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N8 nömrəli arayışına əsasən xx.xx.N2-xx.xx.N2-ci, iyul-oktyabr N2ci il tarixlərdə xidmət barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İİ Mərkəzi Arxivinin N8 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmək üçün müqavilə şərtlərini qəbul etmiş İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 44 №-li əmrilə (əsas: § 11, səh 29, sıra 11, əmrdə hərbi rütbəsi göstərilməyib) batalyona əsgər qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N2-xx.xx.N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin iyul-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İİ Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş N8 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmək üçün müqavilə şərtlərini qəbul etmiş İddiaçı 810(706) №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 44 №-li əmrilə (əsas: §-11, səh- 29, sıra-11) batalyona əsgər qəbul edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 810(706) №-li hərbi hissə komandirinin xx.xx.N2-xx.xx.N2-ci il, N () №-li hərbi hissə komandirinin avqust-oktyaor N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Azərbaycan Vətən Müharibəsi X1 rayon şöbəsi tərəfindən təqdim edilmiş 23 saylı xx.xx.N9-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N4-cü il tarixli “Veteranlar” haqqında Qanunun 3-cü maddəsinə, Azərbaycan Respublikası xx.xx.N5-ci il tarixli “Veteranlar” haqqında qanun əlavələr əsasən müharibə veteranı sayılır. Müvafiq qanunlara əsasən o, telefon çəkilməsi, telefon, su, qaz, elektrik enerjisindən istifadə, qazancları üzrə gəlir vergisini ödəməkdən və digər kommunal xərclərdən 100% azaddır. Azərbaycan Respublikasının İİİ Müdafiə Nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış 2/2 10100 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın icraatına qəbul edilmişdir. Müvafiq sorğulara cavablar alındıqdan sonra məsələyə baxılaraq müvafiq qərar qəbul olunacaqdır. Bu haqda əlavə məlumat veriləcəkdir. İddiaçı tərəfindən ona dair H3 seriyalı ******* saylı noyabr 1989-cu il tarixli hərbi biletin kserosurəti təqdim edilmişdir. Məhkəmənin dəftərxana işçiləri böyük mütəxəssis S.S.Məhərrəmli, məsləhətçikompüter proqramçısı F.M.Gözəlova və kargüzar T.M.Əsədova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt ilə təsdiq edilmişdir ki, İddiaçı tərəfindən məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsinin qoşma hissəsində göstərilmiş sənədlər siyahısında hərbi biletin təsdiqlənmiş surəti aşkar edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək cavabdeh qismində Müdafiə Nazirliyi göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmə iddianın mümkünlüyü məsələsinə baxa bilər. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya 10 gün müddət müəyyən olunmuş, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmiş, hüquqi yardım məktubu xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Lakin məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iddia ərizəsindəki çatışmazlıq iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbinin lazımi qaydada qaldırılmaması nəticəsində mümkün sayılmaması həmin hüququn məhdudlaşdırılması üçün legitim əsasdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar